Milli Məclis Söyüdlüdə qızıl çıxaran şirkətə 3 yatağı 8 dəqiqəyə verib

12-07-2023, 08:34           
Milli Məclis Söyüdlüdə qızıl çıxaran şirkətə 3 yatağı 8 dəqiqəyə verib
Şirkətlə imzalanan sazişdə Azərbaycan hökumətinin "təminatı və öhdəlikləri"nə dəyişiklik edilib, amma hansı dəyişikliyin edildiyi bəlli deyil

Milli Məclis Gədəbəyin Söyüdlü kəndində qızıl istehsalı ilə məşğul olan ““Azerbaijan İnternational Mining Company” şirkətinə daha 3 yataq verən sazişi 8 dəqiqəyə qəbul edib.

Bu barədə məlumatı iqtisadçı ekspert Toğrul Vəliyev öz Telegram kanalında paylaşıb.

İqtisadçı deyir ki, yataqlarla və sazişlə bağlı məlumatlar heç də əlçatan deyil.

İqtisadçı bildirir ki, 1998-ci ildə təsdiq edilmiş "Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl, filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının «Azərqızıl» Dövlət Şirkəti ilə R.V. INVESTMENT GROUP SERVICES, LLC USA arasında saziş"ə 2022-ci ildə dəyişikliklər edilib. Dəyişikliklərlə şirkət ümumi sahəsi 882 kvadrat kilometr olan Qaradağ, Xarxar və Dəmirli yataqlarını da müqavilə sahəsinə daxil edib.

İqtisadçı bildirib ki, rəsmi mənbələrdə dəyişiklik mətni ilə bağlı məlumat yoxdur. Eyni zamanda, Ədliyyə Nazirliyinin hüquqi aktların vahid elektron bazasında da yataqlarla bağlı məlumat yerləşdirilməyib.

Onun sözlərinə görə, yataqlar müvafiq sazişə dəyişiklik edilməklə şirkətə verilib:

“2022-ci ilin iyunun 18-də prezident İlham Əliyevin imzaladığı sərəncama görə "Sazişdə Dəyişiklik” sənədini imzalamaq səlahiyyəti ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə verilib. Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində yerləşən tullantıxanada monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə xüsusi komissiyaya da Muxtar Babayev rəhbərlik edir. Sonradan, iyunun 21-də Nazirlər Kabineti müvafiq saziş ilə bağlı bir sıra məsələlər barədə qərar qəbul edib. Qərara görə müvafiq sazişdə "Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri"nə dəyişiklik edilib. Hansı dəyişiklik - bəlli deyil. Bundan sonra isə Milli Məclis 8 dəqiqə ərzində sazişə dəyişikliyi təsdiqləyib, 3 mədəni 8 dəqiqəyə ingilis şirkətinə veriblər. Bununla bağlı hətta Sahibə Qafarova, Sadiq Qurbanov, Səməd Seyidov və Siyavuş Novruzov (8 dəqiqəyə 4 nəfər çıxış edib) çıxış ediblər. İştirak edən deputatların hamısı, 106 nəfər, qanunun lehinə səs verib. Prezident də eyni gündə qanunu təsdiqləyib”.

Abzas Media sazişin təsdiqlənməsi zamanı çıxış edən millət vəkilləri Səməd Seyidov və Siyavuş Novruzovla əlaqə saxlamağa çalışsa da, zənglərimiz cavabsız qalıb.

İyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azerbaijan International Mining Company” şirkəti kənddə zərərli, kimyəvi tullantıların atılacağı ikinci göl yaratmağa çalışır. Buna etiraz edən sakinlər polis zorakılğına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.

Rəsmi şəxslər aksiyadan sonra 5 nəfərin inzibati həbs cəzası aldığını bildirsə də, Bakıda Söyüdlü sakinlərinə dəstək üçün təşkil olunan İşçi Qrupu 11 nəfərin həbs olunduğunu açıqlayıb. Onlardan 8-i inzibati qaydada həbs olunub, 3 nəfərə narkotik ittihamı ilə cinayət işi açılıb. İnzibati həbs olunanların qərarlarında qeyd olunub ki, onlar İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsilə (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) ittiham olunublar.

DİN ilk aksiyada zorakılıq göstərən polis əməkdaşları ilə bağlı xidməti yoxlama aparıldığını bildirsə də, sonradan cəzalandırılan polisin olmadığını açıqlayıb.

Baş nazir Əli Əsədov göldə monitorinqlərin aparılması üçün komissiya yaradıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.