Uğurun əsasında dayanan ən vacib amil - Məşhur milyarder açıqladı
Bu gün, 12:44

Amerikalı milyarder və investor Uarren Baffett hesab edir ki, uğurun əsasında dayanan ən vacib amil yalnız dürüst insanlarla işləməkdir.
Valyuta.az xəbər verir ki, onun fikrincə, əgər komanda üzvündə dürüstlük yoxdursa, o, istedad və məqsədyönlülüyünü fayda əvəzinə zərərə yönəldə bilər.
"Əgər siz dürüst olmayan birini işə götürmək qərarına gəlmisinizsə, qoy o, həm tənbəl, həm də ağılsız olsun. Çünki ağıllı və məqsədyönlü, amma dürüst olmayan insan real ziyan vura bilər", deyə Baffett bildirib.
Məqalədə vurğulanır ki, liderlər əməkdaş seçərkən yalnız bacarıq, yaradıcılıq və ya ambisiyalara deyil, ilk növbədə dürüstlüyə diqqət yetirməlidirlər.
Uğur və dürüstlük ayrılmazdır
Ekspertlərin sözlərinə görə, rəhbərlikdə geniş yayılan yanlış bir fikir var: guya nəticə hər şeydən önəmlidir. Lakin əgər uğur hiylə, etimadın pozulması və ya təzyiq hesabına qazanılıbsa, bu uzun sürməyəcək, həm də reputasiyaya ciddi zərbə vuracaq.
Böyük şirkətlərin tanınmış rəhbərləri də bu prinsipin əhəmiyyətini təsdiqləyiblər:
Satya Nadella ("Microsoft") şirkətdə sərt rəqabət mühitini əməkdaşlıq mədəniyyəti ilə əvəz edib və bunun həm innovasiyalara, həm də gəlirliliyə təkan verdiyini sübut edib.
İndra Nuyi ("PepsiCo") sosial məsuliyyəti və etik yanaşmanı biznes strategiyasının əsas hissəsinə çevirib.
Hovard Şults ("Starbucks") isə brendin gücünü yalnız qəhvəyə deyil, ədalət, cəmiyyətə dəstək və əməkdaşlara düzgün münasibət üzərində qurub.
Bu liderlərin hamısı dürüstlüyü əlavə dəyər yox, inkişafın əsas strategiyası hesab ediblər. Etimad mühitində insanlar daha çox səy göstərir, şirkətdə uzun müddət qalır və yüksək məhsuldarlığa nail olurlar.
Şirkət mədəniyyətini necə qorumaq olar
Mütəxəssislərin məsləhətlərinə görə, dürüstlük mədəniyyətini qorumaq üçün bir sıra addımlar vacibdir:
* İşçiləri yalnız bacarıqlarına görə deyil, xarakterlərinə görə də seçmək.
* Uğurun ölçülməsində etimad və şəffaflığı əsas göstəriciyə çevirmək.
* Dürüstlük pozulduqda dərhal tədbir görmək.
* Liderlərin şəxsi nümunə göstərməsi.
Baffettin sözləri sadə görünsə də, əsas mesaj aydındır: dürüstlük heç vaxt talantla əvəzlənməməlidir. Çünki bacarıqları öyrətmək mümkündür, məqsədyönlülüyü ilhamlandırmaq olar, amma əgər bir insanın mənəvi dəyərləri pozulubsa, onunla əməkdaşlıq risklidir.