Qulağı səsdə qalan yüzminlərlə vətəndaş, tapdanan qanunlar, icra edilməyən fərman - ARAŞDIRMA

11-07-2022, 12:17           
Qulağı səsdə qalan yüzminlərlə vətəndaş, tapdanan qanunlar, icra edilməyən fərman - ARAŞDIRMA
Qulağı səsdə qalan yüzminlərlə vətəndaş, tapdanan qanunlar, icra edilməyən fərman
Hələ ötən əsrin 90-cı illərinin ortalarında mərhum Prezident Heydər Əliyev Davosda Rusiya Federasiyası Baş nazirinin birinci müavini, qonşu ölkədə özəlləşdirmə prosesinin icrasına bilavasitə rəhbərlik etmiş Anatoli Çubaysla görüş keçirdi. Görüşün məqsədi Rusiyada həyata keçirilən özəlləşdirmə prosesi ilə bağlı fikir mübadiləsi aparmaq, sovetdən qalma dövlət əmlakının vətəndaşlar arasında ədalətli bölgüsünü təmin etmək, tarixi bir prosesə hazırlıq idi.

Hələ o zaman ulu öndər bəyan edirdi ki, Azərbaycan özəlləşdirmə yolunu tutub və prosesi ən yüksək şəffaflıq şəraitində həyata keçirmək əzmində və iqtidarındadır.

Cəmi bir il sonra, 1996-cı ilin martında Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının dövriyyəyə buraxılması haqqında fərman imzalandı. Fərmanda özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının əsas payçılarının vətəndaşlar olması öz əksini tapdı.

Fərman cəmiyyətdə ruh yüksəkliyi ilə qarşılandı və özəlləşdirmə çekləri paylanan ilk günlərdən onu almaq üçün izdihamlı növbələr yarandı. Hər kəs dövlət tərəfindən pay sahibi edilməsinin sevincini bölüşür, keçid dövrü üçün çeşidli planlar qururdu.

Özəlləşdirmə çeki payçıların qazanc mənbəyi kimi...

Dövlət özəlləşdirmə payı – mülkiyyət hüququ olduğunu təsdiq edən rəsmi dövlət sənədidir. Dövlət özəlləşdirmə çeki qiymətli kağızdır. Yəni hər dövlət özəlləşdirmə çeki dövlət tərəfindən vətəndaşa verildiyi an eyni dəyərə malik olub, adsız qiymətli kağızdır.

Bununla bağlı fərmanda qeyd olunur ki, özəlləşməyə çıxarılan hər bir səhmdar cəmiyyətin 15 faiz payı əmək kollektivinə güzəştli şərtlərlə, 50 faizi çek auksionlarına, 15 faiz pul auksionlarına, 20 faizə qədər isə investisiya fondlarını formalaşdırmaq üçün yönəldilir.

Kiçik bir təhlil aparsaq, görərik ki, qanunda özəlləşdirmə prosesi zamanı üstünlük ölkə vətəndaşları üçün nəzərdə tutulmuşdu. Özəlləşdirməyə çıxarılan dövlət əmlakının 65 faizinin sahibi məhz vətəndaşlar olmalı idi.

Qiymətli kağızlar üçün tədavül müddəti nəzərdə tutulmasa da...

Qiymətli kağızlarla bağlı müvafiq Məcəllədə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunur ki, qiymətli kağızların tədavülü həmin kağızlar üzərindəki mülkiyyət hüququnun bağlanacaq mülki hüquqi müqavilələr ilə, məsələn, alqı-satqı, dəyişdirmə, bağışlanma və sair ilə onun mülkiyyətçisindən başqa şəxsə keçməsi nəzərdə tutulur.

Nəzərə alsaq ki, özəlləşdirmə çekləri qiymətli kağızdır, onların tədavül müddətinin bitməsinin elan edilməsi qanunvericiliyə ziddir. Hansı ki, inflyasiyadan qorunan əmlak ekvivalenti olaraq bir özəlləşdirmə payının qiyməti 2000 dollar civarında qiymətləndirilib.

Yüzminlərlə vətəndaş tarixi ədalətin bərpa olunacağı günü gözləyir

Yüzminlərlə vətəndaşın vaxtı ilə dövlət tərəfindən verilmiş özəlləşdirmə çekləri bu gün də əllərində qalıb. Lakin həmin çeklər özəlləşdirmə prosesində iştirak etmir, heç bir işə yaramır. Çünki tədavül müddəti başa çatmış sayılır. Dövlət özü təminat verdiyi özəlləşdirmə çeklərinə, onlara sahib olan vətəndaşlara sahib çıxmalıdır.

Özəlləşdirmənin hansısa mərhələsində vauçerlərin istifadəsini təmin edən qanun layihəsi də müzakirə oluna bilər. Hələlik müvafiq qurumların belə bir addım atmaq niyyəti yoxdur. Görünür, indiki məqamda bunu aktual hesab etmirlər.

Lakin bu, çıxış yolu deyi. Ən yaxşı halda məsuliyyəti boynundan atmaq və problemi gələcək nəsillərə ötürməkdir. Gec də olsa, özəlləşdirmə çekləri əllərində qalan vətəndaşların hüquqlarının tapdanmasına yol verməmək üçün münasib üsullar, metodlar işlənib hazırlanmalıdır. Bu, kompensasiya şəklində də ola bilər, özəlləşdirmə prosesində iştirak formasında formasında da. Yəni istənilən halda insanların zərər görməməsinə çalışmalıyıq.

Yekdil rəy ondan ibarətdir ki...

Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, siyasi partiya rəhbərləri, QHT sədrləri, hüquq müdafiəçiləri, mətbuat nümayəndələri, iqtisadçılar, hüquqşunaslar, əmlak ekspertləri, hətta hakim Yeni Azərbaycan Partiyasın (YAP) funksionerləri belə, vətəndaşlara dəymiş zərərin ödənməsini vacib hesab edirlər. Onlar da fərqindədirlər ki, bu qədər insanı ümidsiz buraxmaq olmaz.

“Vaxtında çeklərinizi satışa çıxaraydınız” demək isə absurd yanaşmadır. Ona görə ki, bu çeklər üçün zaman nəzərdə tutulmayıb. Prosesin icrasına ciddi süni əngəllər yaradılıb. Hansı ki, ümumilli lider Heydər Əliyevin xalqın problemlərinin həllinə yönəlik mütərəqqi fərmanı bundan bir qrup işbazın, oliqarx məmurların faydalanmasını nəzərdə tutmurdu. Qanunda tədavül müddəti yox idi, əsas payçılar (65 faiz) vətəndaşlar olmalı idi, inflyasiyadan qorunan konkret məbləğ müəyyən edilmişdi.

Bunların heç biri həyata keçirilmədi və günün birində “Daha çeklərinizə ehtiyac yoxdur, cırın atın” demək həm də ölkənin qiymətli kağızlarına olan hörmətsizlikdir. Halbuki, özəlləşdirmə çekləri Azərbaycanda ən qiymətli kağızdır.

Düşünmək zamanıdır, cənablar! Düşünmək və hərəkətə keçmək! Xalqın, vətəndaşların ahını almaq deyil, haqqını vermək zamanıdır!

AYNA Ekspert Qrupu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.