Dalana dirənənən SƏRHƏD MƏSƏLƏSİ... - GƏLİŞMƏ

11-05-2022, 08:42           
Dalana dirənənən SƏRHƏD MƏSƏLƏSİ... - GƏLİŞMƏ
Rəsmi Bakı sərhədlərin delimitasiyası ilə əlaqədar komissiyanın tərkibi ilə bağlı Ermənistana təkliflər verib. Bu barədə Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib. Nazir qeyd edib ki, aprelin 6-da Brüsseldə əldə olunan razılıqlardan biri sərhədlərin delimitasiyasının həyata keçirilməsi ilə bağlı komissiyanın yaradılması idi: “Ermənistanın xarici işlər naziri ilə iki dəfə telefon danışığım olub. Komissiyanın tərkibi ilə bağlı təkliflərimizi vermişik. Təklifimiz ondan ibarət olub ki, komissiya fərqli formatda təşkil edilməli, rəhbərlik yüksək səviyyədə olmalıdır. Azərbaycan tərəfinin təklifi Azərbaycan tərəfindən komissiyaya rəhbərlik edən şəxsin baş nazirin müavini səviyyəsində olması idi”. C.Bayramov qeyd edib ki, ilk telefon danışığı zamanı Ermənistan xarici işlər naziri bunu anlayışla qəbul edib: “Ermənistan tərəfi belə bir təklifin onlar üçün məqbul olduğunu deyib. Komissiyanın tərkibi barədə tərəflərin razılığı mövcuddur. Ancaq qeyd etdiyimiz kimi hələ ki, ilk iclas keçirilməyib”. Teref.az-ın məlumatına görə, XİN rəhbərinin açıqlamasını “Şərq”ə təhlil edən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, Ermənistanla sərhədlərin demarkasiya və delimitasiyası ən aktual və təxirəsalınmaz məsələdir. Partiya təmsilçisinə görə, Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün sərhədlərin müəyyənləşməsi vacib şərtdir:

“Ermənistanı çıxmaq şərti ilə qonşu ölkələrlə sərhəd problemini həll etmiş durumdayıq. Qonşu Gürcüstan Rusiyanın Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanıması səbəbindən indiyə qədər əldə olunmuş razılaşmaları pozmaq məcburiyyətində qalıb. Ermənistanla delimitasiya prosedurunun çətin dövrü arxada qalıb. Ancaq problemlər qalmaqdadır. İlkin razılaşmalarda Azərbaycan tərəfi xeyli güzəştlərə getmişdi.

Hətta sərhədlərin müəyyən edilməsi üçün sonuncu sovet xəritəsini əsas götürməyi də qəbul etmişdi. Lakin erməni cəmiyyətində revanşist qüvvələr hər vəchlə prosesə mane olmağa çalışdılar. Ondan sonra Azərbaycanın da mövqeyində sərtləşmə görünməyə başlandı. Bu yaxınlarda Prezident İlham Əliyev sərhədlərin delimitasiyasında 1918-ci ilin xəritələrinin əsas götürülə bilinəcəyini vurğuladı.

Ona görə də rəsmi Bakı sərhəd komissiyalarında yüksək çinli məmurların təmsil olunmasını tələb edir. Əgər komissiya rəhbərliyində baş nazirin müavini olarsa, proses daha sürətli gedər və müəyyən nəticələr əldə olunar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.