DİM-də anlaşılmaz görüş

8-05-2023, 12:14           
DİM-də anlaşılmaz görüş
Baxıram ki, bir həftə bundan öncə DİM-in informatika fənni üzrə işçi qrupunun üzvləri ilə Elm və Təhsil Nazirliyinin nümayəndələri arasında görüş keçirilibmiş.
İT və kompüter ixtisası seçən abituriyentlər bu il ilk dəfə olaraq kimyadan deyil informatikadan qəbul imtahanı verməli olduğundan bu görüş diqqətimi cəlb etdi.
Bununla bağlı açıqlanan məlumatı oxuyanda bir xeyli təəccübləndim.
ETN tərəfdən bu görüşdə iştirak edənlərin əksəriyyəti “Rəqəmsal bacarıqlar” , “Alqoritmika Azərbaycan” layihələrinin menecerləridir.
DİM isə xeyli öncədən birmənalı olaraq açıqlayıb ki, informatika imtahanının kontenti TƏDRİS PROQRAMLARI əsasında olacaq.
Adı çəkilən layihələr isə indiki anda bu məzmundan xeyli uzaqdır.
İndi anlamaq çətindir ki, bu cür əhəmiyyətli, ehtiyac olan bir görüş nə üçün informatikaya elə də aidiyyatı olmayanlarla bir arada keçirilib?
Daha doğrusu o olardı ki, ETN ilk dəfə keçiriləcək informatika imtahanı ilə bağlı Nazirlikdə bir işçi qrup formalaşdıraydı, məktəblərdə informatika imtahanına hazırlıqları monitorinq edəydi, müzakirələr təşkil edəydi.
İnformatika müəllimlərinə, artıq elan olunan DİM kontenti ilə bağlı metodiki köməkliklər göstəriləydi.
DİM-in " informatikanın kontenti rəsmi proqramlardan olacaq" mesajına qarşı ETN-nin "alqoritmika və rəqəmsal bacarıqlar" cavabını anlamaqda xeyli çətinlik çəkirəm.
Qarşıdan isə son 30 ildə ilk dəfə olaraq keçiriləcək informatika üzə qəbul imtahanı gəlir.
Vaxta az qalıb.
DİM bu istiqamətdə xeyli hazırlıqlar görsə də hələlik informatika üzrə test toplusunu dərc edə bilməyib.
Maraqlı məqam odur ki, bu imtahan üzrə ETN-də hazırlıqlar, narahatlıqlar müşahidə olunmur.
Bilmirəm, bəlkə də hər şey yaxşıdır.
Ümid edirəm, bir aydan sonra baş tutacaq qəbul imtahanlarında informatika üzrə tədrisin vəziyyətinin qənaətbəxş olacağını görə biləcəyik.
Osman Gündüz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru