Ekspertdən SOS: Bakı boşaldılmalıdır!
12-05-2022, 00:04

Azərbaycanda geniş yayılmış miflər arasında ölkədə maşın sayı çox olduğuna görə tıxac yaranır, maşın əlindən tərpənmək olmur fikri hökm sürür. Bu isə yanlış təsəvvürdür, problem maşın sayında yox, qeyri-effektiv idarəetmə sistemində, şəhərin infrastrukturunun zəlil günə qoyulmasındadır.
Yenipress.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, 2020-ci ilin məlumatlarına əsasən, Azərbaycanda hər 1000 nəfərə 126 avtomobil düşür:
“Bu göstəriciyə görə, Qafqazda ən az, keçmiş “SSRİ” respublikaları arasında isə 12-ci yerdəyik. Ölkə avtomobil parkının 60%-i 20 yaş və daha köhnə maşınlardır, bu isə qəzalar zamanı ölüm və yaralanma hallarını artırır, köhnə maşınlar ekologiyaya da ciddi zərər vurur. Hökumət isə gömrük rüsumları və vergiləri kəllə-çarxda saxlayaraq ölkəyə yeni, müasir, təhlükəsiz, ekoloji az zərərli maşınların gətirilməsinə mane olur. Səbəb olaraq isə ölkədə maşının çox olmasını gətirirlər”.
“Şəhərin baş planı olmadan ətrafı tikinti meydançasına çevirdilər, neft pulunu betona gömdülər, şəhər infrastrukturunu plansız pis günə qoydular, küçələr dar, körpülər mənasız, alt keçidlər az. Bütün bunlar isə tıxaclara, sıxlığı yaradan əsas səbəblərdir. Gürcüstana çatmaq üçün bizdə indikindən 2,5 dəfə çox maşın olmalıdır, belə infrastrukturla maşın sayı hər 1000 nəfərə 300 avtomobil olarsa, Bakı sadəcə maşın sürülməsi mümkün olmayan şəhərə çevriləcək. Çıxış yollarından biri şəhərin boşaldılmasıdır.Universitetlər, bəzi nazirliklər, Dövlət İdarələri, Ali Məhkəmə, Konstitutsiya Məhkəməsi Bakıdan regionlara, əsasən də işğaldan azad edilmiş bölgələrimizə köçürülməlidir. Digər çıxış yolu isə Bakı Böyük Şəhər Bələdiyyəsinin və seçkili Mer institutunun təsisi, məsuliyyətin və səlahiyyətin təyin edilmişlərdən alınıb seçilmişlərə verilməsidir”, - N.Cəfərov bildirib.