“FİLOLOGİYANIN ELMİ POTENSİALI NƏDİR Kİ, HƏLƏ AKADEMİYAYA RƏHBƏR FİLOLOQ OLSUN?"

8-09-2023, 10:29           
“FİLOLOGİYANIN ELMİ POTENSİALI NƏDİR Kİ, HƏLƏ AKADEMİYAYA RƏHBƏR FİLOLOQ OLSUN?"
Yazıçılar Birliyinin bir məmurunun başqa bir məmurunu, dilimizin qol-budağını sındırmaqla etdiyi ad günü təbriki ilə yenidən qızışan dillə bağlı müzakirələrə tanınmış fizik və ictimai xadim Yalçın İslamzadə də qatılıb. Onun FB səhifəsində paylaşdığı yazısını təqdim edirik:
"Azərbaycan höküməti tədbir sevən hökümətdir. Müxtəlif mövzularda çoxsayda tədbirlər keçirilir, sonra baxırsan ki, bir il sonra eyni həyəcanla oxşar tədbir keçirdilər, orda da əvvəlki tədbirdə iştirak edənlər gələcəyə yönəlik hansı işlərin görülməli olduğundan danışıblar və bu mərasim illərdir davam edir.
Danışmaq. Nələrinsə nə qədər vacib olduğunu dönə-dönə qeyd etmək. Çıxışçıların bir-birlərini təsdiq etməsi. Tədbirin optimist notlarla, musiqi sədalarıyla mətbuatda təbliği. Vəssalam.
Azərbaycan fikir həyatı 90-cı illərdən etibarən şair-yazarların, filoloqların təsiri altındadır. Filoloq dominantlığından koqnitiv psixoloqlar, sosioloqlar, antropoloqlar, mühəndislər, pedaqoqlara imkan yoxdur fikir bəyan etməyə.
Mədəniyyət nazirliyinin tədbirinə ötəri göz atdım, həvəs yoxdur çox vaxt sərf etməyə. Yenə tanınmış şairlər, filoloqlar, dilçilər toplaşıblar.
Açılışda folklorik geyimdə şairlər gəzir, şerlər ifa edir, keçmişimizin möhtəşəmliyini intonasiyalı cümlələr, aydın diksiya, əzəmətli səs tonu ilə bizə çatdırırlar.
Tədbirdə tanınmış simalar ön sıralarda.
Bu insanlar indiyə kimi dili inkişaf etdirməli idilər axı, 30 ildir bu insanlar fəaldırlar, tədbirlərdədirlər, Akademiyanın institutlarında vəzifədədirlər - indi təzədən yığışıb təkliflər verirlər?
Keçən il ölkədə sosiologiya sahəsində elmi iş müdafiə olunmayıb, 150 fililogiya dərəcəsi verilib, sosiologiya vacib deyil yoxsa filologiya belə çox vacibdir?
Dil folklor və tarixə indekslənməkdən çıxarılmalıdır.
Humanitar və təbiət elmlərində, bu günün aktual bilikləri kontekstində işlənməlidir.
Ən çox referans alan sosioloq Anthony Giddens-in bir kitabı belə Azərbaycan dilinə tərcümə olunmayıb. Belə çıxır ki, cəmiyyətin nə olduğunu bilmədən azərbaycanlılar ictimai problemləri həll etməyə çalışırlar.
Dili inkişaf etdirmək istəyirsinizsə
1. Uşaqlar üçün elmi-kütləvi çizgi filmləri çəkin.
2. Uşaq və gənclər üçün elmi-kütləvi jurnal nəşr edin.
3. Sənədli filmlər çəkin, tərcümə edin.
4. Tvlərdə elm tarixindən, indiki vəziyyətdən, gələcək inkişafından bəhs edən proqramlar efirə verin.
Yaxında BBC-nin Beynəlxalq Vahidlər sisteminə dair 3 seriyalı sənədli filmini izlədim - möhtəşəmdir. Adam istəyir ayağa durub alqışlasın.
5. Xaricdə işləyən mütəxəssislər var, onların şagird-tələbələrlə onlayn, canlı görüşlərini təşkil edin.
6. ADA, BMU, BDU kimi universitetlərdə yaxşı təhsil almış gənc müəllimlər var - onları tapın, danışdırın, sosiallaşdırın.
Akademiyanın prezidenti filoloqdur, filologiyanın elmi potensialı nədir ki, hələ Akademiyaya rəhbər filoloq olsun?
Akademiyaya gənc və təbiət elmləri sahəsində uğurları olan bir kadr gətirin.
Dil folklor, tarix, dünyanın romantik hiss edilməsi ilə inkişaf etmir. Dil dünyanın rasional dərki, idraki fəaliyyətlərlə inkişaf edir.
Həqiqi inkişaf üçün iş görülməlidir, əziyyət çəkilməlidir. Asanı da optimist notlarla bitən tədbirlər keçirməkdir."
Hüquqkar
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.