Azərbaycan və Ermənistan bir-birini "hərbi-siyasi vəziyyəti gərginləşdirməkdə" ittiham edir

8-09-2023, 09:54           
Azərbaycan və Ermənistan bir-birini "hərbi-siyasi vəziyyəti gərginləşdirməkdə" ittiham edir
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın rəsmi Bakını hərbi-siyasi vəziyyəti gərginləşdirməkdə ittiham etməsini “saxta siyasi manipulyasiya” adlandırıb.

Nikol Paşinyan cümə axşamı keçirdiyi “hökumət iclası”nda Azərbaycanı Laçın dəhlizini blokadada saxlamağa davam etməkdə günahlandırıb və bildirib ki, bunun nəticəsində Qarabağda “humanitar böhran kuliminasiya nöqtəsinə” çatıb.

Qarabağda yaşayan ermənilər bir neçə aydır ki, "Laçın yolunun bağlı olmasına görə" ərzaq çatışmazlığı ilə üzləşdiklərini bildirirlər.

Laçın dəhlizinin bağlı olmadığını deyən rəsmi Bakı Ermənistanın göndərdiyi humanitar yardımın ölkəsinə girişinə icazə verməyib, humanitar məqsədlər üçün Ağdam-Xankəndi yolunu təklif edib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir neçə gündür ki, Xankəndiyə göndərdiyi 40 tonluq un məhsulu isə Ağdam-Xankəndi yolunda, rus sülhməramlılarının postu qarşısında giriş icazəsi gözləyir.

Rəsmi Bakı Ağdam-Xankəndi yolu açıldıqdan sonra 24 saat ərzində Laçın sərhəd-buraxılış məntəqəsinin də açılacağını bəyan edib.

Sentyabrın 7-də Nikol Paşinyan keçirdyi iclasda ötən həftə ərzində Cənubi Qafqazda hərbi-siyasi vəziyyətin “əhəmiyyətli dərəcədə gərginləşdiyini” bildirib.

“Buna əsas səbəb Azərbaycanın Dağlıq-Qarabağda cəbhə xəttində və Ermənistan-Azərbaycan sərhədi boyu hərbi fəallığı artırmasıdır. Aydındır ki, bu addımlar Azərbaycanın Dağlıq-Qarabağ və Ermənistan əleyhinə yeni hərbi təxribat törətmə niyyətini göstərir. Saxta və həqiqətə uyğun olmayan açıqlamalar bu təxribata bəraət qazandırma məqsədi daşıyır”, - Paşinyan qeyd edib.

Azərbaycan isə bölgədə təhlükəsizliyə “əsl hədənin” Ermənistan tərəfindən gəldiyini bildirib.

“Ermənistan tərəfindən hərbi-siyasi təxribatların davam etməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Baş nazir daxil olmaqla, Ermənistan tərəfinin davam edən iddiaları, öhdəliklərə zidd olaraq, Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələri olduğu hər kəsə məlumdur”, - Azərbaycan XİN-in cümə axşamı yaydığı bəyanatında əks olunub.

Son bir neçə həftədir Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminin tez-tez pozulması halları müşahidə edilir və tərəflər mövcud vəziyyətə görə bir-birini ittiham edirlər.

Ermənistan lideri Cənubi Qafqazda yeni müharibənin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının üzvlərinin ciddi tədbirlər görməli olduğunu diqqətə çatdırıb.

“Bakı və Stepanakert (Xnakəndi-red.) arasında Dağlıq-Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini özündə ehtiva edən beynəlxalq mexanizm çərçivəsində dialoqun qurulması və Laçın dəhlizinin blokadadan çıxarılması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının yerinə yetirilməsi olduqca vacibdir. Bütün bu sadaladıqlarımın əsasında Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmağa və sülh müqaviləsi imzalamağa hazırdır və biz sülh gündəliyinə sadiq olduğumuzu bir daha bəyan edirik”, - Paşinyan deyib.

Azərbaycan tərəfi isə hesab edir ki, bölgədə sülh və təhlükəsizliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, hərbi və siyasi təxribatlara son qoymalı, sülh müqaviləsi danışıqlar prosesinin uğurla nəticələnməsi istiqamətində törədilən maneələri dayandırmalıdır, Azərbaycan XİN-in bəyanatında deyilir.
bbc












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.