İlham Əliyevin səfərinə hazırlaşırıq – Səfir

21-08-2022, 09:48           
İlham Əliyevin səfərinə hazırlaşırıq – Səfir
Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmanəliyev Bakıda diplomatik fəaliyyətinin ildönümünü qeyd edir.

Bununla əlaqədar Axar.az-ın əməkdaşı Qırğızıstan səfirinə bəzi suallar ünvanlayıb:

- Bir il keçdi. Səfirliyin bu müddət ərzində nailiyyətləri haqqında danışmağınızı xahiş edirik...

- Son bir ildə Azərbaycanla Qırğızıstan arasında ikitərəfli münasibətlərin “temperaturu” “sərin”dən “isti”yə yüksəlib. Keçən ilin aprelində Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri təşkil olunub. Bu səfər ikitərəfli münasibətlərə güclü təkan verdi. Qeyd edək ki, Qırğızıstan dövlət başçısının Bakıya sonuncu səfəri 10 il əvvəl olmuşdu.

Yeri gəlmişkən, yaxın vaxtlarda Azərbaycan Prezidenti İlham Əliyevin də Qırğızıstana cavab səfəri gözlənilir. Səfərin statusu ən yüksəkdir - dövlət səfəridir.

- Bakıya nazirlərin və ya digər rəsmilərin də səfərləri baş tutubmu?

- Son bir ildə Qırğızıstan Nazirlər Kabinetinin bir neçə üzvü, parlamentin iki vitse-spikeri, ölkənin baş prokuroru Bakıda səfərdə olub. Qeyd edim ki, Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova da Qırğızıstanda qonaq olub.

- Bu həftə Bakıda Azərbaycan və Qırğızıstan arasında ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçirilib. Bu iclas haqda bizə məlumat verə bilərsiz?

- Bu iclas üç illik fasilədən sonra baş tutdu. Burada Qırğızıstan Prezidentinin aprel ayında Azərbaycana rəsmi səfəri zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında bəyannamə və dövlət başçılarının dövlətlərarası şurasının yaradılması haqqında memorandum, həmçinin, 11 hökumətlərarası və idarələrarası saziş və memorandum imzalanıb. Bundan başqa, ümumiyyətlə, bizim otuzdan çox müxtəlif müqavilə və razılaşmalarımız var.

- Bəs sizin şəxsi nailiyyətləriniz nələrdir?

- Mənə gəlincə, Prezidentə etimadnamələr təqdim etdikdən sonra Azərbaycanda əsas vəzifəli şəxslər, Milli Məclisin sədri, nazirlər və nazir müavinləri, bizim üçün prioritet olan qurum və idarələrlə görüşlər keçirdim. Bundan əlavə, bu ilin fevral ayında Azərbaycanla yanaşı, Gürcüstana da səfir təyin olundum. Bu ilin iyununda isə etimadnaməni Gürcüstan Prezidentinə təqdim edib, Tiflis və Batumidə rəsmi şəxslərlə görüşmüşəm.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.