Məktəb gəldi, “dərd” gəldi... - Formaların qiyməti “əl yandırır”

18-08-2022, 17:13           
Məktəb gəldi, “dərd” gəldi... -
Məktəbli formalarının qiyməti açıqlanıb. Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov bildirib ki, formalar hələlik BTE-də bazarlanacaq. Onun sözlərinə görə, “Bravo” marketlər şəbəkəsində mal mövcud deyil, ancaq verilməsi nəzərdə tutulur:
"Bu il geyimlər iki - tünd-göy və boz rəngdə olacaq. Ancaq əksəriyyət tünd-göy rəngə üstünlük verir. Ağ köynək və tünd-göy rəngdə ətək və ya şalvar, bir də mavi rəngdə köynək və boz rəngdə ətək və şalvar istehsal etdik. BTE-nin mərkəzi dükanında və bir neçə gün sonra “Bravo” marketlər şəbəkəsində satışa çıxarılacaq. Bəzi işbazlar tərkibi yun olmayan formaları yenə bazara çıxarmaq istəyirlər. Lakin məhsullarımız sadəcə bu iki yerdə satılacaq. BTE-nin bütün malları sertifikata malikdir”.

Qurum rəsmisi 1-4-cü siniflərdən başqa, digər siniflər üçün forma tikişinin nəzərdə tutulmadığını vurğulayıb:
"Əvvəlki illərdəki formalarını geyinə bilərlər. Köhnə formaları geyinənlərin məktəbə buraxılmaması kimi bir hal yaşana bilməz. Bu qiymətlərdən ucuz qiymətə satılanların tərkibi yun və ya pambıq deyil, həmin məhsulların satışı tam qadağandır".
Qeyd edək ki, həm oğlan, həm də qızlar üçün polo uzunqol və qısaqol köynəklərin qiyməti 14 manat, şalvarlar 25 manat, jaket 27 manat, ətək isə 25 manatdan satışa çıxarılacaq. Teref.az-ın məlumatına görə, iqtisadçı Xalid Kərimli "Sherg.az"a deyib ki, Təhsil Nazirliyinin təklif etdiyi məktəbli formalarını valideyn mütləq almaq məcburiyyətində deyil:

"Şagird təqdim olunan nümunəyə bənzər rənglərdə, standartlarda geyinə bilər. Həmçinin istədiyi mağazadan da əldə etməsinə qarşı çıxmaq, mane olmaq qeyri-mümkündür. Təbii ki, hökumət tender vasitəsilə, ən yaxşı təşəbbüslə çıxış edir. Vətəndaş eyni formanın alternativini seçməkdə azaddır. İnsanların gəliri isə nisbi məsələdir. Dünyada qiymət artımı müşahidə edilir. Adamın qazancı çoxalmırsa və parçanın material tarifi bahalaşırsa, bu, artıq sahibkarın problemi deyil".

QHT nümayəndəsi, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Fədai də bildirib ki, bir müddət əvvələ qədər geyimlərin qiyməti bizi çox da təəccübləndirməzdi:

"Lakin indi bazarda qiymət artımının şahidi oluruq. Bahalaşma ilə yanaşı məktəbli formasının alınması ailəyə ciddi şəkildə təsir edə bilər. Evinin gündəlik qayğılarının öhtəsindən gələ bilməyən bir ailə başçısında məktəbli formasının bahalığı gərginlik yaradır. Mağazalarda qiymətlər yüksələn kimi digər sahələrdə də bahalaşma müşahidə edilir. Ümumilikdə məsələ hansısa bir formada tənzimlənməlidir. Çünki ailə üzvlərinin geyimini ala bilməyən valideyn övladını təhsildən yayındırmağa məcbur qalır, dərsə göndərmək istəmir. Bu da övladın utanması, bütövlükdə psixologiyasının pozulması ilə nəticələnir. Hazırda Azərbaycanda müzakirə obyekti digər məsələlərdir. İnsanların sosial-iqtisadi durumu, onlarda yaranan aqressiya, sosial partlayışlar nə hökuməti, nə də müvafiq qurumları düşündürür. Qarşıdan gələn yeni tədris ilində ailələrin uşaqlarının ehtiyaclarının necə qarşılayacağı heç kimi maraqlandırmır. Görünür, belə mövzular barədə fikir yürütmək, müzakirə aparmaq məqsədəuyğun hesab edilmir. Əhalinin durumu həqiqətən də yaxşı deyil. Bu, ciddi bir siqnaldır. Beləliklə, cəmiyyət arasında cinayətlərin sayı artır, imkansızlıq ailədaxili münaqişələrə gətirib, çıxarır. Övlad sahibi olan ana-ataların maddi vəziyyəti nəzərə alınmalıdır. Uşağı eyni sinifdə təhsil alan valiydenlərin "WhatsApp" qrupları yaradılır. Onlardan biri münasib qiymətə məhsul tapırsa, digərlərini də həmin mağazaya cəlb edir, məsləhət görür. Deməli, heç kim yüksək qiymətə qaçmır. Bütün bunların hamısı iqtisadi durumdan xəbər verir".

Tanınmış telejurnalist Ləman Ələşrəfqızı isə vurğulayıb ki, ailədə 3 uşaq varsa, qiymətlər əlbəttə, bahadır:

"Lakin hər yerdə köynəyin, şalvarın təxminən təklif olunan qiymətlər civarında olduğunu da demək lazımdır. Pul olsa, hər şey ucuz görünər. Sıradan Azərbaycan ailəsini nəzərə alanda, ümumi büdcəyə baxanda BTE-nin açıqladığı məbləğ böyük rəqəmdir. Eyni zamanda bazar qiymətlərinə diqqət yetirdikdə isə normal məbləğdir. İldə bir dəfə alırıq. Amma təhsili alış-veriş predmetinə çevirmək doğru deyil. Məktəbli geyimləri təzəlikcə dəyişdi. Ötən il qızıma bu formaya bənzər ətək aldım. Düşünürəm ki, yeni tədris ilində başqasını almayacam. Bəs, belə olduğu halda onu məktəbə buraxacaqlarmı? Yeni ətək almağımın üstündən bir neçə ay keçib, artıq təzə formalar düşünüblər, "özlərindən Amerika kəşf edirlər". Heç olmasa, 5-6 il eyni cür məktəbli paltarı geyinilməlidir. Gündə hoqqabazlıq edirlər. Həmçinin çox zövqsüz geyimlərin təşəbbüsünü verirlər. Heç şagirdlər məktəbliyə də oxşamırlar. Hər halda bundan öncəkilər göz oxşamırdı. Hazırkı təsvirlərdən də "gözüm su içmir". Məsələn, orta təhsil müəssisəsində bir uşağım oxuyur. Geyimi ala biləcəm. Amma elə ailələr var ki, 2-3 övladını məktəbə göndərir. Onların artıq təkcə paltarı 270-300 manat edir. Lakin digər məktəb ləvazimatları da var axı. Onları da hesablasaq, 2-3 uşaqlı ailə 600-700 manat pul xərcləməlidir. Ona görə də vahid formaya keçilməlidir".




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.