Biz nə istəyirik?- Səxavət Məmməd yazır...

27-09-2023, 15:33           
Biz nə istəyirik?-
Müharibə dayanır, deyirik ki, niyə Xankəndinə, Xocalıya, Xocavəndə, Ağdərəyə girmirik. Detalları ilə vəziyyəti ortaya qoyursan ki, əgər müharibə 10 noyabr hədlərində dayanmasa və Kəlbəcər, Ağdam, Ağdərə uğrunda döyüşlər davam etsəydi itkilərimiz 3 minə yaxın yox, 13 minə yaxın olacaqdı müharibə aylarla davam edəcəkdi. Kimə deyirsən?!
3 ilə yaxın Azərbaycan tərəfi gözlədi, vaxt verdi, şərait yetişdi və antiterror tədbirlərinə start verdi.
Azərbaycan mövqelərə qoşun yeridib, hazırlığa başlamazdan əvvəl səhər, günorta, axşam niyə antiterror başlamırıq, Xankəndində nə vaxt bayraq dalğalandırırıq deyənlər, görəndəki vəziyyət ciddiləşib, əməliyyat qaçınılmaz olacaq, yenə dalğaya start verdilər "camaatın balasın qırğına verəcəklər", "çoxlu şəhid olacaq". Niyə antiterror etmirik, o torpaqlar qaldı erməniyə deyən adam bir günün içərisində valı dəyişir. Ay adam, şəhidsiz, itkisiz antiterror, nə bilim adına hər nə qoyusan qoy, əməliyyat olur? Cavabları da duyğusal olur - qaqa, kasub-kusubun balaları qırılacaq, varlıların nə vecinə? Vallah, billah o bir dönəm idi zadəgan övladları orduda xidmət edirdi, zabit olurdular, onda orduda xidmət kişilik, şərəf, ləyaqət, qürur məsələsi idi. Kişilik, şərəf, ləyaqət, qürur çoxdan dəbdən düşüb. Türkiyədə şəhid olanların evlərini görməmisiniz? Bizdə necə əsgərlikdən gələn gənc iş tapa bilmədikdə son variant olaraq orduya yazılıb MAXE olur, ABŞ-də də elədir.
Antiterror tədbirləri başlayır və 24 saat sonra yekunlaşır. Öncə iradlar başladı. Erməniyə inanmaq olmaz. Niyə görə, axıra qədər getmədik? Erməniyə istər inan, istər inanma, reallıq və məntiq onu deyirdi ki, məsələnin hərbi yönü bitib. Hətta "the end" yazdım. Yenə dedilər ki, bilmirsən, bu işin axırı yaxşı olmayacaq. Bu işin sonu necə pis ola bilərdi ki, aprel ayından, daha dəqiq Laçın sərhəd keçid məntəqəsi qurulandan separatçılara silah, sursat gəlmirdi. Antiterror əməliyyatı zamanı isə onsuzda əlləri kənardan üzülən separatçıların bölmələri arasında əlaqə kəsildi, bütün yollara və yol qovuşaqlarına Azərbaycan ordusu nəzarət edirdi. Xaricdən olmadığı kimi, daxildən yardımlaşma dayanmışdı. Belə olan halda onsuzda təslimçiliyi qəbul edən tərəfin təslim olmayacaqlarını deyən bəzi qrupları nə qədər dözüş gətirə bilərdi? Belə şəraitdə ya dəli olub müqavimət göstərməlisən, ya da intihara meyilli olmalısan. Başqa variant yox idi.
Atəşkəsin ilk günü bəzi qruplar müqavimət göstərdi, onlar sıradan çıxarıladı. Müqavimət gösrəcəklərini bildirən bəzi bölmələr isə sonradan anladılar ki, mənasızdır, silahı qoyub çıxmağa başladılar. Artıq bütün istiqamətlər üzrə silahlılar silahlarını təhvil verib, Ermənistana gedirlər.
Bunları görən həmin adamlar deyir ki, bəs orda ermənilər qalacaq? Deyirsən, hə. Deyir, onda bu nə oldu. Bax həmin bu adamlar BMT Təhlükəsizlik Şurasının iclası başlayanda narahat olmağa başladılar ki, birdən Azərbaycana sanksiya tətbiq edərlər, onda onsuzda pis olan həyat şəraitimiz daha da pis olacaq. Azərbaycan elə səliqəli əməliyyat keçirdi ki, nə bir mülkinin burnu qanadı, nə bir mülki obyekt zərər gördü, bunun qarşısında BMT Təhlükəsizlik Şurası heç mık da edə bilmədi.
Eyni tip adamlar yenə sual verir, bəs hər şey yaxşıdırsa, niyə bayraq sancmırıq? Ordu işin bitirir, təhvil-təslim işləri aparılır, ondan sonra əraziyə həmin mövqelərə Daxili Qoşunlar daxil olacaq, tədricən isə yaşayış məntəqələrinə giriləcək.
Bəs Rusiya sülhməramlıları qalacaq? Rusiya qalacaq, ancaq bundan sonra sülhməramlı kimi fəaliyyət göstərəcəklərini düşünmürəm. Hesab edirəm ki, əvvəlcə ruslar, ardınca isə Azərbaycan polisi və ermənilərdən olan polis nümayəndləri ruslarla birgə fəaliyyət göstərəcək. Ən məntiqlisi də budur.
Orda ermənilər yaşadıqca problem həmişə qalacaq. Həqiqətən siz nə düşünürsünüz? Erməniləri ordan kürüyəcəkdik? Onsuzda Azərbaycanla birgə yaşamaq istəməyənlər onsuzda çıxıb gedirlər. Ermənistan da onlara qucaq açır. Onların Ermənistana getməsində elə rəsmi İrəvan özü də maraqlı ola bilər. Ermənistanda ciddi demoqrafik problem var. Həm təbii artım aşağıdır, həm də ölkəni tərk edənlər çoxdur. Ermənistan Qarabağdakı ermənilərə qucaq açaraq bu məsələni nisbətən həll etmiş də olacaq.
Deyir, Moskva birdən-birə tikilməyib. Qarabağda da hər şey asta-asta, aram-aram həll olur və olmaqdadır. Əminəm ki, bunları hər kəs görür və dərk edir, belə olan halda bu qədər hay-küy nəyə və kimə lazımdır? Ümumiyyətlə, biz nə istəyirik? Şəhid istəmirik, əməliyyat istəyirik, sanksiya istəmirik, ermənilərin kökün kəsmək istəyirik, şəhidimiz var matəm istəyirik, toy istəmirik, ancaq toylarda qol qaldırıb oynayırıq. Deyir, istəmək işin yarısıdır. Biz hələ toplum olaraq nə istədiyimizi bilmirik...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.