Dünənki məhkəmə prosesimiz barədə - Baş redaktor yazır

8-05-2023, 09:58           
Dünənki məhkəmə prosesimiz barədə - Baş redaktor yazır
Dünən Suraxanı rayon məhkəməsində Sara Əzimovanın mənim barəmdə etdiyi şikayətə baxıldı. Bundan əvvəlki məhkəmə iclasında Sara Əzimova öz şikayətinin təhqirlə bağlı hissəsindən imtina etmiş və mən onun paylaşdığı statusla əlaqədar müvafiq dövlət qurumlarına sorğu göndərilməsi barədə vəsatət qaldırmışdım. Vəsatət təmin olunmuşdu və dünənki məhkəmə iclasında sorğumuza alınan cavab diqqətimizə çatdırıldı. Cavabda da bildirilirdi ki, Sara Əzimova barədə hər hansı dosya tutulmayıb və onun ətrafında hər hansı araşdırma aparılmayıb.
Hesab edirəm ki, məhkəmə prosesi qapalı deyil və xalqa açıq olduğuna görə, öz ifadəmi paylaşmaq hüququna malikəm.
Sorğuya cavab oxunduqdan sonra mən söz alıb ifadəmi verdim:
“Möhtərəm hakim, mən Sara Əzimovanın özü barədə paylaşdığı bir məlumatı şərh etmişəm. Özümdən hansısa bir məlumat artırmamışam. İstənilən hadisəni şərh etmək jurnalistikanın əsas vəzifələrindən biridir. Media haqqında qanunvericilik də jurnalistdən bunu tələb edir. Heç uzağa getməyək, Media haqqında Qanunun 1.1.4 maddəsi jurnalistin tərifini belə verir.
Media haqqında Qanun
1.1.4. jurnalist – əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxs;
Həmin Qanunda həmçinin açıq şəkildə vurğulanır ki, jurnalistin öz funksiyasını yerinə yetirdiyinə görə hər hansı təzyiqə və təqibə məruz qala bilməz və aldığı məlumatı şərh etməyin jurnalistika peşəsinə aid funksiya olduğu bir daha vurğulanır:
6.3. Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş məlumatların toplanması, hazırlanması, redaktə və istehsalı, ötürülməsi, habelə həmin məlumatlara dair fikir bildirilməsi (şərh verilməsi) ilə bağlı jurnalistlərin təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir.
Başqa sözlə, bu gün mənim burda məhkəməyə çıxarılmağım öz peşə təyinatımın istiqamətlərindən birini həyata keçirdiyimə görə mühakimə olunmağım deməkdir. Bu isə jurnalistə təzyiq anlamına gəlir və qanunla yolverilməzdir.
Sual verə bilərsiniz: Bir halda ki, hansısa hadisəni və ya mətni şərh etmək mənim peşə borcumdursa, mən niyə buna etirazımı bildirmir, Sara Əzimovanın barəsində dosya açılıb-açılmaması ilə əlaqədar müvafiq qurumlara sorğu göndərilməsi vəsatətini qaldırırdım?
Cavabım: Bəli, mənim bu vəsatəti qaldırmaqda məqsədim heç də özümü müdafiə xarakteri daşımırdı. Məqsədim ölkəmin milli maraqlarına, dövlətimin təhlükəsizliyinə zidd prosesləri üzə çıxarmaq və dövlət qurumlarına, o cümlədən məhkəmə hakimiyyətinə öz vəzifə borcunu yerinə yetirməyə kömək etməkdi. Çünki görürəm ki, Sara xanımın öz statusunda dilə gətirdiyi olduqca ciddi iddialarına heç bir əhəmiyyət verilmir, məsələ adekvat şəkildə araşdırılmır. Hətta bu məhkəmə iclaslarında belə, bu ciddi faktların üzərindən sükutla keçilir. Halbuki, Sara xanımın bu paylaşımında dövlət sirrinin yayılmasından hansısa terror təşkilatına himayədarlığa qədər bir çox dövləti cinayət elementləri var. Hesab edirəm ki, siz bir hakim olaraq bu faktlar ortaya çıxan kimi Baş Prokurorluğa müraciət etməli və dövləti cinayətin araşdırılmasının önünü açmalı idiniz.
O ki qaldı mənim Sara Əzimovanın paylaşımını şərh etməyimə, bu, bayaq da vurğuladığım kimi Azərbaycan və beynəlxalq qanunlarının jurnalistə verdiyi səlahiyyətdir və heç bir məhkəmə sistemi onu müzakirəyə çıxara bilməz.
Fikrimin daha rahat anlaşılması üçün istifadə etdiyim bəzi terminlərə aydınlıq gətirmək istəyirəm. Zira mən hüquqşünas deyiləm və mənim istifadə etdiyim terminlərin hüquqşünaslıq elmində necə adlandırıldığını bilmirəm. Odur ki, düşüncəmdəki hüquqi anlayışların doğru anlaşılması üçün bu izahata ehtiyac hiss edirəm.
Mənim anlayışımdakı hüquq fəlsəfəsində hər bir şəxsin öz fəaliyyətində 3 əsas istinad nöqtəsi var:
1. Funksiyası;
2. Vəzifələri;
3. Hüquqları.
Hüquq insanın fəaliyyətində onun iradəsindən asılı olan dəyərdir. Yəni insan ondan istifadə edə də, etməyə də bilər. Bu, şəxsin öz fərdi istəyinə bağlıdır.
Vəzifə insanın iradəsindən asılı deyil. Yəni insan qanunverilicilik aktlarının ondan tələb etdiyini həyata keçirməyə borcludur.
Funksiya mahiyyət etibarilə vəzifəyə bənzəyir. Lakin ondan daha qatı prinsipləri özündə ehtiva edir. Deyək ki, bəzən dövlət maraqlarını və ya humanist prinsipləri nəzərə alıb vəzifə borcunu yerinə yetirməkdən yayınmaq olar. Amma funksiyanın belə bir özəlliyi yoxdur. Məsələn, Əzrailin funksiyası can almaqdır. O, kiminsə göz yaşına baxıb öz missiyasından imtina edə bilməz. Jurnalistin aldığı məlumatı yazmağı və yaymağı, yaxud onu şərh etməyi də bir fuksiyadır. Yəni vəzifə borcundan daha üstün dəyərdir.
Bu yerdə hakim mənim sözümü kəsir və soruşur:
-Siz barı müqayisəni daha uğurlu nəsnələr üzərində aparın. Əzraillə özünüzü niyə müqayisə edirsiniz?
-Möhtərəm hakim, əvvəla, Əzrail bir mələkdir. Onun funksiyası biz insanlar üçün pis ola bilər. Allah qatında isə var olan məxluqatın canını almaq yaxşı və çox vacib əməldir. Bizim bunu müzakirə etmək və ya ona qiymət vermək hüququmuz yoxdur.
İkincisi, mən özümü Əzraillə müqayisə etmirəm. Funksiyanın nə olduğunu izah etmək və fikrimi tam başa salmaq üçün bu müqayisəni aparıram. İstəsəniz, bir başqa müqayisəni nəzərinizə çatdıra bilərəm. Məsələn, siz hakimsiniz. Sizin funksiyanız şikayətlər əsasında kimisə mühakimə etməkdir. İndi mən sizdən inciyə bilərəmmi ki siz niyə məni mühakimə edirsiniz? Yaxud mən burdan çıxıb sizi öz funksiyanızı yerinə yetirdiyinizə görə məhkəməyə verə bilərəmmi? Deyək ki, mən bu addımı atdım. Müraciət etdiyim məhkəmə mənim şikayətimi icraata götürsə, haqlıdırmı? Eyni şəkildə siz də qanunla təsbit olunan funksiyamı yerinə yetirdiyimə görə məni mühakimə edə bilməzsiniz. Hakimin səlahiyyət sahəsi qanunun tələblərini müzakirə etmək deyil. O, yalnız insanları bu qanunun tələblərini yerinə yetirmədiyinə görə ittiham edə bilər. Mən isə aldığım məlumatı şərh etməklə faktiki funksiyamı və ya vəzifə borcumu yerinə yetirmişəm.
-Mən hələ sizi mühakimə etmirəm. Nəzərinizə çatdırım ki, hakimin vəzifə borcu təkcə mühakimə etmək deyil. Barışdırıcılıq missiyası da onun səlahiyyətlərinə aiddir və mən indiyə qədər bu mövqeyi sərgiləmişəm. Sizi barışdırmaq istəyirəm. Əgər barışmasanız mən artıq mühakimə mərhələsinə keçəcəyəm.
-Mən axı Sara xanımdan “küsməmişəm” ki, onunla barışım. Dialoq qapım həmişə onun üzünə açıq olub. Zaman-zaman zəng edir, danışırıq da. Bizi necə barışdırmağı nəzərdə tutursunuz?
-Hər halda o sizdən narazı qalıb ki, məhkəməyə müraciət edib.
-Yəni deyirsiniz ki, o məndən “küsüb”? Onda buyursunuz o mənimlə barışsın. Amma mən onunla barışmaq xətrinə öz funksiyamı yerinə yetirməkdən imtina edən deyiləm. Söhbət ondan gedir ki, mənim dərdim o olmayıb. Mən onun yazdığı statusdan çıxış edərək Vasif Talıbovun terrorçu təşkilatı himayə etdiyini göstərmişəm. Yəni bir növ Sara xanımın da xəbəri olmadan biz əslində paslaşmışıq. O mənə yaxşı bir ötürmə edib. Mən də xanın qapısına yaxşı bir qol vurmuşam. Amma dərd burasındadır ki, hakim bizim birgə qolumuzu hesaba almaq istəmir. Söhbət siz hakimdən getmir. Oyunun hakimini deyirəm.
Siz mənə barışmağı təklif edirsiniz. Mən nə ilə barışım? Dövləti cinayətlərləmi? Dövlət təhlükəsizliyi məsələsinə gözmü yumum? Bir dövlət hakimiyyətinin nümayəndəsi kimi sizin bunu məndən tələb etməyinizə inana bilmirəm. Mən düşünürdüm ki, burada Sara xanımın statusunu nəzərə çatdıran kimi, siz bu faktı dərhal fiksə edib Baş Prokurorluğa göndərəcəksiniz. Siz isə mənə barışmaq təklifi edirsiniz.
-Sizin vəsatətimizlə müvafiq qurumlara sorğu göndərmişəm. Ordan aldığım cavabda isə bildirilir ki, elə bir fakt yoxdur. Bundan artıq nə istəyirsiniz?
-Ordan alınan cavab sizi maraqlandırır, məni yox. Mən hər halda Sara xanımın özü barəsində yazdığı statusu şərh etmişəm. Məlumat mənbəyim isə 1 dərəcəli qaynaqdır. Yəni bu adamın özü deyir ki, mənim barəmdə 3 ildir araşdırma aparılır və mənim hansısa terrorçu təşkilatla əlaqəm araşdırılır. Mən də bunu şərh etmişəm. Məlumat yalandırmı, doğrudurmu, bunun məsuliyyəti mənə aid deyil. Üstəlik, Sara xanım paylaşdığı statusda açıq şəkildə bildirir: mən bu araşdırmanı aparan serjantvari generala demişdim ki, bu təşəbbüsdən əl çək. Əks halda mən cənab xana (təbii ki, o cənab xan yox, cənab sədr demişdi) müraciət edərəm. O da basıb gözünü çıxarar və bu iş xətm olunar. Sara xanım həmin statusunda onu da deyir ki, serjantvari general mənə inanmamışdı. Amma bu iş xanın müdaxiləsi ilə bağlandı.
Sara xanımın hədəfə aldığı serjantvari generalın kimliyi bəllidir və Allaha çox şükür, o sağdır. Özü də Bakıda yaşayır. Siz niyə onu məhkəməyə dəvət edib Sara Əzimovanın ondan və onun Saradan nə istədiyini, xanın ona təzyiq edib etmədiyini birbaşa özündən soruşmursunuz? Halbuki mən də bu barədə dəfələrlə vəsatət qaldırmışam. Amma indiyədək vəsatətlərim təmin olunmayıb. Əgər serjantvari generalın kim olduğunu bilmirsinizsə, mən onu sizə göstərə bilərəm. Belə ki, nəinki Naxçıvanda və ya Azərbaycanda, hətta bütün Yer kürəsində Adəm peyğəmbərdən bu günə qədər davam edən insanlıq tarixi boyunca, Sara xanımın təbiri ilə desək, bir serjantvarı general dünyaya gəlib. O da Fazil Ələkbərovdur. Çünki serjantlıqdan generallığa yüksəlib, Naxçıvan DTX-nın rəisi, DİN-nin rəhbəri işləyib. Bir sözlə, tarixdə belə bir xüsusiyyətə malik ikinci, üçüncü adam tapmaq mümkün deyil. İttiham bəlli, ittiham olunan şəxs də bəlli. Bəs siz niyə onu məhkəməyə çağırıb Sara Əzimova barədə 3 il nəyi araşdırdığını soruşmursunuz?
-Mən bu vaxta qədər sizi barışdırmaq istəyirdim. Olmadı. Bundan sonra mən məhkəmənin növbəti - mühakimə mərhələsinə keçəcəyəm. Onda sizin vəsatətlərinizə də baxacağıq.
Hakim işlə daha yaxından tanış olmaq üçün növbəti məhkəmə prosesini ayın 26-na qədər təxirə saldı.
Heyder Oguz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru