Kərəm Həsənovu Ziya Məmmədovun, yoxsa Fərhad Əliyevin aqibəti gözləyir? – təhlil
27-05-2016, 09:42
Azərbaycan prezidenti İlham Əliyevin dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı fərman yaxın keçmişin qüdrətli oliqarxlarından olan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov üçün sözün həqiqi mənasında aqoniya (sonun başlanğıcı) oldu.
Fərmanda qırmızı xətlə keçən və K.Həsənovun əhəmiyyətini heçə endirən məqam budur ki, özəlləşdirmə ilə bağlı son qərarları bundan sonra ölkə prezidenti verəcək – Kərəm Həsənovun rəhbərlik etdiyi komitə isə yalnız texniki proseduraların icrası ilə məşğul olacaq. Obrazlı desək, K.Həsənov özəlləşdirmə ilə bağlı qərarların qəbulunda “ı” hərifinə çevrildi.
Prezident Nazirlər Kabinetinə tapşırıb ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” yeni qanun layihəsini (özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla) iki ay müddətində hazırlayıb ölkə başçısına təqdim etsinlər.
Fərmanda deyilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu sənəd qüvvəyə mindiyi gündən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna və prezidentin 2000-ci il 10 avqust tarixli 383 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar qəbul edilməsini dayandırmalıdır.
Beləliklə, 3-cü özəlləşdirmə proqramı K.Həsənovun nəzarətindən kənar həyata keçiriləcək. Təbii ki, bu artıq hakimiyyət elitasında K.Həsənovun etimad limitinin bitməsi deməkdir. Necə oldu ki, nüfuz savaşında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşov və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova kimi nüfuzlu məmurlara qalib gələn və onları funksiyalarını de-yure mənimsəməyi bacaran K.Həsənov artıq etimad limtini bitirdi? Nə baş verdi?
Hakimiyyət elitasında nüfuzunu qorumağın əsas şərtlərindən biri məmurun şəxsi imici və davranışları ilə bağlıdır. Ancaq K.Həsənov hakimiyyət elitasına daxil olanda artıq şəxsi imici korlanmışdı – o keçmiş himayədarı, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevi satmaqla hökumət elitasına transfer etmişdi. İİN-nin özəlləşdirmə departamentinin sədri F.Əliyev vurulub həbsxanaya yollananda batan gəmidən xilas olmaq üçün sabiq şefini məmnuniyyətlə satdı və istintaqa “könüllü” yardım etdi. Əvəzində isə özəlləşdirmə departamenti İİN-dən ayrılaraq birbaşa hökumətin tərkibinə daxil olan Dövlət Komitəsinə çevrildi və K.Həsənov komitənin sədri oldu. Bu işdə K.Həsənova zəruri dəstəyi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov verdi. Ancaq çox keçmədi ki, K.Həsənov K.Heydərovu da satıb o vaxt hakimiyyətdə ulduzu parlayan sabiq MTN şefi Eldar Mahmudovun himayəsinə keçdi. Patronlarını tez-tez satan K.Həsənova hakimiyyət elitasında hətta ayama da qoşmuşdular. Həmkarları onu öz aralarında məşhur “Mehman” filminin mənfi personajı olan “Qaloş” deyə çağırırdılar.
Batan gəmidən xilas olmaq təcrübəsi olan cənab Həsənov Eldar Mahmudov vurulanda da “sahil”ə çıxmağı bacardı. O qudası, Gəncə meri Elmar Vəliyevin vasitəsi ilə hakimiyyətdəki nüfuzlu qruplardan birinin mərhəmətinə sığına bildi. Ancaq artıq etimad limiti bitmişdi. Heç kim “Qaloş”la “kəşfiyyat”a getmək istəmirdi – çünki yaxşı anlayırlar ki, kəşfiyyatın sonunda bıçaq kürəklərinə sancılacaq.
Başqa tərəfdənsə, artıq oliqarxiya siyasi hakimiyyət üçün təhlükə mənbəyinə çevrilmişdi. Cahangir Hacıyev, Eldar Mahmudov, Ziya Məmmədov xəyanətindən sonra siyasi hakimiyyətdə oliqarx məmurlara qarşı etimadsızlıq mühüti yaranıb. Son 1 ildə oliqarxların səlahiyyət dairəsinin məhdudlaşdırılması prosesi gedir. Bu dalğada nəqliyyat naziri Ziya Məmmədov tam, “Azərenerji”nin şefi Etibar Pirverdiyev, ARDNŞ prezidenti Rövnəq Abdullayev, “Azərsu” rəhbəri Qorxmaz Hüseynov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, maliyyə naziri Samir Şərifov isə qismən səlahiyyətlərini itirib. Təbii ki, neqativ imici və keçmişi olan K.Həsənov bu dalğadan kənarda qala bilməzdi.
Onu da qeyd edək ki, K.Həsənov hökumətdəki həmkarlarını məhkəməyə verən yeganə komitə sədridir. O vergilər naziri Fazil Məmmədovu, müdafiə sənayesi naziri Yavər Camalovu və sabiq müdafiə naziri Səfər Əbiyevi nazirliklərin balansına daxil olan torpaq sahələrinə görə məhkəməyə verib. K.Həsənov bunu qanunu prinsipiallıq naminə yox, nazirlərlə “anlaşa” bilmədiyinə görə məhkəməyə verib. Həmkarlıq etikasına görə, belə məsələlər qarşlıqlı anlaşma yolu ilə həllini tapır. Hətta bir-birinə rəğbəti olmayan nazirlər belə mübahisələri danışıqlar yolu ilə həll edirlər. Ancaq K.Həsənov öz korporativ maraqlarını heç kimə güzəştə getməyiib. Güclü himayədarına arxayın olub, hamıdan korperativ maraqlarının təmin olunmasını tələb edib.
İndi K.Həsənovu nə gözləyir? Hakimiyyət dəhlizlərindən sızan məlumatlara görə, cənab Həsənovun Z.Məmmədov kimi portfelsiz qalacaq: “Özəlləşdirmə ilə bağlı qərarları prezident qəbul edəcək, xeyli xidmət növü isə ASAN xidmətə veriləcək”.
Hakimiyyətə yaxın bəzi mənbələr isə K.Həsənovun F.Əliyevin aqibətini yaşayacağını da istisna etmir: “Güman ki, yaxınlarda K.Həsənovun dövründə özəlləşdirilən obyektlərin təftişinə başlanılacaq. Təftişin nəticələri K.Həsənovu hətta həbsxanaya apara bilər. İlkin məlumatlara görə, ASC-lərin özəlləşdirilməsi zamanı çox nəhəng korrupsiya faktlarına yol verilib. Buraya E.Mahmudovla “birgə layihələr” də daxildir”.
Təbii ki, K.Həsənovun həbsi az ehtimal olunandır. Bunun reallaşması üçün öncə E.Mahmudovun həbsi həyata keçirilməlidir. Ancaq cənab Həsənovun Ziya Məmmədovun aqibətini yaşayacağı isə şübə doğurmur. Prezidentin sözügedən fərmanı ilə ilk və əhəmiyyətli addım atılıb. İndi qalıb korrupsiya riskləri ilə zəngin xidmətlərin ASAN xidmətə verilməsi. Güman ki, bu məsələdə çox yaxın vaxtlarda həllini tapacaq – çox yaxın keçmişin qüdrətli oliqarxı adi dəftərxana məmuruna çevriləcək.
Qadir İBRAHİMLİ