Londondakı Azərbaycan səfirliyinə hücum: Azərbaycan Britaniyadan təhlükəsizlik "zəmanəti istəyib"

5-08-2022, 17:43           
Londondakı Azərbaycan səfirliyinə hücum:
Azərbaycan Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkilinə Londondakı səfirliyə hücumla bağlı “qəri etiraz” bildirib və belə halların bir daha təkrarlanmayacağına dair qarşı tərəfdən “zəmanət tələb edib”, XİN bildirib.

Bundan əvvəl Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bu hücumla bağlı “hərtərəfli araşdırma aparıldığını" açıqlayıb.

Cümə axşamı bir neçə şəxs Londonda Azərbaycan səfirliyinə hücum edib. Onlar səfirliyin yerləşdiyi binada Azərbaycan bayrağını çıxarıb yerinə dini şüar yazılmış bayraq taxıblar, divarlara, pəncərələrə ərəb dilində şüar yazıb və səsləndiriblər.

Hücumla bağlı 8 nəfər saxlanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi London səfirliyindəki insidenti "bir qrup radikal dini dəstə"nin hücumu və “vandalizm aktı” kimi qiymətləndirib.

Cümə günü Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan Xaici İşlər Nazirliyinə çağırılaraq onun diqqətinə çatdırılıb ki, bu “təxribat diplomatik nümayəndəliyin təhlükəsizliyinin təminatı məsələsini ciddi şəkildə üzə çıxarıb” və “ev sahibi ölkəsi beynəlxalq hüquqi öhdəliklərinə uyğun olaraq təhlükəsizlik tədbirləri görməlidir”, XİN açıqlayıb.

Nə baş verib?
Sosial mediada yayılan video görüntülərdə bir neçə naməlum şəxsin Londonda Azərbaycan səfirliyinin yerləşdiyi binanın balkonuna çıxdığı və şüarlar qışqırdığı, pəncərə və divarlarda ərəbcə yazılar və plakatlar görünür.

Video kadrlarda bir kişinin balkonda sancılan Azərbaycan bayrağını çıxarıb tulladığı, yerinə ərəbcə sözlər yazılmış mavi bayraq asdığı da görünür.
Britaniyanın Metro qəzeti səfirliyə hücum edən şəxslərin Mehdinin Nökərləri Birliyinin üzvləri olduğunu yazıb.

Şiə təriqətinə mənsub, Londonda mənzillənən Mehdinin Nökərləri Birliyinin saytında bildirilir ki, onlar İmam Mehdinin zühuruna hazırlaşan müsəlmanları birləşdirirlər.

Onlar buna “İslam Rafizi dəyərlərinə uyğun imanla irəliləmək və şiə sivilizasiyasının dominantlığına nail olmaqla” hazırlaşırlar, saytda vurğulanıb.

Birliyin lideri Yasser Al-Habibin “Cənnət xanımı” filmi ilk dəfə Məhəmməd Peyğəmbərin üzünü göstərən film kimi xarakterizə olunur. Film peyğəmbərin qızı Fatimə haqqında olsa da, əsasən İmam Əlidən bəhs edir. Sünni müsəlmanlar filmin təhriflərə yer verdiyini deyərək, onun kinoteatrlardan qaldırılmasını tələb etmişdi.

Qrupla əlaqəsi olan üzvlər Azərbaycan hökumətinin bəzi şiə müsəlmanları “təqib etdiyini" iddia ediblər.

Qrup bəyanatda bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevə qarşı “təcili tədbir görülməsi” üçün rəhbərləri tərəfindən göstəriş verilib, Metro qəzeti yazıb.

Əslən Küveytdən olan Əl-Həbib Böyük Britaniyada sığınacaq alıb və Buckinghamshire-də məscid idarə edir.

İranın Londondakı səfirliyi daha əvvəl qrupu 2018-ci ildə onun əmlakına hücumda ittiham etmişdi.

"Vandalizm aktı"
Azərbaycan XİN bildirib ki, səfirliyin binasına daxil olmağı bacaran “radikal dini dəstə üzvləri "vandalizm aktı" törədib, binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər.

"Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır", - Azərbaycan XİN bəyan edib.

Böyük Britaniya hadisəni pisləyib
Britaniyanın Azərbaycandakı səfirliyi Azərbaycanın London səfirliyinə daxil olan "etirazçıların hərəkətlərini pisləyib".

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi cümə günü yaydığı bəyanatda bildirib ki, polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb və 8 nəfər həbs edilib.

“Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan səfirliyi ilə əlaqə saxlayır”, - səfirliyin cümə günü yaydığı bəyanatında əks olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.