Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası: iki əsas əngəl aradan qalxdı

26-09-2023, 18:04           
Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası: iki əsas əngəl aradan qalxdı
Ötən həftə - sentyabrın 21-də Azərbaycan Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirildi. Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil etdilər. Qarabağın erməni sakinlərini isə Sergey Martirosyan və David Melkumyan təmsil edirdilər.

Görüşdən sonra nəticələrlə bağlı verilən məlumatda qeyd olundu ki, danışıq zamanı Qarabağın erməni əsilli sakinlərinin reinteqrasiyası müzakirə olunub. Erməni nümayəndələr Azərbaycan tərəfindən yanacaq və əhalinin ərzaqla təminini xahiş ediblər. Görüşdən dərhal sonra Azərbaycan Qarabağ əhalisinə lazım olan ərzaq məhsullarının və yanacaq məsələlərinin həllinə başladı. Bununla da bölgənin erməni sakinlərinin ehtiyaclarının təmin edilməsinə başlanıldığını, reinteqrasiya istiqamətində ilk addım atıldığını söyləmək olar.

Dünən isə növbəti görüş Xocalı şəhərində baş tutub. Qeyd edək ki, bu görüşlərin davamlı olacağı, erməni nümayəndələrin xahişlərinin dinləniləcəyi və müvafiq addım atılacağı Azərbaycan tərəfindən bəyan edilib.

Reinteqrasiya istiqamətində atılan addımlarla bağlı AYNA-ya danışan Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, Azərbaycan hər zaman verdiyi sözün üzərində dayandığını nümayiş etdirib. DİA.AZ onunla söhbəti təqdim edir:

- Bakının məsələyə yanaşması daim humanist, beynəlxalq hüquqa, mehriban qonşuluq münasibətlərinə uyğun olub. Azərbaycan heç zaman beynəlxalq hüquqa zidd addım atmayıb. Sadəcə Azərbaycan əraziləri işğalda olub, beynəlxalq təzyiqlər olduğu üçün dövlət bu istiqamətdə siyasət həyata keçirə bilməyib. Qarabağda yaşayan erməni sakinlər hər zaman Bakı üçün eyni statusda olublar – bu gün dövlət onlara necə yanaşırsa, dünən də elə yanaşıb, sabah da elə olacaq. Ermənistan kənar dövlətlərin dəstəyi ilə Azərbaycan ərazilərini işğal etmişdi, sonradan orada qondarma qurum yaratdılar.

Nəzərə almaq lazımdır ki, Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı da, sonra keçirilən əməliyyatlar zamanı da humanizm prinsipini əsas götürdü, mülki əhaliyə zərər dəyməməsi üçün əlindən gələni etdi. Bu gün ortaya qoyulan yanaşma da həmin siyasətin davamıdır. 24 saat davam edən antiterror tədbirlərindən dərhal sonra humanitar yardım siyasətini ortaya qoydu. Bu siyasət onu göstərir ki, Azərbaycan sülhdən yanadır, münaqişədə, müharibədə maraqlı deyil.

Artıq Xankəndi şəhəri Azərbaycanın enerjisi ilə təmin olundu. Üç gündür isə Xankəndiyə ərzaq aparılır, erməni sakinlərə qayğı göstərilir. Bu, Yevlaxdakı ilk görüşdə erməni nümayəndələrinin xahişi idi. Bununla da Azərbaycan oradakı sadə ermənilərə humanist yanaşdığını bir daha ortaya qoymuş oldu.

- Proseslər göstərir ki, erməni nümayəndələrinin Yevlaxda Azərbaycan rəsmiləri ilə görüşünün nəticələri var. Bununla demək olarmı ki, reinteqrasiya başladı?

- Əvvəlcə onu deyim ki, Yevlağın görüş yeri kimi seçilməsi və dövlət adından iştirak edən şəxsin seçimi çox uğurlu idi. Təmsil səviyyəsi çox düzgün idi. Yevlax görüşündə təxminən gözlənilən reallaşdı. Antiterror əməliyyatından sonra belə bir görüşün keçirilməsi vacib idi. Çünki görüşün qısa zamanda keçirilməsi təslim olan qondarma rejimin sonradan fərqli fikrə düşməsi ehtimalını da zəiflətdi. Görüşün keçirilməsi yubansaydı, Qarabağın erməni sakinləri təmasları istəsəydilər də, hansısa xarici qüvvə onlara mane ola bilərdi.

Biz bilirik ki, Ermənistan dövlətinin özü belə, indi öz iradəsinə sahib deyil, o ki qala Qarabağdakı terrorçu rejim ola. Əsas məsələ o idi ki, bizim istədiyimiz yerdə, istədiyimiz şərtlərlə, bizim müəyyənləşdirdiyimiz nümayəndələrlə görüş baş tutdu. Yevlax görüşü bizim məqsədimizə tam uyğun oldu. Mən deyə bilmərəm ki, növbəti görüş harada keçiriləcək. Güman ki, yenə də görüş Yevlaxda keçiriləcək.

Təbii ki, istərdik, daha çox nəticə əldə edilsin, amma bəzən istəklərlə reallıq tam üst-üstə düşmür. Növbəti görüşlərdə bütün məsələlər həllini tapacaq. Demək olar ki, reinteqrasiya üçün münbit şərait yaranıb. Nəzərə almaq lazımdır ki, reinteqrasiyaya mane ola biləcək bir neçə məqam var idi ki, onlardan iki əsas komponenti Azərbaycan aradan qaldırdı.

- Onlar hansı əngəllər idi?

- Birincisi, Ermənistanla şərti sərhəddə Ermənistanın nəzarətdə saxladığı yüksəkliklər idi ki, Azərbaycan o yüksəkliklərə bir neçə mərhələdə nəzarəti təmin etdi. Məqsəd də o idi ki, Qarabağda antiterror tədbirlərinə başlayanda Ermənistanın coğrafi mövqe üstünlüyü olmasın. Azərbaycan bu əngəli lokal antiterror əməliyyatlarınadək bir neçə mərhələdə təmin etdi.

İkincisi, Qarabağın dağlıq hissəsindəki qrupların təxribat törətmək potensialını minumuma endirdi. Eyni zamanda, xunta rejiminin yerli erməni əhalisi üzərindəki təzyiq vasitələri çox zəiflədildi. Bu amillər reinteqrasiyaya əngəl yaradan amillər idilər. Məsələn, Azərbaycan sadə erməni əhalinin nümayəndələrini görüşə çağırırdı, terrorçu qruplar buna mane olurdular. Hansısa erməninin Azərbaycan rəsmiləri ilə görüşünə ya fiziki olaraq maneə yaradırdılar, bu baş verməyəndə isə silahlı təxribata əl atılırdı. Lakin Azərbaycan bu maneələri 24 saatlıq əməliyyat tədbirləri ilə sıradan çıxardı.

- Azərbaycan Qarabağın tamamında demək olar ki, nəzarəti ələ alıb. Lakin qondarma rejimin bəzi silahlı qrupları var ki, onlar təslim olmayacaqları mesajını verirlər. Bunun təhlükəlilik dərəcəsi nə qədərdir?

- İndi qanunsuz yaraqlılar silahlarını təhvil verməkdədirlər. Amma təəssüf ki, bunun tam şəkildə baş tutacağı gözlənilən deyil. Digər təcrübələrdən bilirik ki, insanlar haradasa silah gizlədirlər. Bu, dünyanın hər yerində belədir. Qanunsuz silah daşıma dünyanın hər yerində var. Bizim əlimizdə dəqiq rəqəm yoxdur ki, xunta rejiminin nə qədər silahları olub, hansı silah növləri olub. Qanunsuz silahları saxlayaraq, tam təhvil verməyərək sonradan nələrsə etməyə çalışanlar olacaq. Risk o zaman minumuma enəcək ki, Azərbaycan artıq Xankəndidə polislə, Daxili Qoşunlarla nəzarəti tam təmin edəcək.

Bilirsiniz, şüuraltı məqamların dəyişməsi bir qədər zaman alacaq. Ümumiyyətlə, ermənilərin reallığı qavrama anlayışında bir qədər problem var. Amma gec-tez reallığı anlayırlar. Məsələn, Ermənistan dövlətində və cəmiyyətində 44 günlük müharibədən sonra qavrayış dəyişməyə başladı. Yəni əvvəl reallıqlara yanaşmaları fərqli idi, xəyal dünyasında yaşayırdılar. Amma Ermənistan rəsmilərinin önəmli hissəsi reallığı qavramağa başlayıb. Eləcə də, erməni cəmiyyətində reallığı qavrama hissi artıb. Əks halda, çoxdan Baş nazir Nikol Paşinyanı devirmişdilər.

İndi Qarabağın erməni sakinləri də reallığı qavrayacaqlar. İndi xunta rejimindən qalan bəzi şəxslər var ki, reallıqla barışmaq istəmirlər. Müəyyən şəxslər var ki, onlara xaricdən tövsiyələr verilir, “narahat olmayın, davam edin” deyilir. Lakin bu, effekt verməyəcək. Bir qədər zaman keçdikdən sonra həmin avantüristlər də anlayacaqlar ki, Azərbaycanla oynamaq olmaz. Düşünürəm ki, müqavimət göstərən olacaqsa, Azərbaycanın aidiyyəti orqanları onların yerini müəyyənləşdirəcək və zərərsizləşdirəcək. Bu məsələni Azərbaycan güc strukturlarının həll etmək potensialı mövcuddur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.