Həbsxanadan buraxılan ruslar yeni qətllər törətməkdə ittiham olunur

12-08-2023, 11:37           
Həbsxanadan buraxılan ruslar yeni qətllər törətməkdə ittiham olunur
Arsenii Sokolov, Tim Whewell & Nina Nazarova
Vəzifə,BBC World Service
Rusiyada Vaqner muzdluları tərkibində Ukrayna cəbhəsində vuruşmaq üçün vaxtından əvvəl azadlığa buraxıldığı güman edilən məhbus müharibədən evə qayıtdıqdan sonra Rusiyada ikiqat qətl törətməkdə günahlandırılıb.

2016-cı ildə 18 il həbs cəzası alan Demyan Kevorkyan işdən evə qayıdan gənc kişi və qadını öldürdüyü üçün həbs edilib.

O, ittihamı rədd edir.

BBC-nin öyrəndiyinə görə, o, cəbhəyə göndərilmək üçün erkən azad edilən, daha sonra isə əfv edilən və ardınca yenidən cinayət törətməkdə ittiham olunan yeganə məhkum deyil.
Sosial media kanalına istinad edən keçmiş məhbuslardan birinin sözlərinə görə, Kevorkyan 2022-ci il avqustun 31-də Yevgeni Priqojin onun həbsxanasına baş çəkdiyi zaman Vaqner sıralarına qəbul edilmiş 150 məhbusdan biri olub.

BBC-yə bildiriblər ki, sonradan Kevorkyan Rusiyanın cənub-qərbində, Krasnodarda yerləşən doğma Pridorojnaya kəndində insanlara Ukraynadakı döyüşlərdən yenicə qayıtdığını söyləyərkən gözə dəyib.

Onun qətlə yetirməkdə ittiham olunduğu şəxslərdən biri də uşaqlar üçün əyləncəli tədbirlərdə çıxış edən 19 yaşlı artist Tatyana Mostykodur. Tatyananın anası Nadejda bizə tədbirdə Tatyananın çəhrayı-mavi kombinezonda rəqs edərkən və oyunlar təşkil edərkən çəkilmiş videosunu göstərir.

"Bu iş onun çox xoşuna gəlirdi, - Nadejda deyir. İşdən qayıdanda onların nə etdiklərinə, onları necə əyləndirdiyinə gülürdü".
Tatyananın son işi aprelin 28-də olub. Onun rəhbəri Kirill Çubko avtomobildə onu evə apararkən maşının təkəri deşilib. Onlar maşını Rusiyanın cənub-qərbindəki Berezanskaya şəhəri yaxınlığında yolun kənarında saxlayıblar. Kirillin həyat yoldaşı Daryanın sözlərinə görə, Kirill ona zəng edərək vəziyyəti çatdırıb və deyib ki, gec qayıdacaq, lakin narahat olmasın, çünki bir qrup gənc onlara kömək etməyə hazırlaşır. O andan bəri Darya bir daha Kirillin səsini eşitməyib.

Səhərədək Tatyana və Kirilldən bir xəbər gəlmədiyindən narahat olan Darya polisə zəng edir.

Tatyana və Kirillin axtarışında yüzlərlə insan iştirak edib. Axtarış işinə Sibirin ucqar kəndindən durub gəlmiş Tatyananın anası da qoşulub.

Nadejda deyir ki, təyarədən çıxıb mobil telefonunu qoşanda sonsuz mesajların gəlməsi ona beynində dolaşan ən ağır gözləntilərinin çin olduğunu hiss etdirib: "Ən ağır anlar telefonumu yenidən qoşanda oldu. Sonsuz mesajlar gəlmişdi. Necə panikaya düşdüyümü təsəvvür etmək qeyri-mümkündür. Telefonu kənara atdım, çünki bu mesajların yalnız bir mənası ola bilərdi - hər şey bitib. İçəridən gələn qorxu hissimi təsvir edə bilmirəm."

31 yaşlı Kevorkyan da daxil olmaqla 3 şübhəli həbs olundu. Digər ikisi, Anatoli Dvoynikov və Aram Tatosyan istintaqı aparan şəxslərə Kirillin yanmış avtomobilinin yaxınlığındakı meşəlik ərazidə basdırılmış cəsədlərin yerini göstərdilər. Kirill və Tatyanada bıçaq zərbələrinin yeri aşkarlanıb, polisin bildirdiyinə görə, gənc qadında "zorakı ölüm əlamətləri" aşkarlanıb.

Dvoynikov və Tatosyan soyğunçuluq və qətl törətdiklərini etiraf ediblər və başçı Kevorkyanın olduğunu qeyd ediblər, Kevorkyan bunu inkar etsə də.

Nadejda deyir ki, daha əvvəl analoji dəşhətli cinayətə görə 18 il iş kəsilmiş Kevorkyanın azadlığa buraxıldığına inana bilmir. "O, 2028-ci ildən əvvəl çıxmamalı idi", - Nadejda vurğulayır.

Kevorkyan, Tatyana və Kirillin öldürüldüyü yerdən çox da uzaqda olmayan ərazidə avtomobil qaçıran dəstəyə başçılıq etməkdə ittiham olunub. Onlar avtomobillərdəki insanları qarət ediblər, onlardan birini isə güllələyiblər.

“O, hansı qanun əsasında azadlığa buraxılıb?” - Nadejda soruşur.

Rusiya qanunlarına görə, məhbuslar cəzalarının ən azı üçdə ikisini çəkməlidirlər. "O, ən azı 12 il həbsdə qalmalı idi. Cəmi altı ildən sonra azadlığa çıxıb", Nadejda vurğulayır. Tatyananın anasına qızının vəhşicəsinə öldürülməsinin qarşısının alınmasının mümkün olması fikri rahatlıq vermir.

Kimlər azadlığa buraxılıb?
Priqojinin Rusiya həbsxanasında çəkilmiş videosunda o, sıraya düzülmüş məhbuslara silsilə qətllər törətmiş və ya dövlət məmurunu və polisi döymüş cinayətkarlara üstünlük verdiyini söyləyir.

"Sizin kriminal istedadınıza ehtiyacımız var", Priqojin deyir və xəbərdarlıq edir ki, Ukrayna cəbhəsinə gedənlərin 10-15 faizi "sink tabutlarda" qayıdacaq.

Lakin eyni zamanda o söz verib ki, altı ay cəbhədə olanların evlərinə qayıtmaq imkanı olacaq, onlara 1000 ABŞ dolları məbləğində mükafat veriləcək və ən əsası isə, onlar əfv olunacaqlar.

2023-cü ilin iyununda Prezident Putin imzaladığı fərmanlar əsasında ilk dəfə olaraq Ukrayna müharibəsindən qayıdan məhbusların əfv olunduğunu açıq şəkildə təsdiqləyib.
Nə qədəri yenidən cinayət törədib?
Priqojin deyir ki, bir il ərzində Vaqner 49 min məhbusu döyüşlərə cəlb edib və onlardan 32 min nəfəri geri qayıdıb. Bu, onun vəd etdiyi faizdən xeyli aşağı göstəricidir. Müstəqil tədqiqatçılar hesab edir ki, sağ qalanların real sayı daha aşağıdır, təxminən 20 min nəfər.

Yanvarda çəkilmiş videoda keçmiş məhkumları evlərində qarşılayan Priqojin onlara deyir: "Siz necə deyərlər, cinayətkar idiniz - indi isə oldunuz müharibə qəhrəmanları!"

Bu “qəhrəmanların” çoxu isə cinayətlər törətməkdə ittiham olunub. BBC təsdiq edib ki, zorlama və qətl də daxil olmaqla 20-yə yaxın ağır cinayətdə şübhəli bilinənlər Ukrayna cəbhəsinə yollanmaq üçün vaxtından əvvəl azad edilmiş Vaqner döyüşçüləridir.

Priqojin iddia edib ki, Vaqner tərkibində döyüşmüş keçmiş məhbuslar arasında təkrar cinayət törətmə nisbəti digər azad edilmiş cinayətkarlarla müqayisədə 10-20 faiz aşağıdır.

Lakin “Barmaqlıqlar arxasındakı Rusiya” məhbusların hüquqlarının müdafiəsi təşkilatının direktoru Olqa Romanova deyir ki, bir çox cinayətlər qeydə alınmadığı üçün real rəqəm daha çox ola bilər.
Onun fikrincə, bu, yeni qəbul edilmiş qanunla əlaqəli ola bilər.

Həmin qanuna əsasən, "xüsusi hərbi əməliyyatda" iştirak etmiş insanların gözdən salınmasına görə cinayət məsuliyyəti nəzərdə tutulub.

Digər qurbanların ailələrini keçmiş məhkumların nəinki cəzasız qalmaları, eləcə də onların cəbhədən daha da qəddarlaşaraq geri qayıtmaları narahat edir.

Oksana Pextelevanın 23 yaşlı qızı Vera 100-dən çox bıçaq zərbəsi ilə və daha sonra elektrik kabeli ilə boğularaq öldürülüb.

2022-ci ilin iyulunda Veranın keçmiş sevgilisi Vladislav Kanius, qızı qətlə yetirdiyinə görə 17 il azadlıqdan məhrum edilərək cəzasını koloniyada çəkməyə məhkum edilib.

Lakin aradan bir il keçməmiş Oksana onun fotolarını sosial şəbəkədə görüb.

May ayında yayılmış fotolarda Kanius əlində silah və hərbi geyimdə çəkilib. Əvvəlcə Oksana həmin fotoların həqiqiliyinə şübhə edib.

Lakin bir ay sonra o, Kaniusun Rusiyanın cənubuna, Rostovdakı həbsxanaya köçürüldüyü barədə rəsmi təsdiq məlumatı alıb.

Oksana məhkəmədən Kaniusun harada olduğunu soruşduqda, onlar onu tapa bilmədiklərini və yerinin dövlət sirri olduğunu bildiriblər. Onun son məlum olduğu yeri və hərbi geyimdə olan şəkillərini nəzərə alaraq, onun Ukraynada döyüşdüyünü və sağ qalsa, rəsmi sürətdə əfv olunacağını və azad bir insan kimi mülki həyata qayıda biləcəyini ehtimal etmək olar, Oksana güman edir.

Qızına ədalət uğrunda aylarla mübarizə aparan ana üçün bu, acı zərbədir. "Bu təhqirdir", Oksana deyir.

"Sanki hamımız hücuma məruz qalmışıq. Bu, bütün əclaflara sanki bir işarədir: "Nə istəyirsəniz edin, sizə dəyən olmayacaq"", - Oksana bildirib.
Bir çox vəkillər bizə dedilər ki, müdaxilə etməkdə acizdirlər – eyni adamı bir cinayətə görə iki dəfə mühakimə etmək mümkün deyil və onun yenidən həbsə göndərilməsinin yeganə yolu yenidən cinayət törətməsidir.

Bu, Tatyananın anası Nadejda kimi qətl qurbanlarının yaxınlarını dəhşətə gətirir. Nadejda deyir ki, əlindən gələn ən böyük iş qızının qətlində əsas şübhəli olan Kevorkyanın təqsirli bilinəcəyi təqdirdə ömürlük həbs cəzasına məhkum olunmasını tələb edən və artıq on minlərlə imza toplanmış petisiyanı dəstəkləməkdir.

“Mən evdə heç vaxt bu barədə danışmaram... Tatyananı əlimdən alıblar, ayağımın altından sanki yer qaçıb”, – o, göz yaşlarını güclə saxlayır.

"Əlbəttə, qızımın ölümündə kimin günahkar olduğunu anlayıram və bilirəm ki, bu, onun ilk cinayəti deyil... Bu, mənim üçün ağırdır... Amma mən anlayıram ki, ona ömürlük cəza kəsməyəcəklər."

Əlavə reportaj Lorna Hankin-indir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.