Bakıda planlaşdırılan terrorun qandonduran detalları: Bu səfirlik partladılacaqmış – ŞOK

11-07-2023, 18:54           
Bakıda planlaşdırılan terrorun qandonduran detalları:
Azərbaycanda artıq neçənci dəfədir terror cəhdinin qarşısı alınır. Xüsusi xidmət orqanlarının sayıqlığı və peşəkarlığı ölkəni dəhşətli fəlakətlərdən qoruyub saxlayır. Zaman-zaman belə cəhdlər olur. Gah şəxslər, gah mülki obyektlər, gah da diplomatik korpusların yerləşdiyi binalar terrorçuların qanlı planlarından son anda xilas edilir.

Təəssüf, onlardan bəziləri reallaşdırılır. Bu il yanvarın 27-də Tehran şəhərində Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yarmış, səfirlik əməkdaşlarına atəş açmışdı. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olmuşdu. Hücumun dəf edilməsi zamanı iki mühafizəçi yaralanmışdı.

Bu ilin mart ayında Bakıdakı hipermarketə edilən hücumun, əslində, bir terror aksiyası olduğuna dair iddialar var. Həmin basqında da bir mühafizəçi həlak olmuş, bir neçə nəfər yaralanmışdı.

2023-cü il martın 28-də Milli Məclisin deputatı Fazil Mustafa evinin qarşısında güllələndi. Ona qarşı sui-qəsd cəhdində iştirak edən şəxslərin İrandan təlimat aldıqları deyilir.

Mart ayında Bakının mərkəzində daha bir silahlı insident olmuşdu. Bu atışmanın kriminal aləmin “razborkası” olduğu deyilir. Amma bu hadisə də terrorla əlaqələndirilir.

Beləliklə, son 7 ayda Azərbaycanda (səfirlik binası da məxsus olduğu ölkənin ərazisi sayılır – red.) 4 terror və sui-qəsd cəhdi olub. İki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Azərbaycan terror təşkilatlarının, terroru dəstəkləyən bəzi ölkələrin hədəfindədir. Zamanında Ermənistan xüsusi xidmət orqanları Bakıda və bir neçə bölgədə böyük tələfatla müşayiət olunan terror hadisələrinə müəlliflik ediblər. 1994-96-cı illərdə Bakı metrosunda üst-üstə yüzlərlə insanın həlak olmasına səbəb teraktları unutmamışıq.

Son illər bizə əsas təhdid isə qonşu İran İslam Respublikasından gəlir. İran terroru dəstəkləyən, himayə edən ölkələrin sırasında öndə gəlir.

İyulun 10-da Dövlət Təhlükəsizlik Xidməti məlumat yaydı. Məlumatda deyilirdi ki, Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdıran xarici ölkə vətəndaşı saxlanılıb. Onun Əfqanıstan vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xan olduğu müəyyənləşib.

DTX-nin yaydığı rəsmi məlumatda bildirilir ki, Favzan Musa Xan digər şəxslərlə qabaqcadan əlbir olub. Onların Azərbaycan Respublikası ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilib.

Bu məlumatı oxuduqca adam anlayır ki, çox böyük faciədən xilas olmuşuq. DTX-nin məlumatında bir məqam diqqət çəkir. Deyilir ki, həmin dəstə dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və s. törətməyi planlaşdırıb. Bu, təkcə Azərbaycanın deyil, onun müttəfiqlərinin də hədəf seçilməsi deməkdir. Çoxmiqyaslı bir terror planından söhbət gedir.

DTX-nin məlumatında terrorçularla bağlı xeyli məlumat olsa da, onların məskunlaşdıqları mənzildə gizli çəkilişlə əldə edilən kəşfiyyat məlumatları ictimailəşsə də, hədəf seçilən ölkə və onun səfirliyi haqda heç nə deyilmir.

Globalinfo.az son 10-15 ildə Azərbaycanda baş verən analoji əməliyyatları araşdırıb, bəzi ipucları əldə edib. Məlum olub ki, xüsusi xidmət orqanlarının 2008-ci ildən üzü bəri qarşısını aldığı bu kimi hadisələrdə əsas hədəf İsrailin Bakıdakı səfirliyi olub. DTX-nin dünənki məlumatında adı çəkilməyən səfirliyin İsrailə aid olmasına dair ipucları var. Ötən dövrlə analogiya aparıldıqda bütün əlamətlər İsrail səfirliyinin hədəf alındığını göstərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.