General jurnalisti məhkəməyə verdi

4-05-2016, 16:22           
General jurnalisti məhkəməyə verdi
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov AzToday.az saytının baş redaktoru Elmidar Əliyevi məhkəməyə verdirib.
Kəmaləddin Heydərovun Gömrük Komitəsində əsas adamı, yaxın qohumu, Bakı Gömrük İdarəsinin rəisi Vüsal Novruzov Aztoday.az saytında barəsində dərc olunan yazılarda şərəf və ləyaqətini ləkələyən məlumatların yer aldığını iddia edərək Elmidar Əliyevdən Yasamal rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verib. Yasamal rayon Məhkəməsindən baş redaktora göndərilən bildirişdə məhkəmə baxışının mayın 6-na təyin olunduğu bildirilib.
AzToday.az saytının baş redaktoru Elmidar Əliyev açıqlamasında barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətin şifarişçisinin fövqəladə hallar naziri Kəmaləddin Heydərov olduğunun şübhə doğurmadığını deyib:
“AzToday.az saytında Kəmaləddin Heydərov barəsində yazdığımız yazılar, xüsusi ilə onun Rusiyanın müdafiə naziri Serqey Şoyqu arasındakı “işguzar” münasibətlərin pərdəarxası məqamları ilə bağlı hazırladığımız məqalə məhkəməyə verilməyimizə səbəb olub. Kəmaləddin Heydərovun Gömrük Komitəsindəki əsas adamı Vüsal Novruzov barəsində indiyədək mediada çoxsaylı məlumatlar dərc olunub. Həmin məlumatlarda gömrük generalının ünvanına açıq-aşkar təhqirlər belə səsləndirilib. Buna baxmayaraq Vüsal Novruzov həmin media qurumlarını məhkəməyə vermək hüququndan istifadə etməyib. Mətbuatda gedən məlumatlar əsasında yazılar hazırlayan AzToday.az portalı ilə bağlı xüsusi ittiham qaydasında verilən şikayət onu düşünməyə əsas verir ki, Kəmaləddin Heydərov qohumunun adının altında bizi “susdurmaq” qərarına gəlib. Əgər Azərbaycan hakimiyyətində əsas söz sahiblərindən biri olan Kəmaləddin Heydərov bu yolla Rusiya hakimiyyəti ilə münasibətlərinin ifşa olunduğu yazıların dayanmasına nail olacağını düşünürsə, yanılır. Görünür “fövqəlnazir” hesab edir ki, bu yolla KİV-ə qarşı birbaşa təzyiq göstərilməsində adının hallanmamasına nail olacaq və eyni zamanda onun barəsində həqiqətləri söylənilməsinin qarşısını alacaq. Gömrük generalını önə verməklə reputasiya riskinə getmək istəmir və Aztoday.az –ı susduracağını düşünür. Çünki K.Heydərov indiyə qədər özü KİV-i məhkəməyə verməkdən çəkinib və adının Aztoday.az saytının məhkəməyə çəkilməsində hallandırılmasını istəmir. Amma sirr deyil ki, V.Novruzov onun iradəsindən kənar bu addımı ata bilməz. Əksinə, hesab edirik ki, bu birbaşa onun əmri ilə həyata keçirilir. Amma “fövqəlnazirin” kölgədə qalmaq və eyni zamanda Aztoday.az saytını susdurmaq səyləri nəticəsiz qalacaq. Aztoday.az saytı K.Heydərovun fəaliyyəti, onun Rusiya ilə əlaqələri barədə həqiqətlərin ictimailəşməsi istiqamətində çalışmalarını davam etdirəcək”.
Baş redaktor Kəmaləddin Heydərovun adamının bu addımla Azərbaycan üçün hazırda çox həssas məqamda, prezident İlham Əliyevin iradəsinə qarşı getdiyini, beynəlxalq arenada ölkəmiz qarşı təzyiqlərə yol aça biləcək səhvə yol verdiyini düşünür:
“Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində Qarabağ cəbhəsində hərbi əməliyyatların başlaması “dörd günlük” müharibədən sonra Azərbaycan beynəlxalq mövqelərini möhkəmləndirməyə, daha çox dəstək almağa çalışır. Azərbaycan eyni zamanda Rusiyanın vasitəçilik səylərinin məhz münaqişənin ədalətli həllinə istiqamətlənməsi üçün səy göstərir. Eyni zamanda hazırkı məqamda Azərbaycan üçün Qərb ölkələri ilə əlaqələrin gücləndirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın bu cür praqmatik xarici siyasəti, həm Moskvada, həm də Bakıda bir sıra dairələr tərəfindən sabotaj edilməyə çalışılır.
Vüsal Novruzovun barəmdə verdiyi xüsusi ittiham qaydasında şikayəti də, bu cür siyasətə qarşı çıxış edən yüksək çinli məmurların, konkret Kəmaləddin Heydərovun atdığı addımlardan biridir. Bu açıq-aşkar prezident İlham Əliyevin iradəsinə qarşı getməkdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.