Nazirlik müəllim sayını indi də imtahanla azaldır? - NƏ BAŞ VERİR?

8-07-2022, 21:05           
Nazirlik müəllim sayını indi də imtahanla azaldır? - NƏ BAŞ VERİR?
"Müəllimlərin işə qəbulu üzrə test imtahanında səhv cavablandırılmış suallar düzgün cavabların dörddə bir hissəsinə təsir edəcək".

Bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib:

"İmtahanlar bir neçə şəhər və rayonda həyata keçiriləcək. Bu, namizədlərin də imtahanların keçirildiyi mərkəzlərə rahat gəlməsi üçün əlverişlidir. İmtahanlar 15 mərkəzdə keçiriləcək. Mərkəzlər kondisionerlərlə təmin olunacaq”.

Nazirlik rəsmisi bildirib ki, namizəd ixtisas sualına səhv cavab verirsə, bu, həmin ixtisasdan olan sualın və ya ümumilikdə düz cavablandırılan sualın 0.5 balını aparacaq. Metodikadan səhv cavablandırılan sual isə nəticəni 0.25 bal azaldacaq. Qeyd edək ki, son vaxtlar bəzi müəllimlər sosial şəbəkələrdə onların işə qəbulunun daha da çətinləşdirilməsi, eləcə də sertifikasiyanın keçirilməsinə bağlı etirazlarını bildirirlər. Hazırda isə MİQ imtahanında səhv cavablandırılmış sualların düzgün cavabların dörddə bir hissəsinə təsir edəcəyini müəllimlərin sayının azaldılmasına cəhd kimi qiymətləndirənlər var.

Doğrudanmı, MİQ imtahanı ilə bağlı hazırkı qərar müəllimlərin sayının azaldılmasınamı yönəlib? Teref.az-ın məlumatına görə, təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirdi ki, bu il müəllimlərin işə qəbul imtahanında köklü dəyişiklik var və bu da birmənalı şəkildə keyfiyyətin artırılmasına yönəlmiş addımlardır:

“Onu da qeyd edim ki, bu il MİQ imtahanına 59 min nəfər sənəd verib və ötən il bu rəqəm 61 min idi. Bu il MİQ imtahanında müəyyən qədər məhdudiyyətlər tətbiq edilib. Bir neçə məhdudiyyətdən biri ondan ibarətdir ki, 3 ilə qədər stajı olmayanlar MİQ imtahanında iştirak edə bilməyəcəklər. Bu, kifayət qədər müsbət addımdır. Ona görə ki, müəllimlər gedib bir yerdə işləyir və 1 ildən sonra yerlərini dəyişib başqa məktəbə keçirdilər. Bu zaman şagirdlər ciddi itkiyə məruz qalırdılar. Artıq yeni qaydalara görə, MİQ imtahanında iştirak etmək üçün müəllimin minimum 3 il stajı olmalıdır. Stajı olmayanlar isə birbaşa iştirak edə bilirlər. Daimi əsaslarla işləyən müəllimlər MİQ imtahanında iştirak edə bilməzlər. Bu da kifayət qədər ədalətlidir. Çünki uşaqlar tez-tez müəllim dəyişdikdə, onların adaptasiya prosesi uzun müddət davam edir və öyrəşə bilmirlər. Elə bölgələr var ki, ibtidai sinifə hər il bir müəllim gedir və uşaqlar 4 il ərzində 4 müəllim dəyişirlər. Bu da ciddi problemlərə gətirib çıxarır”.

Ekspert deyir ki, ikinci vacib dəyişikliklərdən biri test imtahanında səhv cavabların düz cavablara təsiri ilə bağlıdır:

“Çünki əvvəlki illərdə bəzən müəllimlər bilmədikləri sualların cavablarını da “atırdılar”, bu da onların nəticələrinin süni şəkildə, əsassız olaraq artmasına gətirib çıxarırdı. Ancaq indiki dəyişikliklərə əsasən ixtisasdan 40 test tapşırığı veriləcək və səhv cavablar düz cavablara mənfi təsir göstərəcək. Bu zaman kim daha savadlıdırsa, o seçiləcək. Əvvəlki təcrübədə, məsələn, kimsə həqiqətən 35 sual, digəri isə az sualın cavabını bilirdi. Ancaq o suala cavab verə bilməyəndə cavabını “atırdı” və nəticə süni şəkildə şişirdi. İndi isə bu problem aradan qalxacaq. Yəni kim nəyi bilirsə, onu da yazacaq və bu da müəyyən qədər nəticələrinin süni şişməsinin qarşısını alacaq. Bu, kifayət qədər ədalətli yanaşmadır”.

Ekspertin sözlərinə görə, digər tərəfdən dəyişikliyin bir mahiyyəti məhz imtahanlardakı ballarla bağlıdır:

“İndi əsas ixtisas balı olacaq, yəni 40 test tapşırığının hər biri 2 baldır. Yəni 80 bal ixtisasdan, 20 bal isə kurikulumdan yığacaqlar. Hesab edirəm ki, edilən dəyişiklik bizə daha yaxşı müəllimləri seçməyə imkan verəcək. Prosesin kifayət qədər obyektivliyi, şəffaflığı və əlçatanlığı şübhə doğurmur. İnanıram ki, istər stajı az olan müəllimlərin imtahana buraxılmaması, istərsə səhv cavabların düz cavablara təsiri kifayət qədər təhsilin davamlılığı və dayanıqlılığına xidmət edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru