Alverçilər nazirliyin yarmarkasına da ayaq açıb? - AÇIQLAMA

2-12-2022, 12:56           
Alverçilər nazirliyin yarmarkasına da ayaq açıb? - AÇIQLAMA
3-4 dekabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı və Abşeronda “Kənddən şəhərə” yarmarkaları keçiriləcək.

Yarmarkalarda yerli kənd təsərrüfatı və qida məhsulları birbaşa fermerlər tərəfindən satışa çıxarılacaq. “Kənddən şəhərə” həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Fermerlər yarmarkalarda tamamilə ödənişsiz şəkildə iştirak edəcəklər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaqlar.

Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınacaq. Budəfəki “Kənddən şəhərə” həftəsonu yarmarkalarında ümumilikdə 40-dan artıq regiondan 80-ə yaxın fermer iştirak edəcək. Fermerlər 80-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaq. Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

Qeyd edək ki, ötən dövrlərdə də paytaxtda “Kənddən şəhərə” yarmarkaları təşkil olunub. Lakin bəzən bu yarmarkalarda məhsulun baha qiymətə olması və bunun da əsasən yarmarkada fermerin deyil, alverçilərin iştirak etməsi ilə bağlı olduğu barədə fikirlər səslənir. Eyni zamanda, bəzi ekspertlər fermerlərin yarmarkaya maraq göstəməməsinin səbəbi kimi onların paytaxtda qalacaq yerlərinin olmadığını göstərirlər.

Doğrudanmı, bu yarmarkalara da alverçilər yol tapır və müvafiq qurumun fermerlərin qalacaq yerlərinin təşkilində rolu hansı səviyyədədir? TEREF.AZ-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov “Cümhuriyət”ə bildirdi ki, bu yarmarkalarda alverçilərin olması barədə deyilənlər nağıldır:

“Bizə rəsmi elektron formada müraciət olunur. Adamlar “Kommunist” qəzeti dövründə qalıblar. Məsələn, bir fermer naringi satmaq istəyirsə, onun qeydiyyatı, bağının olması təsdiqi olmalıdır. Hansısa bir bölgədən, məsələn, Masallıdan olan fermer yarmarkaya 200 kiloqram məhsul çıxarmaq istəyirsə, bizə necə müraciət etməlidir? Elektron qaydada müraciət edir və bu dəyərləndirilir.

Əgər fermer deyirsə ki, mənim məhsulum var, ancaq gətirməyə imkanım yoxdur, o zaman daşınma məsələsini biz həll edirik. Yarmarkanı təşkil edən Aqrar Tədarük Mərkəzi maşınlarla məhsulu və fermeri heç bir ödəniş olmadan yarmarkaya gətirir. Bizim yarmarkada heç vaxt alverçi olmur. İki yarmarkadır, maksimum 150-200 satış nöqtəsi var. Azərbaycanda 600 mindən çox fermer var. Alverçinin yeri bazardır, gedib pulunu verib yer götürür və ondan alıb digərinə satır. Biz fermerlərə müraciət etmişik ki, kimin satmaq üçün məhsulu varsa, satmaqda çətinlik çəkirsə, yarmarkaya gətirsin. Bu, könüllü olan bir prosesdir. Onlar da gətirib satırlar. Bəzən elə olur ki, kənddən bir nəfər qonşuların da məhsulunu gətirir və hamısı qeydiyyatda olan adamlardır. Biz elan verəndən sonra müraciətlər əsasında bilirik ki, iki yerdə yarmarka təşkil olunsun”.

O bildirib ki, müraciətlər çox olarsa, bayram ərəfəsində yalnız şənbə-bazar günləri yox, iki həftəyə yaxın, davamlı yarmarka olacaq:

“Bayramda əhalinin ərzaq, kənd təsərrüfatı məhsullarına tələbatı artır. Ola bilər ki, fermerlərdən çox sayda müraciət olsun və biz 3-5-ci yarmarkanın fəaliyyətə başlaması ilə bağlı qərar verək. Yəni burada “Kənddən-şəhərə” yarmakasından söhbət gedir. Metroların qarşısında, müxtəlif yerlərdə olan yarmarkaların bizə aidiyyəti yoxdur”.

Fermerlərin qalacağı yerlərin təşkilinə gəldikdə isə qurumun sözçüsü deyir ki, bu məsələni fermer özü həll edir:

“Biz alternativ satış platforması təşkil edirik. Biz fermeri yarmarkada pulsuz geyim, pulsuz piştaxta ilə təmin edirik, logistik dəstək göstərib məhsulunu Bakıya gətiririk. Artıq fermer onu 3, yaxud 5 manata satacaq, yaxud qohumda, kirayədə, öz evində qalacaq, bu, onun öz işidir. Onun bizə nə aidiyyəti var, biz Kənd Təsərrüfatı Nazirliyiyik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.