Rusiya Azərbaycanı açıq şəkildə hədələyir - Əsl üzünü göstərir...
16-12-2022, 13:55

“Rusiya Laçın dəhlizinin bağlanmasından narahatdır və çox yaxın gələcəkdə nəqliyyat əlaqələrinin bərpasına ümid edir”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova danışıb. O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi və Rusiya sülhməramlı kontingenti bütün bu günlər ərzində vəziyyətin gərginliyini azaltmaq üçün çalışır. Zaxarova həmçinin vurğulayıb ki, Rusiya sülhməramlılarına qarşı ittihamlar və təxribat xarakterli hərəkətlər qəbuledilməzdir və əks nəticə verəcək.
İki ildir Azərbaycan ərazilərində xidmət edən Rusiya sülhməramlıları gəldikləri gündən etibarən tərəf olublar. Onların fəaliyyətinin qanunuyğunsuzluqları barədə hətta ölkə prezidenti də çıxışlarında vurğulayıb. Zaxarova bu çıxışı ilə əslində Rusiyanın da tərəf olduğunu sübut etmiş olur.
TEREF.AZ-ın məlumatına görə, politoloq Turab Rzayev isə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində bu, çarəsizliyin etirafıdır. Rusiya əslində atdığı bu addım qarşısında mat vəziyyətdədir. Nə edəcəyini bilmir. Çünki istənilən halda Azərbaycan tərəfi vəziyyətdən uduşlu çıxır.
“Rusiya geri addım atıb, Azərbaycanı mədənlərə buraxsa, həm Azərbaycan qarşısında geri çəkilmiş olur, həm də oradakı separatçı rejim qorxuya düşəcək. Rusiya sülhməramlılarına onların etimadı azalacaq. Çünki onlar düşünəcəklər ki, Azərbaycan hər təzyiq etdiyində istədiyini alır və Rusiya bunun qarşısını ala bilmir. Rusiya indiki halda Azərbaycanın tələblərinə cavab verməsə, o zaman etiraz aksiyaları uzanacaq, uzandıqca da təbii ki, Laçın dəhlizi bağlı qalacaq.
Əslində Laçın dəhlizini etirazçılar Xankəndiyə tərəf istiqamət almasınlar deyə Rusiya sülhməramlıları bağlayır. Amma bu halda da oradakı separatçı rejim çıxılmaz vəziyyətdə qalır. Onların Rusiya Ordusuna etimadı azalacaq. Rusiya Laçın dəhlizinin açıq olmasını təmin edə bilmir”,- deyən politoloq bildirib ki, bununla bağlı açıq çıxışlar artıq başlayıb.
Politoloq hesab edir ki, belə bir durum qarşısnda Rusiyanın atacağı heç bir addım yoxdur. Çünki etirazçılara qarşı heç bir sərt addım ata bilməzlər. Orada Azərbaycan ordusu, Azərbaycan Xüsusi Təyinatlıları var. Onlar Azərbaycan vətəndaşlarını qoruyurlar. “Biz əvvəllər də Rusiya sülhməramlılarının hədələrini görmüşdük. İndi Zaxarova hədələyir. Azərbaycan hədələrlə hər hansı bir şərtə məcbur ediləcək bir ölkə deyil artıq! Biz bunu dəfələrlə sübut etmişik. Nə Rusiya, nə Fransa nə də başqa ölkələrin Azərbaycan ilə hədə dilində danışması effekt verməyib. Bu səbəbdən çox yaxşı olardı ki, sülhməramlılar pozduqları qaydaları bərpa edib, vəzifələrinə əməl etsinlər. Sülh bəyanatının şərtləri Rusiya və Ermənistan tərəfindən yerinə yetirilsin. Hazırda nə Zəngəzur dəhlizinin açılması ilə bağlı şərt yerinə yetirilməyib, nə Erməni silahlı birləşmələrinin ərazilərdən çıxarılması ilə bağlı bənd öz həllini tapmayıb. Ən son iyun ayında bununla bağlı Azərbaycana söz verilmişdi. Bundan başqa, qaçqınların və məcburi köçkünlərin Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərə qayıtması təmin olunmayıb”,- deyən T.Rzayev bildirir ki, Rus ordusuna 16 postda nəzarət etmək icazəsi verilsə də, onlar hazırda 24 postda xidmət göstərirlər. Bununla yanaşı, qanunsuz olaraq, separtçı rejimin “tör-töküntüləri” orada irili-xırdalı 80-ə yaxın post tutublar.
Politoloqun fikrincə, bütün bunlar qanuna uyğun şəkildə tənzimlənməlidir. Eyni zamanda, Laçın dəhlizinə Azərbaycan üçün də ortaq nəzarət imkanı yaradılmalıdır. Əks halda, bu problemin Rusiya tərəfindən hər hansı bir həll yolu yoxdur.