Peruda 3 min illik sirli tarix üzə çıxdı
Bu gün, 00:04

Peruda ən azı 3 min il əvvələ aid nadir arxeoloji tapıntı üzə çıxarılıb.
Yenicag.az xəbər verir ki, Katolik Universitetindən arxeoloq Sesiliya Maurisio və komandası Tanquchçedə yerləşən Huaka Yolanda qazıntı sahəsində iyul ayında işlərə başlayıb.
Qazıntılar zamanı onlar qədim məbədin həyətinin daxili bəzəyinə aid ikiüzlü divar oyma əsəri aşkarlayıblar.
Mütəxəssislərə görə, əsər eramızdan əvvəl 2000–1000-ci illərə təsadüf edən Formasiya dövrünə aiddir. Bu dövr Perunun ilk inkişaf etmiş cəmiyyətlərinin meydana çıxdığı zaman hesab olunur.
3×6 metr ölçüsündəki divarda mavi, sarı, qırmızı və qara rənglərlə işlənmiş müxtəlif motivlər var. Cənub tərəfində qanadlarını açmış böyük bir quş — qartal və ya şahin təsvir olunub. Quşun başında almazşəkilli motiv yerləşir. Şimal tərəfində isə bitkilər, ulduzlar və şamanları xatırladan insanabənzər fiqurlar diqqət çəkir.
Maurisionun sözlərinə görə, həmin dövrdə şamanlar cəmiyyətin ən nüfuzlu simaları idi: həm şəfa bitkiləri, həm də astronomiya biliklərinə sahib olan bu insanlar həm alim, həm də dini lider kimi qəbul olunurdu. Divarda insanın quşa çevrilməsini əks etdirən fiqurlar da mövcuddur ki, bu motivin San Pedro kaktusundan hazırlanan halusinatik maddənin istifadəsi ilə bağlı psixoaktiv təcrübəyə işarə etdiyi güman olunur.
Üçölçülü balıq və tor təsvirləri, mifoloji varlıqlar və ulduz motivləri bu sahil sivilizasiyalarının kosmik dünyagörüşü barədə də dəyərli məlumat verir.
Tədqiqatçılar Huaka Yolanda kompleksinin And dağlarında ən çox öyrənilən dini abidələrdən olan Çavin de Huantardan da qədim ola biləcəyini ehtimal edirlər. Çavində, əsasən, cəngəllik heyvanlarının təsvirləri aşkarlanmışdı, lakin Huaka Yolandadakı motivlər daha fərqli həyat tərzinə işarə edir.