Azərbaycanlılar Almaniyaya sığınır - son aylarda 1000-dən çox...

19-08-2023, 15:54           
Azərbaycanlılar Almaniyaya sığınır - son aylarda 1000-dən çox...
Ukraynada müvəqqəti yaşamaq hüququ olan, əksəriyyəti isə Azərbaycan vətəndaşı olanlar vətənə deyil, qürbətə üz tuturlar - onlar isə burada...

Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Almaniyada sığınacaq axtaran Azərbaycan vətəndaşlarının sayında artım var, Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin (BAMF) mətbuat xidməti xəbər verir.

Qeyd olunur ki, 2023-cü ilin ilk 7 ayı ərzində ümumilikdə 1016 Azərbaycan vətəndaşı federal agentliyə sığınacaq üçün müraciət edib. Onlardan 852-si ilk dəfə, 164-ü yenidən müraciət edib. Müraciət edənlərin əksəriyyəti Ukraynada yaşamaq hüququ olan Azərbaycan vətəndaşları olub.

Cenevrə Konvensiyasına əsasən yalnız 28 ərizəçiyə qaçqın statusu verilib, 387 vətəndaşa isə sığınacaq verilməyib, onların vətəndaşı olduqları ölkəyə könüllü qayıtmaları barədə qərar qəbul edilib.

Bu arada, Hamburqda qaçqın düşərgəsində otaq yoldaşlarını dəmir dəyənəklərlə döyən iki azərbaycanlı - Etibar R. (51 yaş) və Rüfət H. (43 yaş) barəsində məhkəmə prosesi başlayıb. “Bild”in məlumatına görə, cinayət 6 ay əvvəl törədilib. Məhkəmə onu qəsdən adam öldürmə və sağlamlığa ağır xəsarət yetirməkdə ittiham edib.

Məlumata görə, fevral ayında qaçqın düşərgəsində əslən Ukraynadan olan kişi ilə (61 yaşlı) mübahisə edib və bu, davaya səbəb olub. Həmyerlilərimiz ukraynalıya hücum edərək onu döyməkdə ittiham olunublar.

Səs-küyü eşidən qurbanın dostu (66 yaşlı) müdaxilə etməyə çalışıb. O, üzündən ağır zərbələr alıb, başından xəsarətlər alıb, əlaltı sümüyünün sınığı olsa da, sağ qalıb. Lakin dostu xilas etmək mümkün olmayıb, o, xəstəxanada dünyasını dəyişib.

Cinayət baş verən zaman azərbaycanlı qaçqınlar sərxoş vəziyyətdə olublar. Hamburqun münsiflər heyəti sentyabrın 4-də hökm çıxaracaq.

Görünən budur ki, Ukraynada müvəqqəti yaşamaq hüququ olan, əksəriyyəti isə Azərbaycan vətəndaşı olanlar vətənə deyil, qürbətə - konkret halda Almaniyaya üz tuturlar. Onlar isə burada gözləyən yoxdur. Nəzərə alsaq ki, son aylar Almaniyanın iqtisadiyyatında ciddi geriləmə var, o halda müraciət edən azərbaycanlı qaçqınların əksəriyyətinə yox cavabı verilir. Bu yuxarıda göstərilən statistikadan da məlum olur. Bəs, Almaniyanı azərbaycanlılar üçün bu qədər cəlbedici edən nədir?
Beynəlxalq hüquq üzrə mütəxəssis, iqtisadçı Vüsalə Əhmədova mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, istər beynəlxalq miqyaslı müharibələr, istərsə də vətəndaş müharibələri olsun, bu hər zaman kütləvi miqrasiyaya səbəb olub: “Bir qayda olaraq, qaçqınların kütləvi şəkildə meydana çıxması daha çox beynəlxalq münaqişələr, işğal, soyqırımı kimi amillər nəticəsində baş verir. Məlumdur ki, münaqişə dövründə mülki əhali hərbi əməliyyatların baş verdiyi və ya işğal olunmuş əraziləri tərk edərək müvəqqəti və ya daimi yaşayış yeri axtarmağa məcbur olur. Təəssüf ki, silahlı münaqişələr zamanı qaçqın və köçkünlərin müdafiəsi məsələsinə humanitar hüquqda tam olaraq aydınlıq gətirilməyib.

Ümumilikdə, 28 iyul 1951-ci ildə imzalanmış “Qaçqınların statusu haqqında Konvensiya” və 1967-ci il tarixli “Qaçqınların Statusuna dair Protokol”u birgə beynəlxalq qaçqın hüququnun əsasını təşkil edir. 1951-ci il tarixli konvensiyaya müvafiq olaraq “qaçqın” statusu, öz ölkələrindəki ağır şəraitdən və ya təqib edilmək kimi risklərdən qorxaraq ölkəsini tərk edən və başqa dövlətə sığınmaq istəyən şəxslərə verilir. Müharibə, daxili qarışıqlıq, səfalət, yoxsulluq, təhlükə, qorxu, təbii fəlakətlər qaçış səbəbi kimi göstərilə bilər. Lakin konvensiyanın müharibədən qaçan şəxsləri əhatə edib-etməməsi sual doğurur. Çünki konvensiyada konkret olaraq “hərbi münaqişə” ifadəsi yoxdur.

Əslində, konvensiyanın 1-ci maddəsində göstərilən “irqi, dini, milliyyəti və ya müəyyən sosial qrupa mənsubiyyətinə görə təqib qorxusu” ifadəsi yer alır, hansı ki, bu qorxunun silahlı münaqişələr, işğal və ya soyqırımı nəticəsində də yarana biləcəyi formasında şərh oluna bilər. Bu baxımdan konvensiyanın silahlı münaqişədən qaçanlara şamil edilməsi mümkündür. Burada əsas olan, ərizəçinin subyektiv qorxusunun əsaslı olub-olmadığının müəyyən edilməsidir. Bunun üçün isə, şəxsin mənşə ölkəsindəki vəziyyətinin obyektiv qiymətləndirilməsi aparılır. Rusiya-Ukrayna müharibəsindən qaçaraq Almaniyaya sığınmaq istəyən Azərbaycanlıların əksəriyyəti Ukrayna vətəndaşı olmadıqları üçün onların tələbi təbii olaraq qəbul edilmir".

Politoloq Yeganə Hacıyeva isə “Yeni Müsavat”a dedi ki, azərbaycanlılar hər zaman başqa ölkələrdə məskunlaşmağa meylli olublar, tək Almaniyada deyil: “Burada ilk olaraq psixoloji amil rol oynayır. Azərbaycan düşüncəsi hər zaman səyahət etmək istəyən düşüncədir. Misal üçün, kənd yerində yaşayanlar heç olmasa ayda bir dəfə şəhərə gəlirlər, nə qədər pul xərcləyəcəklərini düşünmədən. Bu gündəlik həyat tərzini dəyişmək istəyindən əmələ gəlir. Bu tarixin bütün mərhələsində özünü göstərib. İndi araşdırıblar, aydın olub ki, Avropanın kitabxanalarında saxlanılan yazılarda, Avropanın səsli-küylü məşhur insanları məhz bizim yaşadığımız coğrafiyadan gediblər. Həmin məşhur insanların vəfat etdikdən sonra DNT analizi ediblər, məlum olub ki, onlar Cənubi Qafqazın bizim yaşadığımız ərazisindən gediblər. Getdikləri yerdə uğurları da olub. Bəzən ermənilər öz adlarına çıxırlar. Çox məşhur rəssamlar, məşhur riyaziyyatçılar məhz Azərbaycandan getmiş, həmin dövrün insanlarıdır. Onların genlərinin DNT analizi bunu göstərib. Bu yeni tarix, ən yeni tarixdə də belədir. 19-cu əsrdə Avropaya getmiş azərbaycanlıları xatırlamaq lazımdır. O zaman da kifayət qədər uğur qazanıblar. Düzdür, bizdə məşhur azərbaycanlıları araşdırmırlar. Bu gün reallıq odur ki, bu gün Türkiyənin ilk millət vəkili azərbaycanlıdır. Fransada tanınmış hüquqşünaslar var ki, onlar da azərbaycanlılardır. Sovetin dövründə də elə ailə yox idi ki, Rusiyaya getməsin. Bizdə maddi cəhətdən yaxşı yaşamaq üçün xarici ölkəyə getmək marağı olub. 2000-ci illərdən sonra da Avropaya getmək ənənəyə çevrildi. İndi də bu davam edir. Azərbaycanlılar bəzən məsuliyyətdən qaçmaq üçün xarici ölkələr üz tuturlar. Bəzən çox pis şəraitdə yaşasalar belə, özlərini xoşbəxt hiss edirlər. Necə deyərlər, uzaq təpələrin otları yaşıl görünür”.

Afaq MİRAYİQ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.