“Ermənilər regionu məqsədli tərk edir,

28-09-2023, 16:53           
“Ermənilər regionu məqsədli tərk edir,
“Ermənilər Qarabağı sürətlə tərk edir. Burada səbəb və məqsəd nədir? Mən hesab edirəm ki, bu proses bir qədər çəkəcək. Onlar Qarabağı tam tərk etdikdən sonra bu hərəkətlərindən Azərbaycana qarşı təbliğati baxımdan istifadə edəcək, bizə zərər verməyə çalışacaqlar”. TEREF.AZ bildirir ki, bunu Reyting.az-a Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, Qarabağı tərk edəcək ermənilərin Ermənistanda qalmaq niyyətində olması ehtimalı çox aşağıdır. Keçmiş nazirin qənaətimcə, onlar növbəti dəfə “genosid” libasını geyinərək imtiyaz əldə etmək və daha yaxşı yaşamaq üçün Qərb ölkələrinə getməyə çalışacaqlar.

“Yeri gəlmişkən, artıq onların yaxın müttəfiqlərindən olan Fransa məcbur qalaraq elan edib ki, erməni qaçqınları qəbul etməyəcək. Görünən odur ki, ermənilər bilərəkdən bölgədən gedirlər”, - deyə T. Zülfüqarov əlvə edib:

“Bizim televiziya kanallarına müsahibə verən ermənilərdən biri açıq deyib ki, “yerli hakimiyyət” onları buna məcbur edir. Hər halda bölgədən gedən ermənilərin bir məqsədi də Qərb ölkələrində imtiyaz əldə etmək və bu zaman “yazıq, təzyiqlərə məruz qalmış”,- görüntülərindən bəhrələnməkdir”.

T. Zülfüqarov xatırladıb ki, Azərbaycan əvvəlcədən Qarabağ ermənilərinin inteqrasiya siyasətini açıqlayıb, onlara vətəndaşlıq vermək niyyətində olduğunu bildirib: “Bəs buna Ermənistan necə reaksiya verib, hansı münasibət sərgiləyib? Ermənistan da çalışır ki, ermənilər Qarabağı tam tərk etsin. Çünki bundan sonra Ermənistan deyəcək ki, Qarabağda erməni qalmayıb, mən necə Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların geri qayıtmasına icazə verim? Bunlar düşünülmüş hərəkətlərdir. Halbuki Ermənistanda hakimiyyətdə “demokratlar”dır, onlar hər bir müsbət davranışa münasib mövqe sərgiləməlidir. Amma biz bunun əksini görürük. Çünki Ermənistanda hakimiyyətdə olanlar millətçi demokratlardır. Adolf Hitler də elan edirdi ki, sosialistdir, amma tarix onda ancaq nasizmi gördü, sosialist ideologiyası yoxa çıxdı. Bu mənada indi Ermənistan da Qarabağdakı erməniləri ərazini tərk etməyə təşviq edir”.

Zülfüqarov əlavə edib ki, Qarabağ məsələsi artıq qapanır: “Uzağı bir neçə aydan sonra bu məsələ həllini tapmış olacaq. Amma biz özümüz bir neçə dəfə demişik ki, münaqişələr həm də idarəetmə üsuludur. O zaman ortaya sual çıxır: idarəetmək üçün yeni münaqişə harada ortaya çıxa bilər? Biz əvvəldən deyirdik ki, münaqişə Qarabağdan Zəngəzura keçid edir. Məncə, təkcə Rusiya deyil, xarici oyunçular da maraqlıdır ki, Zəngəzur münaqişəsi üsulu ilə bölgəyə təsirini davam etdirsin. Açıq görürük ki, Zəngəzurda münaqişə üçün tələb olunan zəmin də mövcuddur. İki əsas komponent var - kommunikasiyaların açılması və sərhəd məsələsi. Sərhəd məsələsi açıq qalıb.

Nikol Paşinyan bir neçə il əvvəl açıq dedi ki, Ermənistanın sərhədləri Qarabağı əhatə edir. “Qarabağ Ermənistandır”,- deyən məhz o oldu. Daha sonra 1991-ci il sərhədləri haqda danışdı, son vaxtlar isə 1975-ci il xəritəsinin əsas götürülməsini istəyir. Hüquqda elə deyil ki, əvvəl “sərhədim Qarabağı əhatə edir”,- deyəsən və bu alınmayanda bildirəsən ki, “bizim sərhədlərimiz 1975-ci il xəritəsinə əsasən müəyyən edilməlidir”. Yəni biri alınmayanda digərindən yapışasan. Qısası, bir ölkənin iki sərhədi ola bilməz. Ona görə də Paşinyan indi deyir ki, “biz Ermənistanın katastr sənədini almalıyıq”. Əgər Ermənistan 1975-ci il xəritəsindən yapşırsa, o halda biz nədən 1920-ci il xəritəsindən yapışmayaq? Hesab edirəm ki, Azərbaycan tərəfi bu məsələdə milli maraqlarımız əsasında mövqe sərgiləyəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.