“Foreign Policy”: “Rusiya Finlandiya və Baltikyanı ölkələrlə sərhəddəki qoşunların 80 %-ni çıxarır”

29-09-2022, 09:15           
“Foreign Policy”: “Rusiya Finlandiya və Baltikyanı ölkələrlə sərhəddəki qoşunların 80 %-ni çıxarır”
Rusiya Ukraynadakı müharibə üçün qoşunlarının 80 %-ni Finlandiya və Baltikyanı ölkələrlə sərhədyanı bölgədən çıxarır.

“Report” xəbər verir ki, bu barədə nüfuzlu “Foreign Policy” dərgisi yazıb.

Bildirilib ki, Ukraynanın işğalına qədər bölgədə 30 minə yaxın Rusiya hərbi qulluqçusu var idi, lakin Moskva ağır itkilərin əvəzini çıxmaq üçün onların əksəriyyətini müharibəyə göndərməli olub.

Nəşrin istinad etdiyi adı açıqlanmayan iki Avropa müdafiə qurumu rəsmisi hesab edir ki, Kalininqrad və Baltikyanı regionda cəmi 6 minə yaxın Rusiya hərbçisi qalıb. Jurnal nəql edib ki, Rusiyada elan edilən səfərbərlik nəticəsində bu rəqəm dəyişə bilər, lakin xidmətə çağırılan ehtiyatda olan hərbçilər, çox güman ki, zəif təlim keçib və təchiz olunub.

“Son yeddi ay ərzində bu regiondan hərbçilərin köçürülməsi çox əhəmiyyət dərəcədə olub. Rusiya uzun onilliklər ərzində bizim yanımızda quru qoşunlarını saxlayıb, indi isə onlar, demək olar, buxarlanıb”, - Skandinaviya ölkəsinin adı çəkilməyən hərbi rəsmisi vurğulayıb.

Eyni zamanda rəsmi qeyd edib ki, Rusiya regionda hələ də güclü hava varlığını qoruyub saxlayır və nəşrin “Rusiya dəniz gücünün mirvarisi” adlandırdığı Şimal Donanması praktiki olaraq Ukrayna müharibəsindən təsirlənməyib. Finlandiyanın “Yle” telekanalı bildirib ki, Moskva Sankt-Peterburq yaxınlığında yerləşən hava hücumundan müdafiə sistemləri və raketlər də daxil olmaqla bəzi digər hərbi texnikanı regiondan çıxarır.

“Foreign Policy”nin məlumatına görə, Baltikyanı regiondan Ukrayna cəbhəsinə köçürülən hərbi qulluqçuların əhəmiyyətli bir hissəsi Rusiyanın Baltikyanı ölkələr və Finlandiya ilə sərhədlərinin mühafizəsinə cavabdeh olan 6-cı Ümumqoşun Ordusuna məxsus olub. Ukraynada bu orduya Rusiya qüvvələrinin bu yaxınlarda ciddi məğlubiyyətə uğradığı Xarkov vilayətində döyüşmək tapşırılmışdı.

Finlandiya hərbi kəşfiyyatının keçmiş rəhbəri, hazırda ölkənin müdafiə nazirliyinin müşaviri olan Harri Ohra-ahonun sözlərinə görə, quru qoşunların yerdəyişməsi təlim keçmiş hərbçilərin “katastrofik çatışmazlığı” səbəbindən zəruri olub:

“Bunun NATO təhlükəsi ilə heç bir əlaqəsi yoxdur. Reallıqda bu təhlükə yox idi, yalnız Rusiya liderlərinin ritorikasında mövcud idi”.

Eyni zamanda, hazırkı və keçmiş Avropa müdafiə qurumları rəsmiləri “Foreign Policy”yə deyiblər ki, Rusiya uzunmüddətli perspektivdə region, xüsusilə kiçik Baltikyanı ölkələr üçün təhlükə yaradır. Onlar gözləyirlər ki, Ukraynadakı müharibənin nəticəsindən asılı olmayaraq, Moskva Qərb Hərbi Dairəsində öz hərbi potensialını bərpa edəcək.

“Bu gün Rusiyanın Baltikyanı ölkələr üçün təhlükəsi bir il əvvəlki kimi deyil, çünki Rusiya ordusu döyüş qabiliyyətini çox böyük ölçüdə itirib. Lakin kiçik Baltikyanı ölkələr yalnız ona görə rahatlaşa bilmirlər ki, Rusiya indi özünü yaxşı tərəfdən göstərmir”, - ABŞ mərkəzli Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin əməkdaşı Cim Taunsend söyləyib.




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.