MTK labirintində qalan VƏTƏNDAŞ... - "Mənzilimizə polislə basqın etdilər..."

11-07-2022, 12:05           
MTK labirintində qalan VƏTƏNDAŞ... - "Mənzilimizə polislə basqın etdilər..."
Bakıda bir binanın sakinləri illərdir dələduzların əlindən yaxa qurtara bilmir. Söhbət Xətai rayonu, Rahim Məmmədov küçəsi, ev 20A ünvanında yerləşən binanın sakinlərindən gedir. Onlardan biri də Şəmsiyə Qürbətova Ağaxan qızıdır. O, Xətai rayonu, Rahim Məmmədov küçəsi, ev 20A, mənzil 86 ünvanında yaşayır. Ş.Qürbətova DİA.AZ-a müraciət edərək kömək istəyib.

O bildirdi ki, 2006-cı ilə qədər ailəsi ilə birgə Ukrayna Respublikasında yaşayıb: “Həyat yoldaşım orada sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O, ağır avtomobil qəzası keçirdiyinə görə iş qabiliyyətini itirdi. Mən də məcburən qızımlaAzərbaycana qayıtmalı oldum. Həyat yoldaşım isə müalicə üçün Ukraynada qalmalı oldu. Ukraynadakı bütün əmlaklarımızı satıb Bakıda bir neçə daşınmaz əmlak sahibi olmaq istədik. Bu işdə bizə bacımın kürəkəni Şamil Ömərov köməklik göstərib. Onun əli ilə ”Birlik" MTK-nın tikdirdiyi binadan biri üçotaqlı, ikisi iki otaqlı olmaqla 3 mənzil aldıq. 2017-ci ilin oktyabrında mənzillərdən birinin təmirini bitirib, köçən kimi məlum oldu ki, həmin mənzil başqa şəxsə də satılıb. Mən evdə yox idim. Qızım evdə tək idi. Mənzilimizə polislə basqın etdilər".

O gün bu gündür, Şəmsiyə Qürbətovanın problemləri bitmir. Belə ki, sənədlər araşdırılarkən bəlli oldu ki, mənzilin digər sahibinin sənədində “Qurtuluş-93" MTK-ya məxsus olduğu qeyd olunub. (Yeri gəlmişkən, ”Birlik-İnşaat" MMC rəhbəri Elman Tağıyev yüzlərlə insana ev vəd edərək dələduzluq yolu ilə külli miqdarda pul mənimsədiyi üçün məhkum olunub). Mənzillərin alınmasında vasitəçi olan Hüseyn Əsgərov isə dələduzluq əməllərinə görə ötən ay 13 il azadlıqdan məhrum edilib.

Şəmsiyyə Qürbətova dəfələrlə müvafiq qurumlara şikayət etsə də, bir nəticə hasil olmayıb. Mənzillərin sahibinə qaytarılması və dəyən ziyanın ödənilməsi barədə mülki iş üzrə artıq iki məhkəmə qərarı var. Ümumilikdə, Ş.Qürbətovaya 199 min 700 manat maddi ziyan dəyib: “Özüm də onkoloji xəstəyəm. Təmir etdirdiyim mənzildə icra məmurunun köməyi ilə yaşayıram, amma kirayə haqqı ödəyirəm. Gedəcək yerim yoxdur”.

Yazının əvvəlində qeyd etdiyimiz kimi, bu problemlə üzləşən təkcə Ş.Qürbətova deyil. Binada əksər mənzillər bir neçə şəxsə satılıb. Yalnız bir sakin illərlə kirayələrdə yaşadıqdan sonra 8 illik mübarizə nəticəsində Avropa Məhkəməsinin qərarı ilə mənzilinə sahib olub.

Bu, Ş.Qürbətovanın yeganə mülk problemi deyil. O, həmçinin Abşeron rayon Xırdalan şəhərində “Fateh-2012" MMC tikinti şirkətinə məxsus qeyri-yaşayış sahəsi əldə etmək istədi. Lakin burada da dələduzluqla qarşılaşdı. Binanın 4-cü mərtəbəsi bitdikdə şirkət müflis oldu. Yeni şirkət, ”Hasil" MMC isə Ş.Qürbətovanın mülki hüququnu tanımaq istəmir, ümumi sahəsi 300 kv.metr olan mülkün qeyri-yaşayış sahəsi deyil, mənzil olduğunu iddia edir. Məhkəmə Ş.Qürbətovanın xeyrinə qərar çıxarıb, iş 2 ildir icradadır: “Sonradan həmin bina iş adamı İsfəndiyar Axundova satılıb. Qəbulunda olmuşam. Mənə dedi ki, qərarı ləğv etdirəcək”.

Təəccüb və təəssüf doğuran məqam Ş.Qürbətovanın özünün məhkəməyə verilməsidir. Qarşı tərəf qərarın dəyişdirilməsi üçün belə addım atıb. Məqsəd tikinti şirkətində 4 il öncə 150 minə alınan qeyri-yaşayış sahəsini (kv. metri 500 AZN) 600 minə satmaqdır (kv. metri 2 min AZN).

Şəmsiyyə Qürbətova həmçinin Abşeron Rayon Məhkəməsinin hakimi Elman Məmmədovun onu aldatdığını bildirdi: “23 sentyabrda ”Hasil" MMC-nin indiki direktoru Əfqan Zeynalovun Abşeron Rayon Məhkəməsinin 22.08.2019 tarixli 2(012)-2311/2019 saylı qətnaməsini guya almaması və bundan apelyasiya şikayəti vermək üçün müddətin bərpa olunmasına görə iddiasına baxılarkən, hakim zalda elan etdi ki, iddia təmin olunmur. Mənə bildirdi ki, sənin xeyrinə qərar verdim. Lakin 09.10.2021ci il tarixdə məhkəmənin qərardadını əldə edəndə gördüm ki, hakim qətnamədə tam əksini yazıb. İddianı təmin edib, müddətin keçməsini üzrlü sayıb və işi Sumqayıt Apelyasiya Məhkəməsinə göndərib".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.