Bütün cəbhə boyu GƏRGİNLİK – Ermənistan bu platformada tam hücuma keçib

16-08-2023, 14:28           
Bütün cəbhə boyu GƏRGİNLİK –
Ermənistan bütün cəbhə boyu gərginlik yaratmaqla sülh müqaviləsinin bağlanmasına mane olmağa çalışır; istər sərhəddə, istər Qarabağ ərazisində, istərsə də informasiya sahəsində. İndi ermənilərin daha çox hücuma keçdikləri sahə informasiya platformalarıdır. Müxtəlif təbliğat orqanlarında Azərbaycan əleyhinə kampaniya aparan Ermənistanın tirajladığı informasiyaların hamısı feyk xəbərlərdir. Dünya mediasında özlərini məzlum, əzilən xalq kimi göstərən toplum Azərbaycanın “etnik ermənilərə qarşı soyqırım” törətdiyini yazır. Guya Qarabağdakı erməniləri acından öldürən Azərbaycan həm də “etnik təmizləmə” siyasəti həyata keçirir. Ermənistanın böhtan kampaniyasının toruna düşənlər də az deyil. Əsasən erməni diasporunun dəstəyi ilə aparılan antiAzərbaycan kampaniyası Qərb mediasında tirajlanır. Artıq Ermənistan öz siyasi xəttini dəyişib və sözdə Azərbaycanın ərazi bütövlüyünü tanımaqla siyasi imitasiya edir. Əməldə isə ciddi siyasi təxribatlar törədir.

İndi münaqişəni başqa müstəvidə dünya ictimaiyyətinə təqdim edən Nikol Paşinyan Qarabağda “humanitar fəlakət” şousu kartından istifadə etməyə başlayıb. Əslində dostlarının siyasi xətti olan bu gedişin arxasında xüsusi məqsədlər dayanır. Dünyada oxşar hadisələrin baş verdiyini və bundan maraqlı tərəflərin yararlandığını anlayan düşmən ölkə məhz konfliktin istiqamətini “humanitar fəlakət”ə yönəltməklə öz məqsədinə çatmağa çalışır.

Ətraflı
Laçın sərhəd-buraxılış məntəqəsinin qarşısına topladıqları yük karvanı da məhz bu siyasətin tərkib hissəsidir. Azərbaycanla razılaşmadan ərazilərimizə 19 TIR yük gətirən Ermənistan maşınların sərhəddən buraxılmayacağını bilirdi. Amma onları hazırkı vəziyyəti öz xeyirlərinə dəyişmək maraqlandırdığından, düşmən tərəf hər cür çirkin oyuna əl atır. Hətta dünən Göyçə istiqamətində Azərbaycan Ordusunun Avropa İttifaqının əməkdaşlarını atəşə tutmaları haqqında ermənilərin yaydığı xəbərlər də təxribat xarakterli idi.

Azərbaycan Müdafiə Nazirliyi faktı təkzib etdikdən sonra Avropa İttifaqından belə hadisənin baş verməməsi barədə açıqlama verildi və bu informasiyaların Ermənistanın uydurduğu, Azərbaycan əleyhinə kampaniyanın bir hissəsi olduğu üzə çıxdı. Bu cür feyk xəbərlərin BMT Təhlükəsizlik Şurasının iclasından qabaq yayılması isə ermənilərin xüsusi planına uyğundur. Üstəlik, antiAzərbaycan kampaniyasında iştirak edən ölkələrin siyahısı genişləndikcə ermənilərin iştahası daha da artır. İspaniyanın Qarabağ separatçılarını dəstəkləməsi, İspaniya Xarici İşlər Nazirliyinin “Tvitter”də qondarma quruma həsr olunan paylaşımı dünyada gedən antiAzərbaycan kampaniyasının təzahürüdür.

Məsələ burasındadır ki, separatçılıqdan daha çox əziyyət çəkən İspaniyanın bu oyuna qoşulması sıradan bir hadisə deyil. Tərkibində Baskoniya və Kataloniya kimi əyalətlər olan İspaniya özünün problemlərini unudub, Azərbaycandakı separatizmi dəstəkləyir. Yeri gəlmişkən, həm Baskoniya, həm də Kataloniya neçə illərdir müstəqillik uğrunda mübarizə aparır. Hətta Kataloniyada müstəqillik referendumu da keçirilib.

İspaniya hökuməti isə katalonları kütləvi həbs etməklə ölkənin tərkibində separatizmə meylli qüvvələri zərərsizləşdirib. Baskoniya da müstəqillik tələb edir. Dünyanın ən qədim xalqı hesab olunan basklar ispanların hakimiyyəti altında yaşamağa məcburdur. Baskoniya azadlıq hərəkatı dəfələrlə silahlı hücuma məruz qalıb, nəticədə xeyli bask separatçısı qətlə yetirilib. İndi belə bir dövlətin Qarabağdakı separatçılara qahmar çıxması təəccüb doğurur. Əslində, Fransanın diqtəsi ilə baş verən bu hadisələr geniş planın tərkib hissəsidir. Və elə həmin plana uyğun olaraq da bu gün BMT TŞ-nin növbədənkənar iclası keçirilir.

Vəli Həsənov,

KONKRET.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.