“Qəti qərar verilməlidir, bu qədər insanı dövlətdən narazı salmaq olmaz” - deputat

24-01-2023, 17:37           
“Qəti qərar verilməlidir, bu qədər insanı dövlətdən narazı salmaq olmaz” - deputat
2018-ci il Prezident seçkilərindən sonra inauqurasiya çıxışı zamanı Prezident İlham Əliyev bəyan etdi ki, daha heç nə əvvəlki kimi olmayacaq. Dövlət başçısı bütün sahələrdə dərin islahatların aparılacağını, bu islahatların mahiyyətində isə ölkə vətəndaşlarının rifah halının yüksəldilməsinin dayandığını diqqətə çatdırdı.

Bundan ötən beş il ərzində ölkə miqyasında kompleks islahatlar aparıldı. Hakimiyyətin bütün qolları – icraedici, qanunverici, məhkəmə sistemləri yeniləndi. Cəmiyyətin elə bir sahəsi olmadı ki, bu islahatlar prosesindən kənarda qalsın. Uzun illər dövlət rəhbərliyində təmsil olunmuş, yarıtmaz fəaliyyəti ilə cəmiyyətin tənqid hədəfinə tuş gələn məmurlar yola salındı və onları müasir düşüncəli, xaricdə təhsil almış gənc məmurlar əvəz etdilər.

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşmən tapdağında olan torpaqlarımızı azad etdi. Tarixi həsrətimizə son qoyuldu və işğaldan azad edilmiş torpaqlarımızın abadlaşdırılması istiqamətində fəaliyyətə başlanıldı. Tarixi Zəfər nəticəsində regionda yeni reallıqlar yarandı və ölkəmizin beynəlxalq miqyasda rolu artdı. Azərbaycanla Türkiyə arasında münasibətlər inkişaf edərək, ən yüksək zirvəyə çatdı. İki qardaş ölkə arasında Şuşa Bəyannamasi adı altında müttəfiqlik münasibəti rəsmiləşdi. Türk dünyası dövlətləri arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə adladı.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi islahatlar bir çox sahələrdə uzun illərdir mövcud olan problemlərin həllini tapmasına gətirib çıxardı. İdarəetmə sistemində islahatlar aparıldı, sovetdən qalma idarəçilik modelinin yenilənməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Azərbaycan İnvestisiya Holdinqinin təsis olunması, əksər dövlət qurumlarının Holdinqin tərkibinə verilməsi, gəlir gətirməyən dövlət müəssisələrinin ləğvi və özəlləşdirməyə çıxarılması qurumun əsas fəaliyyət istiqaməti elan olundu.

Bu islahatlar, yenilənmələr, köhnə problemlərin aradan qaldırılması fonunda, köhnədən və “köhnələrdən” qalan bir problem diqqətdən kənarda qala bilməz. Söhbət yüzminlərlə vətəndaşın ümid yeri olan özəlləşdirmə çeklərindən gedir.

Qeyd edək ki, ötən əsrin 90-cı illərinin ortalarında ümummilli lider Heydər Əliyevin fərmanı ilə təsdiq olunmuş qanun əsasında vətəndaşlara əvəsiz özəlləşdirmə çekləri paylanıldı. Bununla bağlı qanunvericilikdə özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının 65 faizinin ölkə vətəndaşlarına məxsus olması, hər bir özəlləşdirmə çeki üçün inflyasiyadan qorunmaqla 2000 (iki min) ABŞ dolları civarında məbləğ müəyyən olunması təsbit olundu. Lakin vauçerlərin “Qiymətli kağızlar haqqında” qanunla tənzimləndiyi, həmin qanuna uyğun olaraq qiymətli dövlət kağızı olaraq özəlləşdirmə çekləri üçün zaman məhdudiyyətinin nəzərdə tutulmadığı halda, sonradan bu mütərəqqi proses məmur oliqarxiyasının maxinasiyası səbəbindən yarımçıq başa çatdı.

Milli Məclisin deputatları, tanınmış elm-mədəniyyət, ictimai-siyasi xadimlər, iqtisadçılar, hüquqşünaslar, əmlak ekspertləri, habelə vauçerləri əlində qalan vətəndaşlar ölkə rəhbərliyinə müraciət edərək, illərdir ədalət gözləyən vətəndaşların taleyinə aydınlıq gətirilməsini istəyirlər. Qeyd olunur ki, ölkəboyu kompleks islahatlar prosesi fonunda bu məsələyə də məntiqi yekun vurulmalı, ya özəlləşdirmə çekləri tədavülə qaytarılmalı, ya da bu çeklərin sahiblərinə müvafiq kompensasiya ödənilməlidir.

TEREF.AZ-ın məlumatına görə, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli AYNA-ya deyib ki, mövzu kifayət qədər aktualdır və rəsmi reaksiya verilməlidir: “Məlumatlara görə, bu gün əllərdə yüzminlərlə özəlləşdirmə çeki qalıb. Bu, çox ciddi rəqəmdir. Müvafiq qurumlar heç olmasa, ictimai müqavimətdən sonra hərəkətə keçməli və dəymiş zərərin hansısa formada ödənilməsi ilə bağlı qərar verməlidir. Müəyyən etməlidirlər ki, nə qədər vauçer əhalinin əlində qalıb. Bunu müəyyən edəndən sonra əhaliyə dəyən zərərin hansı formada ödənilməsi barədə yekun rəylərini elan etməlidirlər”.

“Bu, ya qarşıda özəlləşdiriləcək müəssisələrin özəlləşdirilməsində iştiraka şərait yaradılması, tədavül müddətinin artırılması, ya da kompensasiya ödənilməsi şəklində icra olunmalıdır. Xeyli sayda vətəndaş dövlətin onlara əvəzsiz olaraq ayırdığı qiymətli dövlət kağızlarını əldə edib, lakin bu gün onların əlində adi kağız parçasına çevrilib. İmkan vermək olmaz ki, bu qədər insanın hüququ pozulsun və onlar dövlətdən narazı qalsınlar. Bu barədə qəti qərar verməyin zamanıdır”, - deyə deputat bildirib.

DİA.AZ-ın məlumatına görə, “Fame Pro” konsaltinq şirkətinin direktoru, əmlak eksperti Fərid Rüstəmov da AYNA-ya açıqlamasında bildirib ki, tarixi ədalət gözləyən yüzminlərlə vətəndaşın konstitusion hüquqları bərpa edilməlidir: “Ümummilli lider Heydər Əliyevin əhaliyə özəlləşdirmə çeklərinin verilməsi ilə bağlı qərarı mütərəqqi addım idi. Sovetdən qalma dövlət əmlakının Azərbaycan vətəndaşları arasında bərabərhüquqlu şəkildə bölünməsi, özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının 65 faizinin əvəzsiz olaraq ölkə vətəndaşları arasında paylanılması, habelə inflyasiyadan qorunmaqla hər bir vauçer üçün konkret məbləğin müəyyən edilməsi mühüm qərar idi”.

“Qeyd olunurdu ki, özəlləşdirmə çekləri “Qiymətli kağızlar haqqında” qanunla tənzimlənir və bu qanunda qiymətli kağızlar üçün zaman məhdudiyyətinin olmaması aydın şəkildə təsbit edilib. Yalnız vətəndaşın ona məxsus olan qiymətli kağızı satması və könüllü şəkildə hədiyyə etməsi kimi məqamlar öz əksini tapıb. Bu baxımdan tədavül müddətinin dayandırılması ilə bağlı qərar anlaşılan deyil. Digər yandan özəlləşdirmə prosesi vətəndaşların deyil, məmur oliqarxiyasının və bəzi işbazların maraqlarına xidmət edib”, - deyə həmsöhbətimiz söyləyib.

Rüstəmov müvafiq qurumlar bu istiqamətdə hərəkətə keçməyə çağırıb: “Bu gün Azərbaycanda köklü islahatlar həyata keçirilir. Bu islahatlar vətəndaşların rifah halının yüksəldilməsinə, dövlət-vətəndaş münasibətlərinin yaxşılaşdırılmasına xidmət edir. Məhz bu islahatların nəticəsində neqativ fəaliyyəti ilə məşhurluq qazanan yüksək rütbəli məmurların əksəriyyəti yola salınıb. Özəlləşdirmə maxinasiyaları da əsasən bu qəbildən olan məmurların dövründə baş verib. Hörmətli deputatlarımızın və ziyalılarımızın təşəbbüsünə qoşularaq, müvafiq qurumları özəlləşdirmə çekləri əlində qalan vətəndaşlarımızın qanunu haqlarını bərpa etməyə dəvət edirəm”.

DİA.AZ-ın məlumatına görə, Müstəqil Ekspertiza İnstitutunun direktoru, hüquqşünas Şükür Hüseynov da AYNA-ya şərhində əminliyini ifadə edib ki, ölkəboyu həyata keçirilən kompleks islahatlar özəlləşdirmə çekləri əlində qalan vətəndaşlara da şamil olunmalıdır: “Son Prezident seçkilərindən sonra andiçmə zamanı cənab Prezident İlham Əliyev bəyan etdi ki, ölkədə hərtərəfli islahatlar həyata keçiriləcək. Ötən dövr ərzində çox ciddi islahatlar aparıldı. Hakimiyyət qolları yeniləndi, idarəetməyə yeni nəfəs gətirildi. Tarixi Zəfər əldə etdik, torpaqlarımız işğaldan azad edildi. Açıq şəkildə söyləmək olar ki, son beş ildə Azərbaycan regionda və beynəlxalq aləmdə nüfuzunu artırmaqla yanaşı, əhəmiyyətli dəyişikliklərə və uğurlara imza atdı”.

“Bu islahatlar davam edir və nəticələrini hər bir ölkə vətəndaşı öz gündəlik həyatında hiss edir. Yaxşı olardı ki, bu islahatlar prosesinin əhatə dairəsi genişləndirilsin. Millət vəkilləri, tanınmış ziyalılarımız rəsmi qurumlara müraciət edirlər ki, özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilsin. Faktiki olaraq onlar dövlətin ayırmış olduğu imtiyazdan istifadə hüququndan məhrum olublar”, - deyə müsahibimiz vurğulayıb.

“Düzdür, iddia oluna bilər ki, bunun üçün zamanları olub. Amma bu proses obyektiv şəkildə aparılmayıbsa və vauçer sahibləri də bunun fonunda nəyəsə ümid ediblərsə, buna görə, onları ittiham etməyə dəyməz. Bu adamları Allahın ümidinə buraxmaq olmaz. Hökumət öz vətəndaşlarına sahib çıxmalıdır. Nəhayət, bu məsələyə məntiqi yekun vurulmalı və vauerləri əlində qalan vətəndaşlarla bağlı tarixi qərar elan olunmalıdır”, – deyə Hüseynov fikrini yekunlaşdırıb.

QEYD

Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.