Sosial şəbəkənin verdiyi imkanlar bizi söydürürsə, nə etməliyik?

23-08-2022, 10:44           
Sosial şəbəkənin verdiyi imkanlar bizi söydürürsə, nə etməliyik?
Qabaqlar jurnalistin yazdığı məqaləni, hazırladığı süjeti oxucular, izləyicilər yığışıb çayxanalarda və digər toplantı yerlərində müzakirə edərdilər. Müəllifin həmin emosiyalardan geniş məlumatı olmurdu. Redaksiyalara ünvanlanan oxucu məktubları da olurdu. Həmin məktublar da çox savadlı və ədəb - ərkan qaydalarını gözləməklə yazılırdı.
İndi sosial şəbəkələr oxuculara və izləyicilərə nəinki jurnalistlə birbaşa ünsiyyət qurmaq, hətta hoppanıb onun “boynuna minməsi” üçün də şərait yaradır. Bir yazı yazıb paylaşırsan, görürsən ki, savadı, itellekti və ən əsası mədəniyyəti kasad olanlar belə onlar kimi düşünmədiyin üçün, səni birbaşa təhqir etmək, səni mövqeyini dəyişməyə vadar etməyə açıq cəhdlər göstərmək kimi imkana sahibdir. Hətta yazdığın bəzilərinin xoşuna gəlməyəndə saxta profillərlə şəkilini paylaşıb, səni təhqir etdirmək belə onların əlində çox asan bir vasitəyə çevrilib.
Eyni hal internet televiziyalarında da biabırçı formada müşahidə edilir. İnteraktivi qorumaq üçün kanallar canlı yayım zamanı şərh bölümünü açıq saxlayır. Kanallarda şərhlərə nəzarət edən, təhqir və söyüşləri silən moderatorlar da olmur. Buna görə də ortaya biabırçı nəticə çıxır.
Görürsən ki, çox mədəni müzakirə aparan bir siyasətçi hansısa saxta profillərdən iyrənc formada təhqirə məruz qalır. Əksər hallarda söyüşlərin məzmunu müzakirə edilən mövzu ilə uzlaşmır. Bir çox hallarda müsahib olan xanım siyasətçi və ya xadimin nə danışdığı yox, xarici görünüşünə ünvanlanan təhqir dolu şərhlərə rast gəlinir.
Artıq bir çox siyasilər haqlı olaraq internet kanallarına canlı yayıma dəvət alanda şərh bölümünün bağlanması tələbini irəli sürür. Düz də edir. Ya redaksiya buna nəzarətlə bağlı məsuliyyəti öz üzərinə götürməlidir, ya da şərh bağlı qalmalıdır. İnsan ora fikir bildirməyə gedir, söyülməyə yox ki! Heç bir insan ona verilən texniki təmas imkanından sui-istifadə etməməlidir.
Kimsə söyüşə söyüşlə cavab vermirsə, abırını qoruyursa, o demək deyil ki, bunu edə bilməz. Bəzən isə təhqir və söyüş ritorikasından çox tanınmış adamlarda istifadə edir. Mən öz səhifəmdəki paylaşımlarda bunun şahidi olmuşam. Qərara gəlmişəm ki, hansısa bir tanınmış adam onun zövqünə uyğun olmayan yazıya görə bir də təhqirə əl atacaqsa, ona elə adekvat qaydada da cavab verim. Başqa cür olmur. Adama deyərlər ay zırrama, xoşuna gəlmir oxuma, izləmə məni, söyüş niyə yazırsan?
Məhəmmədəli Qəribli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.