Seçki, vergi, sevgi və vətəndaşlıq məsələsi

8-05-2023, 08:58           
Seçki, vergi, sevgi və vətəndaşlıq məsələsi
Vətənə, xalqa, torpağa, bayrağa, millətə sevgi, müstəqil dövlət olmağın verdiyi qurur hər birimizdə yaranan, və ya yaranmalı olan duyğulardır, hisslərdir. Doğrudan da dünyada 5000-ə yaxın etnik qrup, xalq, millət var, amma müstəqil dövləti olan millətlərin sayı 200-dən bir az çoxdur.
Biz 30 ildən çoxdur ki, müstəqilik, amma hələ də millət və xalq, dövlət və hökumət anlayışlarını qarışdırırıq, hələ də bu məvhumları doğru-düzgün yerinə otuzdura bilməmişik.
Azərbaycan xalqı vətəndaşlıq tanımıdır, azərbaycanlı sözünün mənası vətəndaş olmaqdır, üst kimliyimiz, hamımızı birləşdirən dəyərdir. Məmləkətimizdə yaşayan bütün etnik kimliklər ayrıca bir qazancımız, ayrıca bir dəyərimizdir, hamımızı bir bayraq, bir xalq, bir Dövlət ətrafənda birləşdirən isə azərbaycanlı üst kimliyimiz, vətəndaşlıq mənsubiyyətidir.
Bizdə Dövlət institutlaşmadığına görə hökumət anlayışı ilə qarışdırılır, hökumət gəldi-gedər, Dövlət isə daimidir – bunu da hələ tam qavramamışıq.
Dövlət institutlar toplusudur, hakimiyyət isə bu insitutların yalnız biridir, yəni, hakimiyyət şəxs/şəxslər deyil də, institutlardır. Bəzin müxalif kəsim olaraq biz hakimiyyəti insitut olaraq gözdən salırıq, halbuki, biz hakimiyyətə iddialılar olaraq maraqlı olmalıyıq ki, hakimiyyət insitutu yaransın və güclənsin. Bizdə hakimiyyətə gəlməyi də doğru anlamırlar, düşünürlər ki, hakimiyyətə gəlmək vəzifəyə gəlməklə eynidir, halbuki, bu tamam başqa anlayışlardır.
Dövlət adlanan insitut yranan gündən bu günədək iki ana məsələni həll edib – vergi toplayaraq vətəndaşlarının, əhalinin təhlükəsizliyini təmin edib. Şəhər-dövlətlər yarananda vergi məsələsi çıxan kimi seçki problemi də yarandı – vergiləri toplayan və həmin vəsaitə sərəncam verənlərin seçilməsi gündəmə gəldi. Əvvəl seçkiyə mülkiyyəti olanları buraxdılar – məntiq də bu idi ki, mülkiyyəti varsa, vergi verirsə səsvermə hüququ da olmalıdır, sonra əsgər-zabitlərə də seçki hüququ verildi, çünki Dövləti onlar qoruyurdular.
Məsələnin fəlsəfi dərinliyinə getmədən onu deyim ki, bizdə seçki uğrunda heç vaxt tarixən mübarizə olmadığına, əvvəl Çar Rusiyası, sonra da SSRİ tərəfindən YUXARIDAN bəxş edildiyinə görə AŞAĞIDAN bunun qərdini hələ də bilmirik, bu institutun bütün problemlərin həlli üçün açar olduğunu dərk etmirik.
Ölkədə hələ heç vergi də insitutlaşmayıb, inkişaf etmiş ölkələrdə dövlət büdcəsinin 80-90%-i gəlir vergisi (hüquqi və fiziki şəxslərdən toplanan) təşkil edir, bizdə isə büdcənin birbaşa 50%-i, dolayısı ilə 25%-i neftə bağlıdır – yəni, hələ ki, büdcənin 75%-i birbaşa resurs üzərindədir. Anormal və dayanıqsız sistemdir, amma iqtidar təmsilçilərində əminlik yaranır ki, zatən biz vətəndaşın vergisindən çox da asılı deyiliksə, nədən onlara seçki hüququ da verməliyik?! Amma biz vətənaş olaraq seçki hüququmuzu bərpa etsək bu milli gəlirimizin artmasına, rifaha da birbaşa təsir göstərəcək.
Bu gün populizm dəbdədir, müxalif kəsimin bir qismi də, iqtidarda olanlar da movcud “pirorun” populistcəsinə paylanılması üzərinə təbliğat qurublar - əsas məsələ isə o “piroqun” böyütməkdən ibarət olmalı, bütün diskurs bu sahəyə yönəlməlidir. Bunun üçün isə rəqəbətli siyasi mühit – seçki olmazsa-olmazdır. Bəli, seçkilərdə də populizm önə çıxır-çıxacaq, amma institutsional olaraq seçki prosesi işlək olanda populistlər vətəndaşı maksimum 1 dəfə aldada biləcəklər, sonra isə məhz iş bacaranlar, nəticə göstərənlər önə çıxacaq.
Həzərat, vergi və seçki institutu sağlam təsis olunandan sonra vətənə sevgi orqanik, təbii yolla yaranacaq, çünki bu iki institut rifaha aparan yoldur. Belə...
Natiq Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru