“Rusiya iqtisadiyyatı ilin sonunadək çökəcək”... - "Bloomberg"

12-05-2022, 10:13           
“Rusiya iqtisadiyyatı ilin sonunadək çökəcək”... - "Bloomberg"
Ukraynaya hücumdan sonra dünya ölkələri tərəfindən görünməmiş sanksiyalara məruz qalan Rusiya iqtisadiyyatının durumu barədə yerli və beynəlxalq mərkəzlər tərəfindən müxtəlif proqnozlar irəli sürülür. Belə proqnozlardan biri barədə “Bloomberg” agentliyi məlumat yayıb. Agentliyin Rusiya Maliyyə Nazirliyindəki daxili qaynaqlara əsasən yaydığı məlumatda qeyd olunur ki, ölkə iqtisadiyyatı ilin sonunadək çökə bilər. Həmin mənbələrin proqnozuna əsasən, Rusiya Maliyyə Nazirliyi Qərbin sanksiyalarının güclənməsi fonunda ölkə iqtisadiyyatında son 30 ildə ən dərin eniş olacağı qənaətindədir. Mənbələr qeyd edib ki, Maliyyə Nazirliyi 2022-ci ildə Rusiyanın ümumi daxili məhsulunun 12 faiz azalacağını gözləyir. Bu halda, göstərici 1994-cü ildəki 12,6 faizlik çöküşdən bəri ən ciddi geriləmə olacaq. Agentliyin həmsöhbətlərindən biri qeyd edib ki, Maliyyə Nazirliyinin proqnozu özünü doğrultsa, bu, Rusiyanın son on ildə bütün iqtisadi uğurlarını sırıflayacaq.

Maraqlıdır ki, Rusiya Maliyyə Nazirliyi Bloomberg-in məlumatını təkzib edən açıqlama ilə çıxış edib. Nazirlik bəyan edib ki, 12 faizlik iqtisadi geriləmə proqnozu barədə Bloomberg-in yaydığı məlumat həqiqətəuyğun deyil: “Rəsmi makroiqtisadi proqnozlar hazırlamaq Maliyyə Nazirliyinin səlahiyyətlərinə daxil deyil”. Nazirlik həmçinin Rusiya Mərkəz Bankı və hökumətin fəaliyyəti nəticəsində genişmiqyaslı sanksiyaların iqtisadiyyata mənfi təsirlərinin qarşısının alınacağına inandıqlarını bəyan edib.

Qeyd edək ki, əslində Rusiya iqtisadiyyatında 12 faizlik azalma mümkün variantlar arasında yumşaqlardan biri hesab olunur. Rusiya Mərkəzi Bankı aprelin sonunda 2022-ci ildə ölkə ÜDM-nin 8-10 faiz azalacağını, bu prosesin 2023-cü ildə də 0-3 faiz səviyyəsində davam edəcəyinə dair proqnozlarını açıqlayıb. Mərkəz Bankı hesab edir ki, Rusiya iqtisadiyyatında artım yalnız 2 ildən sonra 2,5-3,5 faiz səviyyəsində mümkün olacaq. Qurum bu trendi istehsaldakı fasilələr, idxalın azalması, həmçinin daşıma zəncirinin pozulması ilə əsaslandırır.

Lakin elə həmin günlərdə “Vedomosti” nəşri İqtisadi İnkişaf Nazirliyinin ÜDM-in 2022-ci ildə 8,8 faizlik azalmasına dair qeyri-rəsmi proqnozunu dərc edib. Bu zaman nazirlik 2023-cü ildə 1,3 faizlik ÜDM artımı gözləyir.

İİN-in daha mühafizəkar yanaşmasına əsasən cari ildə ölkə iqtisadiyyatı 12,4 faizədək kiçilə bilər. Rusiya Hesablama Palatasının sədri Aleksey Kudrinin aprelin əvvəlində açıqladığı məlumatda bildirilir ki, bu il üçün hökumətin gözləntiləri ÜDM-in 10 faizdən çox azalması istiqamətindədir: “Hazırda Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi bu il üzrə ÜDM-in azalma prosesini qiymətləndirirlər. Şübhəsiz ki, azalma 10 faizdən yuxarı olacaq”.

Rəsmi statistikaya əsasən cari ilin yanvarında 5,8 faiz, fevralında 4,3 faiz artan Rusiya ÜDM-i mart ayında illik ifadədə cəmi 1,6 faiz böyüyüb. Nəticədə cari ilin birinci rübünün iqtisadi artımı illik 3,7 faiz səviyyəsində qiymətləndirilir. Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına əsasən, iqtisadiyyatın baza sektorları arasında ÜDM-in artım tempinin azalmasına əsas töhfəni sənaye istehsalı verib ki, onun da mart ayında artım tempi fevralda 6,3 faizdən sonra illik ifadədə 3 faizə düşüb.

Beynəlxalq mərkəzlərin Rusiya iqtisadiyyatının sanksiyalardan təsirlənmə səviyyəsi barədə gözləntiləri xeyli fərqlidir. S&P Global Market Intelligence analitikləri hesab edirlər ki, sanksiyaları təsirlərindən çıxaraq iqtisadiyyatı 2021-ci il səviyyəsinə çatdırmaq üçün Rusiyaya 10 il vaxt lazım gələcək. Onların hesablamalarına əsasən cari ildə Rusiyada 11,1 faizlik, 2023-cü ildə isə 1,9 faizlik ÜDM azalması qeydə alınacaq. 2024-cü ildə bu azalma 1,6 faizlik artımla əvəz olunacaq.

Dünya Bankı ekspertləri də cari il üçün Rusiya iqtisadiyyatında 11,2 faizlik azalma proqnozlaşdırırlar. Onlar hesab edirlər ki, Ukraynadakı müharibə ilə bağlı qeyri-müəyyənliyin yüksək olması Rusiya iqtisadiyyatının sanksiyalardan təsirlənmə səviyyəsini dəqiq proqnozlaşdırmağa imkan vermir. Çünki müharibə davam etdiyi müddətdə Qərd dövlətləri Rusiyaya qarşı daha kəskin sanksiyalar tətbiq edirlər ki, bunlar da ÜDM-ə təsirsiz ötüşməyəcək.

Avropa Yenidənqurma və İnkişaf Bankında (AYİB) hesab edirlər ki, 2022-ci ildə Rusiya iqtisadiyyatı 10 faiz kiçilə bilər. Gələn il isə sıfır faizlik dinamika olacaq. AYİB-in aprel proqnozuna əsasən Belarus iqtisadiyyatı cari ildə 4 faiz azalacaq.

Bir məqamı nəzərə almaq lazımdır ki, qeyd olunan bütün proqnozlar Rusiya neft-qazına sanksiya tətbiq olunmadığı hal üzrə irəli sürülüb. Yəni proqnozlaşdırma Rusiya ixracının, iqtisadiyyatının əsasını təşkil edən neft-qaz sektoruna tətbiq olunacaq sanksiyaları nəzərə almadan aparılıb. Halbuki artıq Avropa Birliyi Rusiyadan neft alışına embarqonu nəzərdə tutan sanksiya paketi üzərində işləyir. Doğrudur, embarqonun ən yaxşı halda 2022-ci il oktyabrın 1-dən qüvvəyə minəcəyi gözlənilir. Lakin hətta bu qadağa olmasa belə, Avropa ölkələrinin, böyük şirkətlərin əksəriyyəti Rusiya neftini almaqdan imtina edir. Bunun nəticəsidir ki, ölkənin neft hasilatı və ixracı sürətlə azalır. Rusiya hökuməti real vəziyyəti gizlətmək üçün neft-qaz hasilatına dair göstəricilərin açıqlanmasını qadağan edib. Lakin sektordakı mənbələrə əsasən aprelin 1-29-da Rusiyada neft və qaz kondensatının gündəlik hasilatı 1,372 milyon ton təşkil edib ki, bu da martla müqayisədə 9 faiz azalma deməkdir. 2021-ci ilin yazından hasilatı müntəzəm olaraq artıran Rusiya üçün bu, kifayət qədər böyük itkilər deməkdir. Ölkənin maliyyə naziri Anton Siluanovun sözlərinə görə, 2022-ci ildə sanksiyalar üzündən Rusiyanın neft hasilatı 17 faizədək azala bilər. Əgər Avropa Birliyi embarqo qərarı qəbul edərsə, bu azalma daha yüksək rəqəmlərlə ifadə olunacaq.

Pandemiyaya görə hasilat və ixracın, həmçinin qiymətlərin kəskin azaldığı 2020-ci ilin yekununda neft-qaz sektorunun Rusiya ÜDM-də payı 15,2 faiz təşkil edib. 2021-ci ildə ölkənin ÜDM-i 4,7 faiz artaraq 131,015 trilyon rubla çatıb. Rəsmi statistikaya əsasən ötən il enerji resurslarının dünya qiymətlərinin artması hasilat sənayesində ümumi əlavə dəyərin deflyator indekslərinin 1,5 dəfədən çox və ya 57,1 faiz, emal sənayesində isə 25,6 faiz artmasına səbəb olub. Məhz bu ilin sonunda ölkə ÜDM-nin deflyator indeksinin 16,5 faiz artmasına gətirib çıxarıb. Bundan əlavə, ilin sonunda topdansatış qiymətlərinin 20,3 faiz artması topdan və pərakəndə ticarət deflyator indeksinin 15,7 faiz artmasına səbəb olub.

Rusiya statistika orqanı hələ ki 2021-ci ildə enerji sektorunun ÜDM-dəki payını açıqlamayıb. Amma neft-qaz qiymətlərinin kəskin bahalaşması nəticəsində bu payın da artdığını söyləmək mümkündür. Belə ki, Rusiyanın ixracının 54 faizdən çoxunu energetika məhsulları təşkil edir. Federal Gömrük Xidmətinin məlumatına görə, 2021-ci ilin yanvar-dekabr aylarında Rusiyanın ixracı 493,3 milyard dollar təşkil edib və 2020-ci illə müqayisədə 45,7 faiz artıb. İxracın 54,3 faizini yanacaq-energetika məhsulları təşkil edib. 2021-ci ildə Rusiya ümumilikdə 110 milyard 119,4 milyon dollarlıq 229 milyon 998,4 min ton neft, 69 milyard 955,8 milyon dollar (54,2 faiz artım) məbləğində 144 milyon 301,0 min ton neft məhsulları satıb. Ölkənin 2021-ci ildə təbii qaz ixracı 55 milyard 507,2 milyon dollar məbləğində 203,5 milyard kubmetr təşkil edib. Tədarüklərin fiziki həcmləri demək olar ki, dəyişməz qalıb, lakin dəyər baxımından artım 216,1 faiz təşkil edib. 2021-ci ildə satılan maye qaz 7 milyard 320,2 milyon dəyərlə 66,1 milyon kubmetr olub.

Rusiya iqtisadiyyatı nə qədər kiçiləcək?

Rusiyanın ixracında əsas pay Avropa Birliyinindir. 2021-ci ildə ümumi ixracın 188 milyard 114,6 milyon dolları qoca qitəyə reallaşıb. Avropa İttifaqının Rusiyadan idxalı dayandırması ölkə ixracının kəskin azalması deməkdir. Digər tərəfdən, ABŞ və Böyük Britaniyanın Rusiyadan qiymətli metal və daşlar idxalını dayandırması, Aİ-nin meşə materialları, daş kömür idxalını kəskin azaltması da Rusiya ixracının həcmində azalmaya gətirəcək.

Hazırda Moskva bütün gücünü neft-qaz ixracı üçün yeni bazarlar tapmaq, müvafiq infrastruktur qurmağa yönəldib. Rusiya prezidenti Vladimir Putin mayın əvvəlində hökumətə Cənub və Şərq istiqamətində enerjidaşıyıcılarının ixracını artırmaq üçün infrastruktur layihələrinin icrasının sürətləndirilməsini tapşırıb. Söhbət dəmiryol, boru və liman infrastrukturundan gedir. Onun sözlərinə görə, neft-qaz şirkətləri ilə birlikdə Afrika, Latın Amerikası, Asiya-Sakit okean ölkələrinə ixrac infrastrukturunu genişləndirmək planı qurulmalıdır. Bu zaman Qərbi və Şərqi Sibirdəki yataqlardan yeni neft-qaz kəmərlərinin çəkilməsi mütləq nəzərə alınmalıdır.

Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiyada neft ixracını diversifikasiya etmək üçün bir sıra infrastruktur layihələri üzərində işlənilir. Belə layihələrdən biri Şərqi Sibir-Sakir okean kəmərinin ötürmə gücünün artırılmasıdır. Bundan əlavə, Rusiya neft nəqli üçün yeni limanların yaradılması üzərində də çalışır. Bu prosesləri əlaqələndirmək üçün xüsusi işçi qrupu formalaşdırılıb. Novakın sözlərinə görə, qısamüddətli dövrdə görülən tədbirlər nəticəsində apreldə kəskin azalan neft hasilatında mayın ilk günlərində sabitləşmə qeydə alınıb: “Hasilat aprellə müqayisədə artıb. Biz güman edirik ki, mayda göstəricilər qismən bərpa olunacaq və daha yaxşı olacaq”.

Nazir müavini deyib ki, Rusiya bir sıra yeni alıcılara neft satmağa başlayıb, bəzi istiqamətlərdə ixrac artıb: “Şübhəsiz, Rusiya neft şirkətləri yeni situasiyaya uyğun olaraq yeni istiqamətlər, yeni logistika zəncirləri axtarırlar. Biz görürük ki, yeni alıcılar var, neft ixracında artım var, Asiya-Sakit okean regionu da daxil olmaqla, yeni istiqamətlər var”.

Xatırladaq ki, “Bloomberg” Rusiyanın Hindistana öz neftini dünya bazar qiymətindən 35 dollar aşağı qiymətə təklif etdiyinə dair məlumat yayıb. Agentliyin məlumatına əsasən Hindistan tərəfi 42 dollarlıq endirim əldə etməkdə qərarlıdır. Eyni müzakirələrin Çin şirkətləri ilə də aparıldığı bildirilir.

Qeyd olunanlar göstərir ki, Rusiyanın bütün cəhdlərinə baxmayaraq, ölkə sənayesində cari ildə kəskin enişin qarşısını almaq mümkün olmayacaq. Qısa müddətdə yeni bazarlar tapıb, nəql və ya çatdırılma infrastrukturunu qurmaq mümkün olmayacaq. Bu isə ölkədə cari ilin yekunundan 12,4 faizdən daha yüksək iqtisadi geriləmənin baş verməsi ehtimalını gücləndirir./“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.