Dadaş Rzayev: " Ordumuz olsaydı, niyə rayonlarımız dalbadal işğal olunurdu?"
14-05-2015, 11:59
“1994-cü ildə Azərbaycan Ermənistana uduzurdu. Həmin vaxt indiki kimi güclü ordumuz yox idi. Ordumuz olsaydı, niyə rayonlarımız dalbadal işğal olunurdu? Ona görə də Heydər Əliyev atəşkəs imzalamağa məcbur oldu. Çünki biz ordu qurmalı idik”.
Bu barədə AzVision.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev deyib.
D.Rzayev erməni mətbuatında Azərbaycanın Qarabağı alması haqda yayılan xəbərlərə münasibət bildirərək qeyd edib ki, bununla da düşmən ordumuzdan qorxduğunu etiraf edir: “Hamı bilir ki, bu gün Azərbaycan çox güclü bir orduya malikdir. Artıq ermənilər də Azərbaycan odusunun gücünü etiraf edirlər. Ordumuz günü-gündən inkişaf edir. Bu gün Ali Baş Komandanımz orduya əmr versə, qısa müddətdə işğal altında olan torpaqlarımızı azad edəcəyik, ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq. Buna heç bir şübhə yoxdur. Azərbaycan ən müasir helikopterlərə malikdir. Rusların özləri hələ ordularını elə müasir helikopterlərlə təmin etməyiblər. Amma həmin helikopterləri bizə satıblar. Bu gün bizim ordu ən müasir qırıcılara sahibdir. Ordumuz təkcə regionda deyil, bütün MBD ölkələrində ən güclü ordulardan biridir.
Məhz mərhum Heydər Əliyevin əməyi nəticəsində Azərbaycanda güclü ordu quruldu. İndi prezidentimiz Azərbaycan ordusunu daha da gücləndirir. Amma o zaman ordumuz çox zəif idi.
Ermənilər Rusiyaya arxalanırlar. Əgər Rusiya olmasaydı, onlar çoxdan torpaqlarımızdan qaçıb getmişdilər. Azərbaycan ordusu hər dəqiqə üzərinə düşən öhdəliyi yerinə yetirməyə hazırdır”.
Qeyd edək ki, 21 il bundan əvvəl Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs protokolu barədə Ermənistanın “Hayele” qəzeti şok etiraf edib. Qəzet atəşkəs sazişindən Azərbaycanın maksimum yararlandığını yazır. “Kövrək atəşkəs” başlıqlı məqalədə deyilir ki, 1994-cü ildə hərbi baxımdan Ermənistana uduzan Azərbaycan 21 il sonra çox güclənib: “Azərbaycanın hərbi büdcəsi dəfələrlə artırılıb. Azərbaycan hərbi potensialına güvənərək Qarabağ münaqişəsini istənilən vaxt xeyrinə həll edə bilər. Rəsmi Bakının dediyi kimi Cənubi Qafqazın ən güclü ordusu Azərbaycana məxsusdur”.