Zakir Həsənov bir dənə belə, bir dənə də elə deyir... - Eliyə bilərsiz BELƏ?

29-06-2022, 17:04           
Zakir Həsənov bir dənə belə, bir dənə də elə deyir... -
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibəti ilə AzTV-yə müsahibə verib. Düşünürəm ki, hər bir ölkənin müdafiə nazirinin verdiyi geniş müsahibə müzakirə mövzusuna çevrilir və çevrilməlidir. Azərbaycanda, nədənsə, belə müzakirələr açılan kimi dərhal biriləri ortaya çıxır, tənqid edənləri topa tutur. Müxtəlif arqumentləri də var. Misal üçün, müdafiə nazirini tənqid etmək üçün, gərək, mütləq general, ya da hərb elmi üzrə akademik olasan. Bu tip adamların düşüncəsinə görə, Lenini tənqid etmək üçün SSRİ qurmalıyıq…

Zakir Həsənov müsahibəsinin girişində ordudakı islahatlardan danışarkən sələfi general-polkovnik Səfər Əbiyevin bostanına daş atır. Zakir Həsənov bildirir ki, son altı ildə orduda keçirilən islahatlar, yəni ordunun peşəkar istiqamətdə formalaşması həyata keçirildi və ordu öz qarşısında duran vəzifəni yerinə yetirdi. Zakir Həsənov ordu sıralarından bu posta gətirilmiş olsaydı, düşünmək olardı ki, Səfər Əbiyevlə aralarında hansısa xüsusi bir konflikt olub. Ona görə də fürsətdən istifadə edib keçmişdə onu “sıxmış” birindən bu yolla qisas alır. (Zakir Həsənov 2003–2013-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini — Daxili Qoşunların Komandanı vəzifəsində çalışıb – müəl.) Hətta Səfər Əbiyevlə aralarında bir konflikt olmuş olsa belə, bayram günü belə bir daş yersiz idi.

Zakir Həsənov eyni cümlənin içərisində belə bir ifadə səsləndirir: “…Ordunun peşəkar ordu istiqamətində formalaşması həyata keçirildi”. Azərbaycanda ordu çağırış əsasında formalaşır. Bir qayda olaraq peşəkar ordu müharibə təhlükəsi olmayan ölkələrdə formalaşır.

Zakir Həsənov müsahibə zamanı Türkiyə ordu modelinə keçidlə bağlı xeyli danışdı. Böyük işlərin görüldüyünü deyən nazir yalnız üç sahədə işlərin tamamlandığını bildirir: Təşkilati ştat strukturu təşkil olunub, İdarəetmə məntəqələrində böyük dəyişiklik olub və komando briqadaları yaradılıb. Nazir daha sonra bildirir ki, komando briqadaları həmlə taborlarının əsasında formalaşıb. Bu, əslində, doğru yanaşmadır. Müharibə zamanı göründü ki, motoatıcı hərbi hissələr effekt vermir, ona görə də komando briqadalarına ehtiyac var. Düşünürəm ki, bunun üçün müharibəyə ehtiyac yox idi. Müharibə başlamazdan illər öncə hərb sahəsindən yazan jurnalistlər, hərbi ekspertlər bildirirdi ki, motoatıcı bölmələr müharibədə effektli olmayacaq. Əgər Müdafiə Nazirliyi özlərinə yönəlmiş tənqidləri “görmək” üçün yox, onlardan faydalanmaq üçün mətbuatı və sosial şəbəkələri izləmiş olsaydı, indi həyata keçirilənləri illər öncədən etmiş olardı. Bu, təbii ki, itkilərin sayına da ciddi təsir edəcəkdi.

Nazirin müsahibəsində özünün demədiyi Türkiyə ordu modelinə keçidin digər tərəflərini də aşkarlamış olduq. Məsələn, Hərbi Hava Qüvvələri mənsubları “havaçı”, Raket və Artilleriya Qoşunlarının bölmələrinin mənsubları isə “raketçi” olub. Bəziləri deyəcək ki, cımbızla söz çəkirsiniz. Ancaq bir ölkənin müdafiə naziri mütləq şəkildə terminlərə diqqət etməlidir.

Müdafiə naziri Şuşa əməliyyatı ilə bağlı da bir-birini təkzib edən fikirlər səsləndirdi. Öncə, artilleriya bölmələrinin Şuşa ətrafına yerləşdirilməsini bildirdi, daha sonra isə qədim şəhərin dağıdılmaması üçün artilleriyadan istifadə edilmədiyini söylədi. Təbii ki, onun bu fikri mübahisəlidir. İnsanlar haqlı şəkildə bildirirlər ki, qədim şəhər, divarlar əsgərlərimizdən artır deyildi. Ən əsası, Şuşa sözdə artilleriya ilə vurulmayıb, qorunub, ancaq işğaldan azad ediləndən sonra həmin qədim şəhərin tikililəri buldozerlərin qarşısına verilib təmizlənir.

Nazir Şuşa əməliyyatı haqqında da suala cavab verib. O, əməliyyatın məxfi olduğunu dedi, lakin açıqlaya bilməyəcəyini qeyd etdi. Şuşa əməliyyatı ilə bağlı məxfiçilik yalnız hücum başlayarkən və davam edərkən məxfi ola bilərdi. Azərbaycan Şuşaya taktiki atom bombası atmayıb, qadağan olunmuş silahlardan istifadə etməyib. Bundan əlavə, əməliyyat bütünlüklə videomüşahidə altında olub. Belə olan halda, hansı məxfiçilikdən söhbət gedə bilərdi?! Ən əsası, əməliyyatda iştirak edən şəxslərin, demək olar, hər biri döyüşlər haqqında müsahibələr verib. Həm də əməliyyatın üstündən ilyarımdan çox vaxt keçib. Əgər müharibə olmasa və Azərbaycan ordusunun mənsubları Şuşada xüsusi bir əməliyyat keçirmiş olsaydı – müharibədən əvvəl bir neçə belə əməliyyat baş verib – onun məxfiçiliyi qoruna bilərdi. Ona görə də nazirin Şuşa əməliyyatı barədə sirli danışması qəbuledilən deyil.

Ümumilikdə, 43 dəqiqəlik müsahibə 43 il kimi gəldi. Hesab edirəm ki, hər bir nazir, vəzifəli şəxs mütləq şəkildə Azərbaycan dili dərsi almalıdır. Nazirin danışmaqda, analiz etməkdə çox ciddi çətinlik çəkdiyi hətta müsahibəyə peşəkar kimi baxmayanlar üçün də aydın olur. Digər nazirlərdən fərqli olaraq Zakir Həsənov müsahibəsində rus sözlərindən istifadə etmədi, əvəzində Türkiyə türkçəsindən istifadə etdi. Nazir müsahibəsində sözyaratmaya da töhvə verdi. Dilimizə “havaçı”, “raketçi” sözlərini gətirmiş oldu.

Lap əvvəldəki fikrimə dönmək istəyirəm. İstənilən bir ölkənin müdafiə naziri, xüsusilə müharibədən təzə çıxıb, münaqişənin taleyinə aydınlıq gətirilməmiş ölkənin müdafiə naziri müsahibə verərsə, həmin müsahibə nəinki həmin ölkənin, qarşı tərəfin, hətta regionda maraqlı olan ölkələrin mətbuatının, ən azı, bir həftəlik mövzusuna çevrilir və çevrilməlidir. Cəmiyyət nazirin tezisləri üzərində müzakirələr aparmalıdır. Təəssüf ki, tam əksini gördük.

Gözləntimi yüksək tutduğum üçün özümdən üzr istəyirəm…

Səxavət Məmməd
Yenicag.az



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.