Ermənilər Türkiyənin Rusiya ilə “siyasi alver” edəcəyindən qorxuya düşüb - NƏ BAŞ VERİR?

21-05-2022, 10:37           
Ermənilər Türkiyənin Rusiya ilə “siyasi alver” edəcəyindən qorxuya düşüb -
“Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsinə lazım gələrsə veto qoymaqla bu mövzunu, Rusiyaya da “sata” bilər, Qərbə də. Hər şey hansı tərəfin daha çox təklif etməsindən asılı olacaq. Bu, müəyyən dərəcədə Ermənistanın da maraqlarına təsir edəcək, çünki Rusiya-Türkiyə siyasi bazarlığında həmişə erməni komponenti var”.

Bu fikri erməni politoloq Arqişti Kiviryan yerli mediaya açıqlamasında söyləyib.

Göründüyü kimi, İrəvanda Alyansa yeni üzvlərlə bağlı məsələdən dolayı bir təlaş yaranıb. Orada ehtiyat edirlər ki, Ankara öz veto hüququndan Güney Qafqazda mövqeyini gücləndirmək naminə Moskva ilə siyasi alverin tərkib elementi olaraq da istifadə edə bilər. Bu iddia üçün əsaslar nə dərəcədə ciddidir?

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirdi ki, Finlandiya və İsveçlə bağlı mövqeyinə görə Türkiyəyə Qərbdən təzyiqlər artıq başlayıb: “Təzyiqlər gün-gündən şiddətlənəcək. ABŞ-ın və müttəfiqlərinin mövqeyi belədir ki, İsveç və Finlandiya mütləq NATO-ya qəbul olunmalıdır, indiki şərait bunu tələb edir. Burada NATO üzvlərinin, xüsusilə ABŞ-ın geri çəkilməyə yeri yoxdur. Belə bir mürəkkəb vəziyyətdə Türkiyənin Rusiya ilə bu məsələ üzərində siyasi alverə gedəcəyi gözlənilən deyil.

Bilirsiniz ki, əvvəllər Yunanıstan tələb elədi və Makedoniyanın NATO-ya üzvlüyünü ləngitdilər. Ancaq indi vəziyyət tamamilə başqadır. Yəqin ki, Türkiyənin tələblərinin, şərtlərinin bir hissəsinə əməl edib bu məsələni yoluna qoyacaqlar. Lakin hər halda bütün tələblər yerinə yetirilməyəcək, yalnız bəziləri yerinə yetiriləcək. İsveç və Finlandiyanın atmalı olduğu addımlarla bağlı Türkiyənin tələblərinə yəqin əməl ediləcək, amma ABŞ-ın qarşısında qoyulan tələb yerinə yetirilməyəcək. Yəni ABŞ-ın güzəştə gedib Türkiyəni F-35 proqramına qaytaracağı inandırıcı görünmür. Türkiyənin də bu tələbdə axıra qədər dayanacağı ehtimalı azdır. Ankara bu məsələnin üzərində sonadək dirənib əlavə problemlər meydana çıxmasını istəməyəcək.

Finlandiya və İsveç məsələsinin Türkiyə tərəfindən Rusiya ilə siyasi bazarlıqda istifadə olunacağı barədə erməni ekspertlərin iddiaları inandırıcı və əsaslı deyil. Mən istərdim ki, Türkiyə Rusiya ilə bu məsələdə anlaşmalara getsin, müəyyən istəklərimizin, o cümlədən Qarabağ məsələsi ilə bağlı istəklərimizin yerinə yetirilməsi üçün Rusiya ilə razılaşmalar əldə edilsin. Amma İsveç və Finlandiya məsələsində Qərbdən Türkiyəyə çox güclü təzyiq olacağını Ankara bilməmiş deyil, ona görə də Rusiya ilə siyasi alverə gediləcəyi ehtimalı inandırıcı deyil. Çox mürəkkəb bir vəziyyət yaranıb".
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.