“Təxminən 70 min müharibə iştirakçısı ilə işləmək lazımdır” - Rey Kərimoğlu

20-08-2022, 09:57           
“Təxminən 70 min müharibə iştirakçısı ilə işləmək lazımdır” - Rey Kərimoğlu
“Qazilərimizə, müharibə iştirakçılarına, Şəhid ailələrinə davamlı psixoloji yardım göstərmək üçün sosial işçilər və psixoloqlardan ibarət qrup yaradılmalıdır. Regionlarda qapısı açılmayan və ya 1 otağı istifadə edilən gənclər evləri var. Bu mərkəzlərdə onlarla sosial layihə etmək olar. Xidmət onlara getməlidir. Əzizlərim, intihar heç nəyə çarə deyil. Özümüzə də, sevdiklərimizə də bu acını, ağrını yaşatmayaq”.

Bu təklifi Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova irəli sürüb. O, “Yeni Müsavat”a geniş açıqlamasında bildirdi ki, qazilərin psixoloji vəziyyəti ilə bağlı davamlı iş aparılmalıdır: “Qazilər, şəhid ailələri, müharibə iştirakçıları qurumlara müraciət etməməlidir, xidmətlər onların ayağına getməlidir. Düşünürəm ki, bunu təşkil etmək o qədər də çətin deyil. Regionlarda fəaliyyətsiz olan mərkəzlər var. Həmin mərkəzlərdə veteranlar, şəhid ailələri üçün dərnəklər, pulsuz kurslar açıla bilər. İntihar faktları ilə bağlı açıqlamalarda bildirilir ki, sosial təminat qaydasında idi. Mən belə açıqlamaların tərəfdarı deyiləm. Əgər sosial təminat varsa, qazilər nəyə görə intihar edir? Üstəlik, bunu intiharın ağır forması olan özünü yandırma ilə edirlər... Müharibə travmalarının aradan qaldırılması üçün biz nə zaman hərəkətə keçəcəyik? Qazilər kiminsə qapısını döyüb, mənim psixoloji problemim var deməlidir? Ard-arda bir neçə intihar baş verdi. Şəhid ailələrinin psixoloji durumu ilə peşəkar iş aparılmalıdır. ”YAŞAT" Fondunun təşkilatlığı ilə düşərgələrin həyata keçirilməsi təqdirəlayiqdir. Lakin bunun fonunda dərin travmalar da aradan qaldırılmalıdır, əks halda, effekt verməyəcək. Təklif olunan layihələr üçün böyük vəsait tələb olunmur. Türkiyədə bu sahədə ixtisaslaşmış psixoloqlar var ki, bizim psixoloqlara ustad dərsləri keçə bilərlər. Qaynar xətt təşkil etməklə iş bitmir. Bədən üzvlərini itirmiş qazilər var, onların gündəlik həyatda nə qədər çətinlik çəkdiyini düşünün. Onlar işlə təmin olunmalı, paralel olaraq da psixoloji durumu ilə bağlı iş aparılmalıdır".

G.Səfərovanın fikrincə, qazilərə, müharibə iştirakçılarına, şəhid ailələrinə psixoloji yardım göstərmək üçün QHT-nin təcrübəsindən istifadə etmək faydalı ola bilər: “Mən bu fəaliyyətin ƏƏSMN-ə həvalə edilməsini istəmirəm, çünki bu qurumla bağlı narazılıqlar çoxdur. Bəzi müraciətlərə cavab verilmir. Bunu QHT, müxtəlif təşəbbüs qrupları həyata keçirə bilərlər. Təcrübə göstərir ki, görüşlər, müzakirələr effektiv nəticə vermir. Müharibə dövründə bu məsələni diqqətdə saxlamışdıq, sosial paketlərin hazır olmasını hələ o zaman təklif edirdik. Müharibə dünyanın bir çox ölkələrinə təsir göstərir. Məsələn, ABŞ-də veteranlar üçün evlər var.

Təklif edirəm ki, QHT, qərarverici şəxslərdən ibarət çevik işçi qrupu yaradılsın. İxtisaslaşmış QHT-lərə layihələr verilməlidir, çünki onların əhali, icma ilə işləmək bacarığı və təcrübəsi var. Bundan istifadə etmək lazımdır".

Qarabağ qazisi Rey Kərimoğlu hesab edir ki, qazilərin psixoloji reabilitasiyası üçün müvafiq dövlət qurumları fəaliyyətini genişləndirməlidir: “ƏƏSMN, ”YAŞAT" Fondu, Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birlikdə proqram hazırlamalıdır. Əslində bunu müharibədən dərhal sonra etmək lazım idi. Müharibə iştirakçılarının bir-biri ilə əlaqəsini qurmaq lazımdır, onlar ayrı düşüblər. Birinci Qarabağ müharibəsindən sonra Qarabağ Əlilləri Cəmiyyətini qurmuşduq. Azərbaycanın bütün regionlarından olan qazilər orada birləşmişdi. Ofisimiz, şəraitimiz var idi. Qaziləri kimsə incidəndə getməyə yeri var idi. Bu gün isə yoxdur".

R.Kərimoğlu qeyd etdi ki, icra hakimiyyətlərinin nəzdində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılsa da, işləyə bilmirlər: “İcra başçıları bu şöbələrə öz tanışlarını təyin ediblər. Nəticə göz qabağındadır. Vətən müharibəsində 100 min şəxs iştirak edib, 3 mini şəhid olub, 12 mini yaralanıb. Bildiyim qədər 7-8 min iştirakçı kontuziya alıb, amma həkim müayinəsindən keçməyib. Təxminən 70 min müharibə iştirakçısı ilə işləmək lazımdır. ƏƏSMN uzağı 10-15 min nəfərlə işləyə bilib”.

QHT-lərin prosesə cəlb olunması məsələsinə gəldikdə isə qazinin fikrincə, onlar, sadəcə, dəstək ola, təcrübələrini bölüşə bilərlər: “Nazirliklər pilot layihələrə vəsait ayırsalar da, nəticə olmayıb. Müharibə iştirakçıları ilə ayda bir dəfə bir həftəlik, 10 günlük kurslar təşkil edilməlidir. Onları başa salmaq lazımdır ki, özünü öldürməklə problem həll edilməyəcək. Davamlı işlər görülməlidir. Artıq 3-cü ildir ki, bu sahədə iş çox bərbaddır. Qazilər təşkilatlanmalı, onlara uyğun bir yerdə toplaşmaq üçün şərait yaradılmalı, problemlər yerində həll olunmalıdır. Birinci Qarabağ müharibəsinin qaziləri olaraq əlimizdən gələn köməyi etməyə hazırıq”.

R.Kərimoğlu həmçinin qeyd etdi ki, qazilər, şəhid ailələri və veteranlarla bağlı dövlət komitəsinin yaradılmasına ehtiyac var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.