Ancaq Azərbaycan reallığı belədir ki, biz hətta buna sevinirik...

30-09-2023, 07:05           
Ancaq Azərbaycan reallığı belədir ki, biz hətta buna sevinirik...
Almaniyada siyasi mühacir həyatı yaşayan Zakir Aqayev Qənirə xanımın vəfatı ilə bağlı status paylaşıb, həmin statusu məxsusi olaraq mənə də göndərib. Demək istədiyi odur ki, Qənirə xanımı nahaq yerə Allahdan rəhmət diləyirsiz. Əslində o, rəhmətə yox, lənətə layiqdir. Bu da Qənirə Paşayevadan qalan mirasın siyahısı. Hebib Müntezirin arxivindən götürmüşəm. Siyahıda xeyli obyektin adı sadalanır. Zakir Aqayevin düşüncəsinə görə, bu qədər var-dövlətə sahib olan adam düz yolun yolçusu olmayıb, fırıldaq işlər görüb.
Xatırladım ki, Qənirə Paşayeva 2005-ci ildən Azərbaycan parlamentində təmsil olunur. Onun Mehriban Əliyeva ilə də yaxın olması təzə söhbət deyil. Təbii ki, o da iqtidarın siyahısı əsasında deputat “seçilib”. Ancaq Qənirə xanım elə keyfiyyətlərə sahib idi ki, öz gücünə də, yəni xalqın dəstəyi ilə də deputat seçilə bilərdi.
O da birmənalıdır ki, 18 il deputat olan Qənirə xanım da Azərbaycan reallığına uyğun olaraq bizneslə də məşğul olub. Əslində bizneslə məşğul olmağın elə bir çətinliyi yoxdur. Əsas odur ki, bəlli dövlət idarələri süni şəkildə səni müflis etməsinlər. Yəni müxtəlif bəhanələrlə pulunu alıb dərini soymasınlar. Bu baxımdan Qənirə xanımın əl qoyduğu yerlərə dəyib-dolaşan olmayıb. Ona görə də yaxın adamlarının üzərindən qurduğu işlə rahat pullunu qazanıb. O da sirr deyil ki, Milli Məclisdə yer alan ən tənbəl deputatın da biznes şəbəkəsi var. Ancaq bu işdə bir əmma var. Əmma da ondan ibarətdir ki, digər deputatlardan fərqli olaraq Qənirə xanım sadə insana, geniş xalq kütlələrinə çox yaxın idi. İmkan daxilində onların işinə yarayırdı. Çoxlarına əl tuturdu. Əlsiz-ayaqsızı qorumaq üçün sinəsini qabağa verirdi.
Zakir Ağayev statusunda deyir ki, fırıldaq yolla bu qədər pul qazan, kasıb-kusuba da 5-10 manat ver və yaxşı adam ol. Belə olmamalıdır. Bəli, olmamalıdır. Ancaq Azərbaycan reallığı belədir ki, biz hətta buna sevinirik də. Çünki belə nümunələr o qədər də çox deyil.
Yaxşı, gəlin Qənirə xanımı da lənətləyək. Bəs kənardan baxan nə deyər? Deməzmi ki, insanlara bu qədər əl tutan birinə lənət deyirlərsə, mən niyə başqalarına kömək etməliyəm ki?
Bəli, Azərbaycanda çox şey biz istədiyimiz kimi deyil. Klançılıq, yerlibazlıq, seçki saxtakarlığı, korrupsiya, siyasilərin həbsi...başa alıb gedir. Əlbəttə, bunlar pis şeylərdir və bütün bunları dəyişmək lazımdır.
Hazırda xalqın bütün fikri-zikri Qarabağ probleminin həllinə köklənib. Bu istiqamətdə də nəhəng işlər görülüb. Bu nəhəng işlərə imza atan da İlham Əliyevdir. Ancaq yuxarıda sadaladığım eybəcərliklərdə İlham Əliyevi ittiham edən müxalifət bu həqiqəti etiraf etmir, ya da candərdi edir. Bu amil də Azərbaycanda fərqli siyasi qüvvələr arasında münasibətlərin müsbət məcrada axarına düşməsinə, daha pozitiv atmosferdə qarşılıqlı anlaşmanın əldə olunmasına mane olur. Mənim fikrimcə, müxalifət iqtidarın mənfi və müsbət cəhətlərin olduğu kimi deməlidir. Yoxsa qaralama kampaniyası aparmaqla uğur qazanmaq olmaz. Xüsusən dolayısı ilə erməniləri müdafiə etməklə heç olmaz...
Ümid edirəm ki, Qarabağ probleminin həllindən sonra İlham Əliyev Azərbaycanda müəyyən islahatlara gedəcək. Niyə də getməsin? Siyasi lider kimi Azərbaycanda onun alternativi yoxdur. Olanlar da o gücə sahib deyil. Düzdür, kimlərsə hələ də İlham Əliyevin istefasını tələb edir. Tutaq ki, İlham Əliyev də sizlərə qulaq asıb istefa verdi. Bəs bu istefadan sonra bütün dünya, mən hələ erməniləri demirəm, bizə gülməzmi? Bəli, İlham Əliyevə heç kəs demokrat deməz, desə də bu, gülüş doğurar. İlham Əliyev daha çox diktator, tiran, mafiya babası... və bu qəbildən olan ifadələrlə rəsm edilə bilər. Ancaq o da həqiqətdir ki, İlham Əliyev də Sorosun uşaqlarından bir kimi, tutaq ki, Nikol Paşinyan tipdə, iqtidara gəlsəydi Azərbaycan Qarabağı çoxdan itirmişdi. Bəlkə də “Atsax”ın Bakıda səfirliyi də açılmışdı...
Yaşadığımız dönəm İlham Əliyevin adı ilə bağlıdır. Mən şəxsən İlham Əliyevin həyatının sonuna kimi prezident olmasına etiraz etmirəm. Mənim üçün əsas odur ki, o, Azərbaycanda ciddi siyasi və iqtisadi islahatlar aparsın. Gənclərimizin təhsil səviyyəsi yüksəldilsin. Xalqın rifahı yaxşılaşsın.
Keçirəm Həbib Müntəzirə. Bu adam Almaniyada yaşayır. Qərbin pulu ilə də fəaliyyət göstərən “Meydan TV”də Azərbaycanın əleyhinə təbliğat aparmaqla məşğuldur. Xüsusən erməni məsələsində, hansı ki bu məsələ bizim üçün xüsusi önəm daşıyır, ermənilərin yanındadır. Onları birbaşa və ya dolayısı ilə müdafiə edir. Azərbaycanın əldə etdiyi qələbələri də gözdən salmaq “Meydan TV”nin əsas hədəflərindən biridir. Anti-Türkiyə kampaniyası da öz yerində. Təbii ki, “Meydan TV” Türk Dünyasına qarşı da xoş münasibətdə deyil...
Bax mən gedim donor təşkilatlara deyim ki, ermənilər bizim torpaqları 30 il işğal altında saxlayıblar. 1 milyon insan etnik təmizləməyə məruz qalıb. İlham Əliyev bu problemləri aradan qaldırıb. Azərbaycanın erməni işğalı altında olan 25 faizini azad edib. Onu yeritdiyi siyasətə dəstək vermək üçün mən Avropada bir radio-stansiya açmaq istəyirəm. Sizcə, mənə nə deyərlər? Deyərlər ki, bunun ağlı çaşıb... Ancaq mən desəm ki, İlham Əliyev diktatordur. Qarabağda yaşayan 120 min ermənini Azərbaycandan qovdu. Ermənilər dünyada xristianlığı qəbul edən ilk xalqdır. Bir az pul verin ermənilərin Azərbaycana geri dönüşü uğrunda təbliğata başlayım və.s. təbii ki, belə olduqda pul problemi olmayacaq. Zatən Qərbdə olan azərbaycanlı jurnalistlərin böyük əksəriyyəti bu yolla başını dolandırır. Həbib Müntəzir də onlardan biridir. Niyə Qərbdə yaşayan azərbaycanlı jurnalistlər bu yolu tutublar? Çünki bizim iqtidar Qərbdə olan siyasi fəallarla dövlətçilik xəttinə istinadən iş apara bilmir. Yeridilən siyasət təxminən belədir, sən iqtidarı tərifləyirsəsnsə, onda al bunu qoy cibinə. Yox, təniq edirsənsə, onda cəhənnəm ol buradan, gözüm səni görməsin...
Birin qoyub o birisinə keçirəm. Məsələn, mən heç kimdən, nə Qərbdən, nə Şərqdən, nə də möhtərəm iqtidarımızdan pul almıram. İsveçrədə hamı kimi hər gün 8 saat işləsəm də yenə də iki daşın arasında nəsə yazmağa çalışram. Çünki mən jurnalistəm. Öz peşəmi də çox sevirəm. Əslində dövlətçilik maraqlarından çıxış edən və mənim kimi Qərbdə yaşayan jurnalistlərə dövlət səviyyəsində dəstək verilməlidir. Ancaq vermirlər. Əksinə, mane olurlar. Qərb mənbələri əsasında hazırladığım yazıları bir çox saytlar verir. Ancaq bəzi saytlar tərəddüd edir. Niyə? Çünki çəkinirlər, ehtiyat edirlər ki, əlavə problemlərlə üzləşə bilərlər. Tutaq ki, Prezident Aparatından kimsə zəng vurub deyə bilər ki, niyə Elbəyi Həsənlinin yazışın vermisiz, görmürsüz, o, arada-sıra da iqtidarı da tənqid edir. Əlbəttə, mediada ciddi rəqabət olsa, belə olmazdı...
Bunu niyə yazıram? Qənirə xanım da mənim kimi puldan imtina etəsydi, yəni biznesdən uzaq olsaydı, uzağı 5 adama kömək edə bilərdi. 500 adama edə bilməzdi. Çünki özünün köməyə ehtiyacı olacaqdı. Hətta mənim vəziyyətim Qənirə xanımdan daha yaxşıdır. Mən İsveçrədə yaşayıram, işləyirəm. Maaş alıram. Dolanışığım da pis deyil. Pis olan odur ki, Elbəyi Həsənli öz işi ilə məşğul deyil. Məcburdur ki, haradasa işləsin, maaş alsın və qovdu-qaçdıda da Azərbaycan mətbuatı üçün nəsə yazsın...
Bu dəfə Bakıda olanda biri mənə dedi ki, bəy, sağ ol, sən həmişə dövlətçilik mövqeyindən çıxış edirsən. Yəni bəziləri kimi, Qərbdə oturub İlham Əliyevi söymürsən...Əslində mənim İlham Əliyevi “söymək” üçün daha çox haqqım var. Çünki ondan pislik görmüşəm ki, yaxşılıq görməmişəm. Ancaq bunlar xırda şeydir. Əsas olan dövlətimizin maraqlarıdır. Heç yadımdan çıxmaz. Rövşən Cavadovun Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvü olmuş bir soydaşımız İsveçrədə yaşayır. Onu şərləyərək 5 il həbsdə saxlayıblar. O, Qarabağdakı qələbədən sonra mənə dedi ki, bəy, mən o 5 ili İlham Əliyevə keçdim. Yəni bizim dövlətçiliyə bağlı belə insanlarımız var. Elə insanlarımız da var ki, “dövlətçilik”, “vətən”, “millət” deyir və bütün yaramazlıqlara da bulaşır...
Qənirə xanım öz həyatını necə yaşayıb, nəyi doğru edib, harada yanlışa yol verib? İnsanın insanı mühakimə etməsi və ya tərif etməsi o qədər də önəmli deyil. Əsas olan odur ki, günahlarımızın ağırlığından dolayı Tanrının hüzurunda başıaşağı dayanmayaq...
Mən bir Allah bəndəsi kimi öz payıma Qənirə xanıma Yaradandan rəhmət diləyirəm. Kimin fərqli yanaşması varsa, özü bilər...
Elbeyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.