İran həddini aşdı - FAKT BUDUR!

22-03-2023, 19:54           
İran həddini aşdı - FAKT BUDUR!
İran və Ermənistan son addımları ilə bölgədə vəziyyəti yenidən gərginləşdirməyə çalışır.

Son günlərdə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Azərbaycanla sərhədə hərbi texnika və əsgər yığdığına dair məlumatlar yayılır. Analoji addımın Ermənistan tərəfindən də atıldığının şahidi oluruq. Ermənilərin də müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının nəzarəti altındakı Azərbaycan ərazilərində səngərlər qazdığına dair videolar var.

Bütün bu proseslərin fonunda isə dünən axşam saatlarında yeni məlumat yayılıb. Belə ki, Ermənistan hava məkanını İran PUA-ları üçün açdı. Üstəlik, SEPAH-a məxsus sosial şəbəkə hesablarında da bölgədə genişmiqyaslı müharibə olacağı ilə bağlı xəbərdarlıq edilib. Bununla yanaşı, dünən Ermənistan qırıcısının Türkiyə ilə sərhəddə uçması da daha bir təxribat olaraq diqqət çəkdi.

Maraqlıdır, İran və Ermənistanın son təxribat addımlarının məqsədi nədir?

TEREF.AZ-ın məlumatına görə, “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov Cebhe.info-ya açıqlamasında deyib ki, İran və Ermənistanın atdığı addımlar stabilliyə deyil, bölgədə böyük bir münaqişənin yenidən alovlanmasına xidmət edir:

"Həm Ermənistan, həm də İran yaxşı başa düşür ki, bölgədə Azərbaycanla qarşı-qarşıya gəlmək onlar üçün ağır və sarsıdıcı zərbə deməkdir. Amma bunu bilə-bilə belə addım atırlarsa, deməli, hər iki dövlətin başqa problemi var ki, bunu Azərbaycan üzərindən həll etməyə çalışırlar.

Artıq 7 aya yaxındır İranda etiraz aksiyalarıdır və birmənalı şəkildə davam etdirilir. Əlbəttə ki, rəsmi Tehranın böyük problemlərinin olduğunu demək mümkündür. Belə olan halda isə İran insanların fikrini ölkə daxilindəki sosial-iqtisadi vəziyyətin ağırlığından yayındırmağa və bunu xaricə daşımağa çalışır. Hesab edirəm ki, İranın Ermənistanla münasibətlərini belə sıxlaşdırmasının da səbəbi var. Yəni rəsmi Tehran Rusiyanın Ukraynada məğlub olacağını düşünərək Ermənistan üzərində rahat hərəkət imkanları əldə edəcəyini fərz edir. Amma nəzərə almaq lazımdır ki, indiki vəziyyətdə İranın atdığı addımlar nə Ermənistanın, nə də onun özünün təhlükəsizliyinə təminat verir".

Politoloq Ermənistanın Rusiyadan uzaqlaşmaq siyasətini seçdiyini də vurğulayıb:

"Lakin bunu da tam şəkildə həyata keçirə bilmir. Çünki hələ də Rusiyanın Ermənistanda kifayət qədər təsir imkanları qalır. Belə olan halda isə İran və Ermənistanın təxribatları bölgədə gərginliyin artmasına xidmət edir. Hələ ki, gərginliyin artdığını da qeyd etmək lazımdır.

Düşünürəm ki, Türkiyə ilə sərhəddə uçuş edən Ermənistan təyyarəsi Nikol Paşinyanın nəzarətindən kənarda baş verib. Bu isə o deməkdir ki, Ermənistan ordusunda kimlərsə birmənalı şəkildə Azərbaycan və Türkiyə ilə gərginliyin artmasının tərəfdarıdır. Həmçinin, Ermənistanın İran üçün hava sərhədini açması da orada Tehrana bağlı qrupların olduğunu göstərir. Onlar gərginliyin artmasının tərəfdarıdırlar. Bütün bunlarla yanaşı, İranın Azərbaycanla sərhədə qoşun yığmaq cəhdləri və SEPAH-ın müharibə anonsu verməsi məsələnin kökündə Tehranın olduğunu göstərir. Təbii ki, İran daxildəki proseslərdən diqqəti yayındırmaq üçün bu addımları atır. Lakin bunun genişmiqyaslı bir müharibəyə çevriləcəyinə və Azərbaycan üçün hansısa fəsadlar yarada biləcəyinə inanmıram. Bunun yalnız İran və Ermənistanın özünə zərəri ola bilər".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.