Azərbaycanın yeni maliyyə siyasəti: “Rüsumu xidmət haqqına dürməkləyib vətəndaşa yedirirlər”

19-08-2023, 09:44           
Azərbaycanın yeni maliyyə siyasəti:
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nəzərinə
Uşaq vaxtı bizim kəndimizdə zavod çörəyinə “bəsmat” (bəzən "bəysumat") deyirdilər.
Vasif “xan”ın hələ təndirləri dağıtmadığı dövr idi. Kəndlərdə lavaş bişirilir və kənd əhalisi əsasən lavaş yeyirdi. Qısası, biz lavaşa, kənddəki yaxınlarımız isə “bəsmat”a tamarzı idik. Bu qarşılıqlı tamarzılıq şəhərlə kənd cocuqları arasında incə zarafata çevrilmişdi. Biz, özünübəyənmiş şəhər uşaqları qınından çıxıb qınını bəyənməyənlər kimi kənddəki dostlarımıza deyirdik: “Siz bəsmatı lavaşla dürməkləyib (yəni büküb) yeyirsiniz”. Sözsüz ki, bu iddiamız gerçək deyildi, sadəcə dostlarımızı acıtmaq üçün uydurmuşduq.
İndisə Bakıda yaşaya-yaşaya lavaş süfrəmizin ən ləziz təamına çevrilib. Az qala, biz indi lavaşı bəsmatla dürməkləyib yeyəcək hala gəlmişik. Yəqin ki, Vasif “xan”ın təndir islahatı sayəsində bizim kəndlərimizdəki vəziyyət də fərqli deyil.
Bunlar öz yerində. Məqsədim heç də Vasif “xan”ın təndir islahatını, türkün sözü, eleştirmek” deyil. Məsələ burasındadır ki, bizim o zamanlar zarafat xətrinə uydurduğumuz bu yalan, deyəsən, Azərbaycan maliyyə sisteminin ağlına batıb. İndi maliyyəçilərimiz rüsumu xidmət haqqına dürməkləyib vətəndaşa yedirirlər.
Hər halda Fərid Əliyev adlı bir vətəndaşın redaksiyamız göndərdiyi məktubdan belə anlaşılır.
Fərid bəyin dediyinə görə, Azərbaycan maliyyə sisteminin bu siyasətinə etiraz etdiyi üçün hazırda pasportsuz qalıb. Çünki ondan pasport üçün dövlət rüsumu istəyiblər. O, məmnuniyyətlə bu tələbi yerinə yetirməyə çalışıb. Amma son anda qarşısına bir əmma çıxıb. Məlum olub ki, bu rüsumu dövlət banklarından birinə ödəməlidir. Bunun üçün isə həm də banka xidmət haqqı verməlidir. Fərid bəy soruşur: “Bank da dövlətin, rüsum da. Onda dövlətə ödənilən rüsum üçün niyə əlavə xidmət haqqı da ödənilməlidir?”.
Sualına cavabı isə yenə özü verir:
“Dövlət rüsumunu ödəmək istəyən vətəndaşlar banklara yönləndirilirlər. Bank vasitəsilə ödəniş edəndə isə "xidmət haqqı" tutulur. Belə olanda dövlət rüsumunu ödəyən vətəndaş əlavə xərcə düşür.
Əgər rüsum mütləq bank vasitəsilə ödənilməlidirsə, onda bankın vasitəçiliyindən istifadə etdiyinə görə dövlət banka xidmət haqqını öz hesabından verməlidir. Vətəndaş əlavə xərcə salınmamalıdır.
Digər tərəfdən Asan Xidmətdə fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Bankı da dövlətindir. Dövlət bankı dövlət rüsumunu ödəyən vətəndaşdan niyə komissiya haqqı tutmalıdır ? Bu dövlətin eyni xidmətə görə vətəndaşdan iki dəfə pul alması deməkdir.
Hökumət Ödəniş Portalında kommunal (su, işıq, qaz), mobil operatorlara edilən ödənişlər üçün əlavə xidmət haqqı tutulmur, amma dövlət rüsumunu ödəyəndə nədənsə xidmət haqqı tələb olunur. Halbuki, dövlət qurumları istəsə, vətəndaşı əlavə xərcə salmadan bunu edə bilərlər. Ya da idarənin özündə birbaşa kassaya mədaxil formasında bu iş təşkil olunmalıdır.
Sadəcə dövlət rüsumunun məbləğini ödəyərək dövlət xidmətlərindən yararlana bilmək üçün şərait yaradılmasını xahiş edirik. Dövlət rüsumunu yığmaqla bağlı məsrəflər vətəndaşa yüklənməməlidir. Dövlət qurumları vətəndaşın işini çətinləşdirməli deyil, asanlaşdırmalıdır”.
Heydər Oğuz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.