“Reuters” çarəsiz qaldı: “Ermənilər qaçır, Ərdoğan gəlir, Cənubi Qafqaz regionunda güc balansı dəyişir” – FOTO

28-09-2023, 11:53           
“Reuters” çarəsiz qaldı:
Qarabağda keçirilən lokal anti-terror əməliyyatlarını 24 saat ərzində uğurla başa çatdıran Azərbaycanın Türkiyədən aldığı dəstəklə bölgədə yeni səhifələr açması bütün dünyanın gündəmindədir. Qarabağdakı qələbədən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvanda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü və tarixi açıqlamalar verməsi Böyük Britaniyanın “Reuters” xəbər agentliyinin də gündəminə düşüb.

Dünyanınsəsi.Azxəbər verir ki, Türkiyədə 2023-cü il seçkiləri öncəsi prezident Ərdoğana müharibə elan edən və Türkiyədəki ofisi üçün yayımlanan iş elanında “Ərdoğan düşməni” jurnalistləri axtardığını bildirən “Reuters” Qafqazdakı qaynar gündəmin təhlilini dərc edib.

“Ermənilər Qarabağdan qaçarkən Türkiyə prezidenti Ərdoğan Azərbaycan prezidenti Əliyevlə görüşəcək” başlıqlı xəbərdə bu ifadələrə yer verilib:

“Türkiyə prezidenti Tayyib Ərdoğan bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevlə görüşə hazırlaşarkən, Cənubi Qafqazın sərhədlərini dəyişdirən hərbi əməliyyatdan sonra erməni əsilli köçkünlər separatçı Dağlıq Qarabağ bölgəsini tərk edirlər. Beynəlxalq aləmdə Azərbaycanın bir hissəsi kimi tanınan Qarabağdakı ermənilər xeyli sayda Azərbaycan ordusunun 24 saatlıq hərbi əməliyyatından sonra ötən həftə atəşkəs elan etməyə məcbur olublar.

Qarabağı öz evi adlandıran 120 min erməninin “liderləri” bazar günü “Reuters” agentliyinə bildiriblər ki, onlar Azərbaycanın bir hissəsi kimi yaşamaq istəmirlər, təqib və etnik təmizləmədən qorxduqları üçün Ermənistana gedəcəklər. Ermənistan hökuməti minlərlə qaçqın üçün hazırlıqlarını davam etdirərkən, bazar ertəsi saat 05:00-a olan məlumata görə, 2900-dən çox insanın Dağlıq Qarabağdan Ermənistana keçdiyini açıqlayıb.

Türkiyə Prezident Adminstrasiyasından verilən açıqlamada bildirilib ki, Ərdoğan Ermənistan, İran və Türkiyə arasında yerləşən Azərbaycanın muxtar Naxçıvan bölgəsinə bir günlük səfər edəcək və Əliyevlə Qarabağ bölgəsindəki vəziyyəti müzakirə edəcək.

Açıqlamada “Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər müzakirə olunacaq, aktual qlobal və regional problemlər, xüsusilə Qarabağdakı son hadisələr ətrafında fikir mübadiləsi aparılacaq” deyilib.

Bildirilib ki, liderlər Naxçıvana təbii qaz gətirəcək boru xətti üçün keçiriləcək mərasimdə iştirak edəcək və bölgədə yeni modernləşdirilmiş hərbi obyektin açılışını edəcəklər.

Xəbərdə bölgəni tərk edən erməni köçkünlərinin Laçın dəhlizi ilə Ermənistan sərhədinə doğru irəlilədiyi, Cənubi Qafqazda qüvvələr nisbətinin dəyişdiyi bildirilirib.

“Reuters”in xəbəri aşağıdakı təəccüblü ifadələrlə sona çatıb:

“Azərbaycanın qələbəsi neft və təbii qaz kəmərlərinin keçdiyi, Rusiya, ABŞ, Türkiyə və İranın nüfuz uğrunda mübarizə apardığı etniklərarası Cənubi Qafqaz regionunda incə güc balansını dəyişir”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.