DTX-nin “Naxçıvan əməliyyatı”: 144 milyon daha kimləri “aparacaq”? - Ekspert danışır

28-11-2022, 18:37           
DTX-nin “Naxçıvan əməliyyatı”: 144 milyon daha kimləri “aparacaq”? - Ekspert danışır
Azərbaycanda korrupsiya və rüşvətə qarşı xüsusilə də 2018-ci ildən etibarən ciddi mübarizə aparılır.

Keçən müddət ərzində müxtəlif nazirliklərdə, icra hakimiyyətlərində və digər büdcə təşkilatlarında Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməliyyatlar keçirdi, nazirlər, icra başçıları həbs olundu. Eyni zamanda, korrupsiyaya bulaşmış müavinlər, şöbə, idarə rəsiləri saxlanıldı. 44 günlük Vətən müharibəsinin başlaması bu prosesi bir qədər səngitdi, ikinci plana saldı. Bu da başadüşüləndir. Çünki 44 gün ərzində Azərbaycan xalq olaraq birləşdi, döyüşdü, Prezidentin, ordunun yanında oldu.

Postmüharibə dövründə isə korrupsiya və rüşvətə qarşı mübarizə qaldığı yerdən davam etdirildi. Qeyd edək ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, ƏƏSMN-nin sabiq aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol), ləğv edilmiş KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli, keçmiş baş prokuror və sabiq səfir Eldar Həsənov, mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev korrupsiyaya qarşı mübarizə çərçivəsində DTX tərəfindən saxlanılıblar.

Eyni zamanda, Ağstafanın icra başçı Nizaməddin Quliyev (həbsdə dünyasını dəyişib-müəll.) və birinci müavini Ramiz Tatarov, Yevlaxın icra başçısı olmuş Qoca Səmədov, Neftçalanın icra başçısı İsmayıl Vəliyev, birinci müavini Vurğun Əkbərov və bir neçə şöbə müdiri, Neftçala Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Biləsuvar rayonunun icra başçısı Mahir Quliyev, İmişli rayonunun icra başçısı Vilyam Hacıyev, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov, müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov də bu prosesdən kənarda qalmayanlardandır.

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çərçivəsində bu dəfə DTX üzünü Naxçıvan Muxtar Respublikasına çevirdi. Belə ki, Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Rafael Əliyev saxlanılaraq Bakıya gətirilib. Onlarla bağlı həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Qeyd edək ki, bir qədər əvvəl yayılan məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxılıb. Səbail Rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib və Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Görünən odur ki, proses davam edəcək. Çünki milyonlarla dövlət vəsaitini bir nəfər özbaşına mənimsəyə bilməz. Bu işdə ona “şərik” olanlar da olub. Aydındır ki, istintaq prosesi davam etdiyi üçün hələlik bir çox məsələlər ictimaiyyətə açıqlanmır. Amma araşdırmaların davam etdirilir.

Gözlənilən odur ki, araşdırmalardan sonra Naxçıvanda dövlət vəsaitlərini mənimsəməkdə onlara “yaşıl işıq” yandıran və ya yandıranlar da DTX-nin hədəfinə gələcək. Söhbət ondan gedir ki, Naxçıvanın faktiki rəhbəri olan-Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vasif Talıbov hər zaman ciddi nəzarət mexanizmləri ilə gündəmdə olub.

Yayılan iddialara görə, Vasif Talıbovdan xəbərsiz Naxçıvanda hansısa məmurun qərar verməsi, hansısa özfəaliyyəti mümkünsüzdür. Hətta Bakı şəhərinə aid dövlət qeydiyyat nişanlı avtomobillərin belə Naxçıvana girişinə qeyri-rəsmi qadağa tətbiq olunurmuş. Ötən gün bununla bağlı qadağanın götürldüyü ilə bağlı da məlumat yayıldı. Yəni belə bir durumda 144 milyon manatın Vasif Talıbovdan xəbərsiz mənimsənilməsi heç də mümkün görünmür. Hər halda araşdırmalar davam edir və yaxın zamanlarda bütün suallara aydınlıq gətiriləcək.

İqtisadçı-ekspert Natiq Cəfərli mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında deyib ki, bu qədər vəsaitin təkbaşına mənimsənilməsi qəti şəkildə mümkün deyil:

“Naxçıvan kimi bir bölgədə, oranın “ali rəhbəri”nin hansısa bir formada bundan xəbəri, iştirakı olmadan hansısa bir məmurun nəinki 100 milyonlarla, heç 1 milyon vəsaiti mənimsəməsi və ya hansısa korrupsiya əməlində iştirakı mümkün deyil.

Oradakı idarəetmə formasının necə sərt olduğunu, kimin sözünün keçdiyini bilirik. Naxçıvan Ali Məclisinin sədrinin ya razılığı, ya da iştirakı olmadan hansısa addımın atılması mümkün deyil. Maliyyə nazirinin isə elə bir səlahiyyəti də yoxdur. Çünki istənilən halda ali icra qurumunun sədri var və istənilən qərarları həm də o imzalayır. Ona görə də harasa pulların köçürülməsi yolu ilə mənisəmə baş veribsə, bunun təkcə maliyyə nazirinin etməsi mümkün deyil”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.