"Bakıdan Bişkekə,2-3 saatlıq hava yolunu 18 saata gedə bilərsən... Belə qardaşlıq... dostluq olar?"
13-10-2022, 12:40
Bakıdan Bişkekə, Qırğız qardaşgilə getmək üçün bu gün 23:50-də uçağa otursan, ertəsi gün 18:35-də mənzil başına çatarsan. Yəni 2-3 saatlıq hava yolunu 18 saata gedə bilərsən... Belə qardaşlıq... dostluq olar? Dostluq uzaq yolu yaxınlaşdırmaqdan başlayır. Kağız imzalamaqla dostluq olmur. Dövlət rəhbərlərinin görüşü, hansısa hökumət qrupunun ayda, ildə bir formal tədbiri ilə mədəni münasibətlər qurmaq və yenidən dost olmaq, Kremlin yox etdiyi qardaşlığı təzələmək mümkün deyil. Qırğız, Qazax, Özbək, Türkmən, həm də Tacik məmləkətləri - Türküstan ilə hava əlaqələri siyasətinə Azərbaycan yenidən baxmalıdır. Niyət gerçək dostluqdursa yeni reyslər açmalıdır, çətinlər asanlaşmalıdır. Nəhayət, hava yolları siyasəti suverenləşməlidir. Azərbaycan təkcə Şərqdən Qərbə, Qərbdən Şərqə İpək Yolu deyil, həm də misilsiz Hava Yoludur. Azərbaycan Şərqin qızıl qapısıdır - həm Yerdə, həm Göydə.. Bu qapıya sahib olmaq ilk-öncə Türküstana açılan hava yollarında müstəqil siyasət yürütməkdən keçir. Mehriban Vəziur