"Türkiyə iqtisadiyyatının üzləşdiyi inflyasiyanı qısa müddətdə birrəqəmli səviyyəyə endirmək çətin görünür"
Bu gün, 12:34

Türkiyədə ilin ilk rübündə istehlak qiymətləri 33,5% artıb. Ölkənin statistika qurumu TÜİK-in (Türkiyə Statistika Təşkilatı) məlumatına görə, artım tempi ardıcıl on dördüncü aydır ki, azalıb. İnflyasiya 2021-ci ilin iyul ayından bəri ən aşağı səviyyəyə çatıb. İyun ayında bu göstərici 35,05% təşkil edib. Trading Economics analitikləri keçən ay inflyasiyanın orta hesabla 34,05%-ə düşəcəyini proqnozlaşdırmışdılar. Türkiyədə istehlak qiymətləri əvvəlki ayda 2,1% artıb. Mütəxəssislər aralıq dövrdə 2,4% artım proqnozlaşdırmışdılar. Qeyd etmək lazımdır ki, Türkiyədəki inflyasiya Azərbaycan bazarına da təsir edir.
Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, inflyasiya ümumi qiymət səviyyəsində davamlı artım deməkdir, yəni milli valyutanın devalvasiyasıdır və Türkiyə iqtisadiyyatının üzləşdiyi ən mühüm problemlərdən biri də son illərdə bir rəqəmə düşə bilməyən inflyasiyadır.
Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud Kərəm Qarabulud
Kərəm Qarabulud qeyd edib ki, bu göstəriciyə görə Türkiyə dünyada inflyasiya səviyyəsinin ən yüksək olduğu ölkələrdən biridir.
“Sabit gəlirlilər və ya maaşla işləyənlər inflyasiyanın ən ağır yükünü daşıyırlar. Çünki valyuta ucuzlaşdıqca onların alıcılıq qabiliyyəti aşağı düşür, həyatı çətinləşir. Ölkə xarici mənbələrdən asılı olduğu üçün türk lirəsi ucuzlaşdıqca həm xərclərin artması, həm də dövlət borcunun ödənilməsinin çətinliyi səbəbindən daxili inflyasiya yüksəlir. Bundan başqa, Türkiyə vətəndaşlarının beynəlxalq səfərləri də azalır.
Məsələn; 1 manat təxminən 24 türk lirəsidir. Nəticədə Türkiyə vətəndaşları xüsusilə turizm məqsədi ilə Azərbaycana gəlməkdən yayınırlar. Bundan əlavə, əhəmiyyətli qiymət artımları dövründə bu artımlar əmtəə və xidmətlərin qiymətlərində əhəmiyyətli dərəcədə əks olunur və sabit gəlirli vətəndaşların həyat səviyyəsinə mənfi təsir göstərir. Türkiyə təxminən 65% xarici istehsaldan asılı olduğu üçün hər məzənnə artımı istehsal xərclərinə mənfi təsir edir və daxili inflyasiyaya səbəb olur”-deyə Kərəm Qarabulud bildirib.
Kərəm Qarabuludun sözlərinə görə, Türkiyədə inflyasiyanın artması 2018-ci ildə başlasa da, real artım pandemiyadan sonra baş verib: “Dünyada olduğu kimi, Türkiyədə pandemiya zamanı istehsal azaldı və pulun çapı baş verdi. Bu, inflyasiyanın sürətlənməsinin əsas səbəbi idi”.
Kərəm Qarabulud qeyd edib ki, Türkiyədə inflyasiyanın yüksəlməsinin bir səbəbi kənd təsərrüfatı istehsalının qeyri-kafi olması, xüsusən də xərclərin artmasıdır və bu da ərzaq inflyasiyasını artırıb.
“Nəticə olaraq deyə bilərik ki, Türkiyədə 90%-ə çatan və 35%-ə kimi aşağı düşən inflyasiya dünyada ən yüksək göstəricilər sırasındadır. Qısa müddətdə bu nisbəti birrəqəmli səviyyəyə endirmək çətin görünür. İnflyasiyanın azaldılması istiqamətində müxtəlif pul və fiskal siyasətlər həyata keçirilir. Bu siyasətlərin uğuru üçün, istehsal və ixracatda xaricə asılılığın azaldılması, kənd təsərrüfatı istehsalı başda olmaq üzrə bütün sahələrdə istehsalın artırılmasına təşviq və dəstək verilməsi, enerjidən 70% xarici asılılığı azaltmaq üçün alternativ enerji mənbələrinin inkişaf etdirilməsi, dövlət və özəl sektorun əmanət dərəcələrinin artırılması və investisiyalara yönəldilməsi, idarəetmədə ləyaqət və bacarıqlara üstünlük verilməsi lazımdır”-deyə Kərəm Qarabulud bildirib.
İradə Cəlil, Bizimyol.info