Hərb, yoxsa sülh?! Təhlükə ritorikasının iqtisadi fəsadları.

20-08-2023, 18:35           
Hərb, yoxsa sülh?! Təhlükə ritorikasının iqtisadi fəsadları.
Kapital, pul, yatırım ürkək ceyran kimidir, təhlükəni sevmir, potensial silah səsindən qorxur, özünə güvənli "limanlar" axtarır.
Azərbaycan yatırım və yarırımçı üçün zatən cəlbedici deyil, hüququn aliliyi, məhkəmə sistemi ilə bağlı institutsional problemlər var, bir də məmur biznesi, korrupsiya və inhisarçılıq, doğru olmayan vergi-gömrük siyasətini də qeyd etsək, potensial investor ölkəmizi öz yatırım xəritəsindən "silir". Bütün bu xroniki problemlərin üzərinə bir də daim müharibə, toqquşma təhlükəsini, qanunsuz bağlı quru sərhədləri də gəlsək, mənzərə lap vahim olur.
Doğrudur, sülh tək bizdən asılı deyil, Ermənistanın tutduğu cığal, mənasız və perspektivsiz mövqe sülhə mane olur, amma ölkə olaraq biz güclüyük, ona görə də sülh üçün daha çox biz çalışmalıyıq.
Haşiyə: KKTC-ni Türkiyədən başqa heç kəs tanımır, ötən əsrin 70-80-ci illəri daim toqquşma təhlükəsi ilə keçdi, amma həm güclü olan Türkiyə, həm də KKTC rəhbərləri bu ritorikadan vaz keçməyə başladılar, bütün hüquqi-siyasi çətinliklərə baxmayaraq hüquqi dövlət qurub, demokratik imic yaratdılar və adanın KKTC hissəsinə pul-investor axdı. Son 40 ildə ərazisi cəmi 3.355 km2 olan tanınmamış ölkəyə 100 mlrd. dollara yaxın investisiya qoyuldu, lokomotiv kimi turizm sektoru seçildi, bütün sistem bu sektor üzərinə inşa edildi, təşviq siyasəti yürüdüldü və məsələn, keçən il 2022-nin yanvar-iyul aylarında ölkəyə 1,8 mln. turist gəlmişdi, elə həmin dövrdə ərazisi KKTC-dən 26 dəfə böyük olan Azərbaycana gələn turist sayı 1,1 mln. nəfər olmuşdu.
Bir dəfə yazmışdım, bir daha qeyd edim: Türk-yunan münasibətləri düzənə oturub, nifrət, kin, qəzəb görünmür, adanın yunan hissəsindən türk hissəsinə hər gün 4-5 min insan gəlir, hələ Yunanıstanın özündən keçən ilin yanvar-iyul aylarında KKTC-yə 15451 turist gəlməşdi.
Yəni, qardaş ölkə Türkiyə və KKTC hərb, toqquşma ritorikasını kənara qoyub sülhə kökləndilər, bu isə pul, yatırım, turist gətirdi.
Nəticə: Azərbaycan xarici investorsuz, cəlbedici yatırım siyasəti olmadan indiki durumdan çıxa bilməyəcək. İşğaldan azad olunmuş bölgələrimizi canlandlrmaq, ora 1,5 mln. insanımızı köçürmək üçün yaxın 10 ildə 60-70 mlrd. dollar vəsait, kreativ ideyalar lazım olacaq (məsələn, o bölgədə "Disneyland" kimi şəhər) - yoxdur o pul, bu sistemlə olmayacaq. Neft Fonduna bel bağlamışıq, o isə 10 ildə ancaq büdcə xərcləri üçün yetərli ola bilər, inkişaf və rifah üçün bəs etməyəcək.
Ölkənin təməl, sistem problemləri həll edilməlidir və paralel olaraq daimi təhlükə və müharibə ritorikasından da (güclü, müasir hərbi qüvvələr olmalıdır, bu heç) mümkün qədər uzaqlaşmaq lazımdır - başqa yol yoxdur...
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.