Rusiya Ermənistanı dövlət hesab etmir: Putin Paşinyana niyə Ərdoğanla görüşə icazə verməyib

12-07-2022, 00:04           
Rusiya Ermənistanı dövlət hesab etmir:
Baş nazir Nikol Paşinyan Kreml sahibindən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşmək üçün icazə istəyib... Ancaq Kreml sahibi erməni baş nazirə Türkiyə prezidenti ilə görüşü qadağan edib və hələlik sadəcə, telefon danışığı ilə kifayətlənməyi tapşırıb...
Ermənistanda maliyyə-iqtisadi böhranın dərinləşdiyi bildirilir. Bu düşmən ölkənin mətbuat orqanlarında sosial şüarlar ilə kütləvi etiraz dalğasının hər an başlaya biləcəyi ehtimal olunur. Və rəsmi İrəvan Ermənistanın düşdüyü vəziyyətin günahını birmənalı şəkildə qonşu ölkələr ilə münasibətlərin normallaşması prosesini əngəlləməyə çalışan erməni müxalifətinin üzərinə yükləyir.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti Azərbaycan və Türkiyə ilə nəqliyyat-kommunikasiya xətlərinin açılmasının, eləcə də, qonşu ölkələrlə ticarət-iqtisadi münasibətlərin qurulmasının həyati əhəmiyyət daşıdığını vurğulayır. Köçəryan-Sarkisyan cütlüyünün rəhbərlik etdiyi Qarabağ klanı isə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasını Ermənistana xəyanət kimi təqdim edir. Və bu prosesi əngəlləməyə, mümkün olduğu qədər gecikdirməyə cəhd göstərir.

Halbuki, Rusiya siyasi dairələrindən verilən məlumata görə, Azərbaycan və Ermənistan arasında bütün nəqliyyat-kommunikasiya xətlərinin açılması, iqtisadi-ticari əlaqələrin qurulması üzrə danışıqlarda kifayət qədər ciddi irəliləyişlər əldə olunub. Kreml bunu Rusiyanın vasitəçilik missiyasının böyük uğuru kimi təqdim etməyə çalışır. Və bu prosesin müsbət nəticələnməsi sayəsində regional geoiqtisadi layihələrdən faydalanmağa can atır.

Ancaq rəsmi İrəvan hələ də tərəddüd edir. Revanşistlərin təzyiqlərindən xilas olub, Ermənistanı blokadadan çıxara biləcək addımların atılmasına cəsarət göstərə bilmir. Nəticədə Ermənistan həm blokadada qalır, həm də öz ərazilərindən keçə biləcək perspektivli marşrutları itirmək təhlükəsi ilə üzləşir.

Azərbaycan və İran arasında Zəngəzur dəhlizinə alternativ sayıla biləcək layihənin sürətləndirildiyi müşahidə olunur. Belə ki, iki qonşu ölkə "Xudafərin" və "Qız qalası" körpülərinin tikintisini tezləşdirmək barədə anlaşma əldə edib. Bu, o deməkdir ki, indi Zəngəzur dəhlizinin açılması üçün Ermənistan özü xahiş etməli olacaq. Əks halda, tezliklə bu dəhlizə alternativ marşrut işə salınacaq.

Təbii ki, bundan yalnız Ermənistanın zərər çəkəcəyi qətiyyən şübhə doğurmur. Çünki, Azərbaycan öz hədəflərini alternativ variantlar üzrə reallaşdırmaqda davam edir. Rəsmi Bakı hətta Avropa Birliyi ilə də yaxınlaşma prosesini intensivləşdirib. Bu qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar bildirib ki, Azərbaycan və Avropa Birliyi arasında münasibətlər inkişaf edir və yaxın vaxtlarda iki tərəfin yeni əməkdaşlıq anlaşmasını imzalayacağı gözlənilir.

T.Klaar hesab edir ki, indiki beynəlxalq situasiyada nəqliyyat-kommunikasiya dəhlizləri böyük əhəmiyyət qazanmaqdadır. Bu baxımdan isə Cənubi Qafqaz, xüsusilə də, Azərbaycan ön plana keçməyə başlayıb. Çünki Azərbaycan Qərb və Şərq arasında iqtisadi-ticari münasibətlərdə həlledici rol oynayır. Ona görə də, Avropa Birliyi ilə Azərbaycanın qarşılıqlı münasibətləri yaxın perspektivdə yalnız möhkəmlənə bilər.

Avropa Birliyinin yüksək rütbəli təmsilçisi Azərbaycana olan diqqətin zəngin enerji resursları ehtiyatları ilə bağlı olduğunu da qətiyyən gizlətmir. Onun fikrincə, Azərbaycan Avropa Birliyi üçün enerji təhlükəsizliyi də daxil olmaqla, iqtisadi-ticari sahəni əhatə edən bir çox istiqamət üzrə önəmli tərəfdaşdır. Və yaxın gələcəkdə bu tərəfdaşlıq bütövlükdə Cənubi Qafqazın inkişafına müsbət təsirlər göstərə bilər.

Ancaq belə davam edərsə, Ermənistan Cənubi Qafqazın inkişaf prosesindən kənarda qala bilər. Çünki, "xəyali və heç vaxt reallaşmayacaq hədəflər"in girovuna çevrilmiş Ermənistan geoiqtisadi layihələrə qatılmaq şanslarını özü bloklayır. İndiki situasiyada isə Paşinyan hakimiyyətinin Ermənistanı bu girovluqdan xilas edə biləcəyi o qədər də inandırıcı görünmür.

Məsələ ondadır ki, Ermənistanın "xəyal girovluğu"na həm də Rusiyanın regional for-postu olmaq kimi ciddi problem paralellik təşkil edir. Rəsmi İrəvan Kremlin maraqlarını və mövqeyini nəzərə almadan hər hansı addım atmaq şansına sahib deyil. Əks halda, Kreml dərhal Ermənistandakı Rusiyaya sadiq revanşistləri hərəkətə gətirir. Və nəticədə rəsmi İrəvan yenidən reallıqlardan "xəyali hədəflərə" geri dönmək məcburiyyətində qalır.

Revanşistlərin Ermənistanın gələcək mövcudluğunu yalnız Rusiyaya bağlayaraq, qonşularla münasibətlərin normallaşdırılmasına ciddi müqavimət göstərməsi artıq erməni toplumunda da kəskin reaksiya doğurmağa başlayıb. Erməni bloqqer Roman Baqdasaryan Ermənistan cəmiyyətinin Köçəryan-Sarkisyan cütlüyünün oyunlarından bezdiyini bildirib: "Serj və Robertin Rusiyanın Ermənistanla müttəfiq olması barədə nağıllarına qulaq asaraq, gələcəyimizi məhvə aparırıq. Rusiya üçün öz maraqları və köhnə, yararsız silahlarını Ermənistana sırımaq daha önəmlidir. Nəticədə erməni əsgərlər məhv olur".

Rusiya ilə müttəfiqliyə qarşı çıxan erməni siyasətçi Ayk Martirosyan isə Ermənistanın düşdüyü vəziyyəti daha sərt şəkildə izah edir. Onun fikrincə, Ermənistan Rusiya üçün sadəcə, regional alətdir: "Artıq ayılmaq və dünyada baş verənləri reallığa uyğun dəyərləndirmək lazımdır. Əks halda, Ermənistan "Rusiyanın tabutu" altında qalmaq riski ilə üzləşə bilər. Halbuki, Ermənistan indiyə qədər Rusiya üçün hətta vassal belə, olmayıb. Çünki, vassalların fikri, mövqeyi ilə heç olmasa, hesablaşırlar. Ermənistan hazırda Rusiyanın nökəridir".

Əslində, bu fikirlərdə həqiqət payı kifayət qədərdir. Çünki, Paşinyan hakimiyyəti Rusiyanı qıcıqlandırmaqdan qorxduğu üçün Azərbaycan ilə ikitərəfli müzakirələrə cəsarət etmir. Rusiya Ermənistanın Azərbaycan və Rusiya ilə münasibətlərini normallaşdırma prosesini öz geopolitik maraqlarına uyğunlaşdırmağa çalışır. Zəngəzur dəhlizi də daxil olmaqla, Cənubi Qafqazda açılacaq bütün nəqliyyat-kommunikasiya xətlərinə nəzarət imkanları qazanmağa can atır. Bu məqsədlə də məhz Ermənistandan geopolitik alət kimi istifadə edir.

Maraqlıdır ki, bir müddət öncə Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putin ilə telefonda danışmışdı. Ermənistanın "Hraparak" nəşrinin iddiasına görə, telefon danışığı məhz erməni baş nazirin təşəbbüsü ilə reallaşıb. Və baş nazir Nikol Paşinyan Kreml sahibindən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşmək üçün icazə istəyib. Ancaq Kreml sahibi erməni baş nazirə Türkiyə prezidenti ilə görüşü qadağan edib. Və hələlik sadəcə, telefon danışığı ilə kifayətlənməyi tapşırıb.

Nə qədər qəribə də olsa, erməni baş nazir Kreml sahibinin tapşırığını eynilə yerinə yetirib. Onun Türkiyə prezidenti ilə telefon danışığı reallaşdırılması da bu barədə məlumatları təsdiqləyir. Belə anlaşılır ki, Kreml sahibi erməni baş nazirə güvənmir, Ermənistanı da dövlət hesab etmir. Ona görə də, Rusiyanın qeyri-rəsmi quberniyası kimi yanaşdığı Ermənistanın bütün addımlarını şəxsən nəzarətdə saxlayır. Erməni baş nazirin Türkiyə ilə birbaşa görüşəcəyi təqdirdə, Rusiyanın xeyrinə olmayacaq hansısa qeyri-rəsmi anlaşmaların ola biləcəyindən ehtiyatlanır. Və bu, o deməkdir ki, Ermənistanın həm daxili, həm də xarici siyasəti məhz Kremldə planlaşdırılır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.