Düşənbə görüşü: Ermənistana “6 bəndinizi cibinizə qoyun” dedilərmi?

13-05-2022, 08:39           
Düşənbə görüşü:
Rəsmi İrəvan üçtərəfli görüşə saatlar qalmış yenə də havanı dumanlandırmağa başladı; Kəlbəcər istiqamətində açılan atəşlər və Paşinyanın Niderlanddan eşidilən “xaric səsi...”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun mayın 13-də rusiyalı həmkarı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyanla üçtərəfli görüş keçirəcəyi gözlənilsə də, dünən axşam belə bir görüş baş tutub.

Görüşdə Azərbaycan və Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsi və demarkasiya ilə bağlı məsələlər müzakirə olunacağı gözlənilirdi. Məlumdur ki, Azərbaycanın sülh danışıqları üçün təklif etdiyi 5 bəndə qarşılıq Ermənistan da 6 bənd hazırlayıb. İndi isə Ermənistan 5+6 prinsipləri əsasında sülh danışıqlarının başlamasını “legitim yanaşma” hesab edir. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrəvanda keçirdiyi mətbuat konfransında dediklərindən anlaşılan budur ki, Ermənistan tərəfi Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət və onlara müəyyən status verilməsini tələb edir. Qriqoryan hətta əlavə edib ki, “bu məsələlər Azərbaycanla müzakirə olunur. Bakıda başa düşürlər ki, sülh danışıqları 5+6 gündəliyi əsasında başlamalıdır”. İş o yerə çatıb ki, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan erməni KİV-inə 6 aprel tarixli üçtərəfli Brüssel görüşündə ölkəsinin 6 bənddən ibarət təkliflər paketi ilə bağlı açıqlama verib. O bildirib ki, guya həmin görüşdə irəli sürülən təkliflər arasında Qarabağdakı ermənilərin təhlükəsizliyi və statusu ilə bağlı müddəa da olub və Azərbaycan tərəfi bununla razılaşıb.

“Sülh sazişinin hazırlanmasında İrəvan və Bakıya köməklik göstərərkən Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasının əsas prinsiplərinə dair təklifləri rəhbər tutur”. Bunu isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir müddət əvvəl Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesini şərh edərkən deyib. Onun sözlərinə görə, danışıqlar bu prinsiplər əsasında aparılmalıdır: “Xatırladıram ki, bunlar (prinsiplər-red.) Bakıda hazırlanıb və İrəvandan konstruktiv cavab alıblar. Hesab edirik ki, bunlar mövqelərin razılaşdırılması üçün yaxşı əsasdır. Status məsələsində Bakı ilə İrəvan arasında fundamental fikir ayrılıqları qalır. Biz tərəfləri yaxınlaşdırmaq üçün üzərimizə düşəni edirik”. Azərbaycan tərəfi də son olaraq bəyan edib ki, sülh danışıqları təklif edilən 5 prinsip əsasında davam etdiriləcək. Rusiya tərəfi hələ ki Ermənistanın təfərrüatları tam açıqlanmayan 6 təklifi haqda mövqe bildirməyib. Güman etmək olar ki, sabahkı görüşdə bu məsələ də gündəmə gəlsin. Ekspertlərə görə, sözügedən təkliflər yalnız Paşinyan hökumətinin başının altından çıxmayıb. Ehtimal edilir ki, sülh prosesinin tezləşməsində xüsusi maraqları olmayan Moskva erməniləri Azərbaycana qarşı yeni şərtlər irəli sürməyə həvəsləndirib. Paris və Vaşinqtonun da bu işin içində olduğu iddia edilir. Çünki hər iki Qərb paytaxtı ya birbaşa, ya dolayısı ilə ermənilərə “status” verilməsi təkliflərini səsləndiriblər. Hər halda, Düşənbədəki üçtərəfli görüşdə Ermənistanın 6 bəndlik təklifi ilə bağlı tərəflərin mövqeyi bəlli olacaq. Ermənistan israr edərsə, Rusiya isə “bitərəf” qalarsa, sülh prosesinin uzanacağı şübhə doğurmur. Amma Rusiya “şərtinizi cibinizə qoyun” deyərsə, proses sürətlənə də bilər...

Ermənistan hətta bu görüş ərəfəsində də təxribatlarından əl çəkmir. Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar. Erməni ordusunun atəşkəsi davamlı pozması Ermənistanın rəsmi mövqeyinin də hazırda mitinq keçirən revanşistlərdən fərqlənmədiyini göstərir.

Ermənistanın baş naziri Nikol Paşinyan ötən ay “Mülki müqavilə” fraksiyasının deputatları ilə görüşündə demişdi ki, Rusiya Qərbdən fərqli olaraq, Azərbaycan və Ermənistanın tələsik sülh sazişi imzalamasını istəmir. “Brüssel razılaşmaları Rusiya üçün qəbuledilməz idi, xüsusən də Qarabağın statusunun aşağı salınması tələbi, bu da özlüyündə Qarabağın tamamilə Azərbaycana verilməsi deməkdir. Rəsmi Moskva hər kəsin həm Qərbin, həm də Azərbaycanın yararlanmağa çalışdığı zəifləmiş mövqeyini nəzərə alaraq, istənilən dəyişikliyin onun xeyrinə olmayacağını anlayaraq nəyin bahasına olursa-olsun mövcud status-kvonu saxlamaq istəyir”- erməni nəşri bu haqda yazmışdı. Amma 13 may görüşü faktiki olaraq Rusiyanın moderatoqluğu ilə keçiriləcək. Paşinyan Brüssel görüşündə verdiyi vədlərin arxasından qaçdığı kimi, Rusiyanın təşəbbüsləri ilə reallaşan görüşlərdə dediklərini də qısa müddət sonra unudur ki, bu da erməniçiliyin mahiyyətindən qaynaqlanır.

Diqqət edin, görüşdən bir gün əvvəl Ermənistanın “sülhpərvər” baş naziri növbəti dəfə destruktiv mövqeyi ilə rəsmi Bakını hövsələdən çıxartmağa çalışıb. Bakının cavabı isə gecikməyib. “Ermənistan baş nazirinin Niderlandın Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar, o cümlədən humanitar məsələlərlə bağlı həqiqətdən uzaq ittihamlar, Ermənistan rəhbərliyinin iki dövlət arasında münasibətlərin normallaşması məsələsində səmimiyyətdən uzaq olduğunu göstərir”- Azərbaycan XİN-in bəyanatında deyilir.

Xatırladaq ki, bir neçə gün əvvəl Paşinyan “Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, bir-birinə qarşı ərazi iddialarının olmaması ilə bağlı 5 əsas bənddən ibarət Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması təklifini təqdim edib. Bildirdik ki, bu təklifdə bizim üçün qəbuledilməz məqam yoxdur”, demişdi. “Ermənistan hər iki tərəfin təklifləri əsasında danışıqlara hazırdır. Yaxın vaxtlarda xarici işlər nazirlərinin görüşü planlaşdırılır”, - deyə N.Paşinyan əlavə etmişdi. Ancaq görünür ki, baş nazirin yaddaşı çox qısadır və öz dediklərini belə unudur, tam əksini iddia edir. Məntiqlə, Ermənistan reallığı anlayıb da, konstruktiv mövqe sərgiləməli idi, ən azı düşdüyü bataqlıqdan çıxmaqdan ötrü. Belə görünür ki, Paşinyan Rusiyanın vasitəçiliyi ilə keçiriləcək görüşün nəticəsini əvvəldən şübhə altına aldığı üçün gərginliyi tətikləyir. Ancaq Paşinyan vəziyyəti elə həddə çatdırır ki, “Ermənistan baş nazirinin Azərbaycanı humanitar addımlar atmamaqda, saxlanılan erməni əsilli şəxsləri qaytarmamaqda ittiham etməsi yersiz və əsassızdır. Ermənistan rəhbəri yaxşı olardı ki, öncə Azərbaycan ərazilərinə qanunsuz şəkildə daxil olan erməni əsilli diversantların Azərbaycanda saxlanma səbəbini anlasın”, cavabını alır. Kəsəsi, rəsmi İrəvan növbəti görüşə saatlar qalmış yenə də havanı dumanlandırmağa başlayıb, guya bununla Bakıya təsir göstərmək istəyir. Kəlbəcər istiqamətində açılan güllələrlə eyni vaxtda Paşinyanın Niderlandda “xaric səslər”i dövriyyəyə buraxması anormallıqdır. Belə olan təqdirdə qarşıdakı görüşün nəticə verəcəyinə də inam çox azdır.

QAT sədri Akif Nağı görüşü şərh edərkən bildirdi ki, Rusiya təşəbbüsü əldən vermək istəmir: “Görüşün təşkili də bu məqsədə xidmət edir. Amma Kreml ikibaşlı mövqe tutacaqsa, erməniləri həvəsləndirəcəksə, Azərbaycan danışıqlardan imtina edə bilər. Bunu Rusiya rəhbərliyi bilir, hər halda, bilməlidir. Ermənistan məğlub tərəfdir, ona görə də onların şərt və ya təklif irəli sürməsi absurd görünür. Rusiya bunu ermənilərin nəzərinə çatdırmalıdır. Amma Kreml oyunlarını davam etdirir, onların xəbəri olmadan Ermənistan hər hansı təşəbbüslə çıxış edə bilməz. Erməni tərəfindən Qriqoryanın, Manukyanın bu cür açıqlamalar verməsi təsadüfi deyil, Rusiya ilə razılaşdırılmış variantdır. Bu vaxta qədər Rusiya Azərbaycanın irəli sürdüyü 5 prinsipi əsas götürdüyünü bildirdi. Azərbaycan Prezidenti də dəfələrlə vurğulayıb ki, müzakirələr Bakının verdiyi təkliflər əsasında aparılır, Ermənistan da bu təkliflərlə razılaşıb. Bizim üçün vacib olan Azərbaycanın dövlət başçısının mövqeyidir. Zaxarovanın ”tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışırıq" ifadəsi də ümumi razılaşmadan kənara çıxır. Rusiya yenidən iki tərəf arasına balanslaşdırılmış siyasət yeritməyə cəhd edir. Amma bu cəhd əbəsdir, Azərbaycan bu yanaşma ilə danışıqlara getməməlidir". QAT sədri bildirdi ki, Azərbaycan güclü və qalib tərəfdir: “Rusiya regionda mövqelərini saxlamaq istəyirsə, bu amillə hesablaşmalıdır. Hesablaşmasa, oyunları davam etdirsə, ermənilərə yenidən şans vermək həvəsinə düşsə, çox şeyi, o cümlədən Türkiyə və Azərbaycanın loyal münasibətini itirəcək. Güman edirik ki, Rusiyada bunu başa düşürlər. Ona görə də ”şərtinizi cibinizə qoyun" deyəcəkləri ehtimalı böyükdür. Əks halda, Azərbaycan İkinci Qarabağ müharibəsində olduğu kimi, bu dəfə də onların şərtlərini “cəhənnəmə göndərəcək”". A.Nağı hesab edir ki, Düşənbə görüşündə bu məsələlərə aydınlıq gətiriləcək: “Orada Rusiya da, Ermənistan da qərarını verməlidir. Azərbaycan ”ağıllı olun" mesajını artıq verib, görək onlar bunu eşitmək gücündə olacaqlarmı?"

Strateji Tədqiqatlar Mərkəzinin əməkdaşı, politoloq Tural İsmayılov bildirdi ki, Azərbaycan qalib tərəf kimi şərtləri diktə edirsə, bu, geopolitik reallıqdır: “Bu gün təkcə Ermənistan hakimiyyəti deyil, revanşist müxalifət də əslində yaxşı bilir ki, qalib tərəfin şərtlərini qəbul etməkdən başqa yol yoxdur. Eyni zamanda Rusiya da başa düşür ki, Azərbaycan fospostu Ermənistandan fərqli olaraq müstəqil, güclü, inkişaf edən kilid ölkədir. Bu baxımdan düşünürəm ki, Rusiyaya da, Qərbə də yaxşı bəyandır ki, Ermənistan diplomatik mənada da məğlubdur. Elə ona görə də hər bir vasitə ilə Ermənistandan güclənən Azərbaycan və Türkiyə faktoruna qarşı istifadə cəhdləri var. ABŞ dövlət katibi Blinkenin mütəmadi cənab Prezidentlə telefon danışıqları və eyni zamanda Avropa İttifaqı Şurasının fəallığı da göstərir ki, Qərb Rusiyanın regionda əsas vasitəçi kimi iştirakında maraqlı deyil. Eyni formada Rusiya da anlayır ki, Azərbaycanın atdığı addımlar Cənubi Qafqazı mühüm strateji mərkəzə çevirir. O baxımdan özəlliklə müharibədən sonra ciddi basqılar altında qalan Rusiya regiondakı yeni iqtisadi-siyasi reallıqların öz maraqlarına zidd olmadığını düşünür”. T.İsmayılovun sözlərinə görə, Rusiyada müxtəlif qruplar prosesin gələcəyindən narahatdır, erməniləri alət kimi əllərindən buraxmamaq istəyirlər: “Rusiya başa düşür ki, Ermənistan hazırda sorosçuların girdabındadır. Ona görə də Ermənistanı tam olaraq təsir dairəsinə almağa çalışır. Yaxın zamanda bütün diktə etdiyimiz prosedurlar icra ediləcək. Azərbaycanın qətiyyətli siyasi mövqeyi bəzən Rusiyanı, bəzən də ABŞ-ı narahat edir, çünki hər iki qüvvə öz oyuncağı olan Ermənistanı tamam incik salmaq istəmirlər. Regiona təsir üçün Ermənistanı əsas vintcik hesab edirlər. İstənilən halda sülh prosesi gerçəkləşəcək. Azərbaycan bu məsələdə sabit iradəyə malikdir. Ona görə də həm Rusiya, həm də Qərb prosesdə fəal olmağa cəhd edir”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.