Planları bəlli oldu: - Əliyev dərhal reaksiya verdi

4-10-2023, 16:32           
Planları bəlli oldu: -
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

TEREF.AZ onunla müsahibəni təqdim edir:

- Prezident İlham Əliyev Avropa Birliyi, Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya getməkdən imtina etdi. Buna səbəb Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirakı ilə bağlı fikir ayrılığıdır. Prezident Əliyevin bu addımını necə şərh edə bilərik?

- Bunu təbii hesab edirəm. Əgər onlar Azərbaycana qarşı vahid platforma yaratmaq niyyətindədirlərsə, biz bunu boykot etməklə düzgün addım atdıq. Bu adamlar özlərini nə hesab edirlər? Dünyanın ağaları? Cənubi Qafqazdakı prosesləri nizamlamağı onlara kim tapşırıb?

Bu görüşdən əvvəl elə bir mühit formalaşdırıldı ki, Azərbaycan xalqımıza və dövlətimizə qarşı subyektiv hücumların olduğunu gördü. Şərləmə kampaniyası aparıldı, aparılır, dövlətimizi hörmətdən salma istəkləri mövcuddur. Belə bir atmosferdə ora getmək Azərbaycanın indiyədək qazandığı diplomatik uğurlarına ciddi zərbə vura bilərdi. Prezident buna dərhal reaksiya verdi və bu zərbənin qarşısını aldı.

- Ermənistan Rusiyanın etirazına baxmayaraq, qalmaqallı Roma Statutunu ratifikasiya etdi. İki ölkə arasındakı münasibətlər bundan sonra hansı məcrada davam edə bilər?

- Bu, Rusiyanın imici üçün ziyanlı addımdır. Bu dəqiqə Moskvanın müxtəlif dairələrində Ermənistana qarşı kin-kudurət dolub-daşır. Yəqin ki, Putinin özü də Paşinyana qarşı intiqam hissini gizlədə bilməyəcək.

Zənnimcə, Rusiya-Ermənistan münasibətləri sağalmaz yara alıb. Müxtəlif media qurumları və siyasilər bu məsələni nə qədər yumşaltmağa çalışsalar da, baş verənlərin mahiyyətini gizlətmək mümkün olmayacaq. Çünki Ermənistanın Rusiyadan uzaqlaşması labüd prosesə çevrilib.

Ermənistanın NATO və Avropa Birliyinə yönəldiyi aşkar formada görünür. Üstəgəl, Ermənistan və Baş nazir Nikol Paşinyanın Rusiyaya mənfi münasibətdə olduğu da aşkar faktdır.

Birmənalı şəkildə deyə bilərik ki, Rusiya-Ermənistan münasibətlərindəki mənfi çalarlar dönməz xarakter alıb. Bu çalarları gizlətmək və ya hansısa ifadələrlə ört-basdır etmək mümkün olmayacaq. Nikol Paşinyan nə qədər hakimiyyətdə olacaqsa və qərbpərəst siyasətini davam etdirəcəksə, Rusiya ilə münasibətlərdəki yaralar sağalmayacaq.

Hələ qarşıda yeni sürprizlər var. Söhbət Rusiyanın Ermənistandakı hərbi bazalarının çıxarılmasından gedir. Bu da yaxınlarda baş verə bilər. Bu da o deməkdir ki, Ermənistan Rusiya ilə bütün körpüləri yandıraraq, Qərbə doğru gedir.

- Rusiya xarici işlər naziri Sergey Lavrov deyir ki, Ermənistan Rusiya və KTMT-dən uzaqlaşıb, öz təhlükəsizliyi üçün yeni tərəfdaşlara yönəlsə, bu, Ermənistanın suveren seçimi olacaq. Yəni Rusiya Ermənistandan belə asanlıqla geri çəkiləcək?

- Belə görünür ki, asanlıqla geri çəkilməyəcək, təhdidlər var. Bundan başqa, Ermənistanda hakimiyyət çevrilişinə cəhdlərin olduğu sezilir. Əlbəttə, bu, dövlətin suveren seçimidir, amma bir şey də var ki, Rusiya onilliklər boyu erməniləri bəsləyib, onlara lazım olan hər şeyi verib. İndiyədək Rusiyadan Ermənistana verilən pulsuz silahların həcmi 9 milyard dollara yaxındır.

Bir sözlə, iki ölkə arasındakı münasibətlər kifayət qədər mürəkkəbdir. Açıq olmasa da, üstüörtülü təhdidlər davam edir. Hətta Rusiyadan ən müxtəlif səviyyələrdə Ermənistanın cəzalandırılmasının zəruriliyi dilə gətirilir.

- Fransa Ermənistanı silahlandırmağa hazırlaşır, bu məqsədlə Parisdən İrəvana hərbi texnikalar göndəriləcək. Ermənistan Fransanın nəyinə lazımdır?

- Fransa özünün strateji maraqları ilə hərəkət etmir. Fransa bu məsələdə sırf xristian təəssübkeşliyindən çıxış edir. Fransa Ermənistana bir xristian missioneri kimi yaxınlaşır. Fransa Avropa ölkələri içində özünün qəribəliyi ilə seçilir. Türkofobiya və islamofobiya Fransanın dövlət siyasətinə əsas yerlərdən birini tutur. Bu baxımdan, Fransanın hərəkətləri ürək bulandırır.

Fransa Ermənistanı silahlandırmaq, BMT vasitəsilə Qarabağdan çıxmış erməniləri yenidən geri qaytarmaq, qayıtmayanlar üçün isə Azərbaycandan pul qoparmaq niyyətindədir. Məqsədlərinə çatmaq üçün erməniləri təhrik edir. Hesab edirəm ki, bu, perspektivsiz cəhdlərdir. Fransa Ermənistanı nə qədər silahlandırsa da, regionda öz təsir dairəsini genişləndirməyə çalışsa da, bölgədəki qüvvələr nisbəti Türkiyə və Azərbaycan xeyrinədir. Bir sözlə, Fransanın Azərbaycana qarşı bütün məkrli niyyətləri uğursuzluğa düçar olacaq.

- BMT-nin Qarabağa göndərdiyi missiya ABŞ-ı “qane” etmədi. Vaşinqton beynəlxalq müşahidəçilərin Qarabağa daxil olmasından israr edir. Bu məsələni son açıqlamasında Avropa Şurasının prezidenti Şarl Mişel də gündəmə gətirdi. Üstəgəl, Qərbdə Rusiya sülhməramlılarının bölgədəki varlığına etirazlar artır. Sizcə, Qərbin beyin mərkəzlərinin düşüncəsində Qarabağla bağlı hansı planlar var?

- İndi Qərbdə iddia edənlər var ki, guya “etnik təmizləmə” olub. Amma BMT-nin nümayəndələrini göndərdilər, öz gözləri ilə gördülər ki, bir mülki obyektə bir güllə belə atılmayıb. Bir insanın burnunun qanadığına dair fakt tapa bilmədilər. Gördülər ki, indiyədək “öz müqəddəratlarını təyin etmək” istəyən insanlar öz müqəddəratlarını təyin edərək, öz xoşları ilə ərazimizdən gediblər. Bu gün Azərbaycanı nədəsə təqsirləndirmək mümkünsüzdür. Əgər silahlı separatçıların zərərsizləşdirilməsini “günah”a çevirib, üzərimizə yapışdırmağa çalışacaqlarsa, bu alınmayacaq. Bu, Azərbaycanın öz ərazilərində suverenliyini təmin etməsinin bir yoludur. Bu da beynəlxalq hüquqda nəzərdə tutulub. Azərbaycan beynəlxalq hüququn bir müddəasını belə pozmayıb. İndi kimlərsə barmaqlarından sovurub nəsə çıxarmaq istəsələr, baş tutmayacaq.

Əsl etnik təmizləmə və soyqırımı ermənilər ərazilərimizi işğal edəndə həyata keçirilib. Xocalıda, Meşəlidə, Qaradağlıda, Bağanıs Ayrımda soyqırımı törədiblər. Bunları sübut edən canlı şahidlər və təkzibedilməz faktlar var. O zaman dünyanın vicdanı zərər qədər də ağrımadı. Terrorçular Kəlbəcərdən çıxmaları üçün cəmi iki saat vaxt vermişdilər. Bunun üçün heç bir nəqliyyat vasitəsi ayrılmamışdı. Qarlı, çovğunlu havada dağları, təpələri aşarkən nə qədər uşaq, qadın, qoca həlak oldu. O zaman onların yardım əlini uzatdıqlarını görmədik. Halbuki çağırışlar etmişik. Biz isə indi gedən ermənilərə toxunmuruq, hətta getməməyə, qalmağa çağırırıq. Biz bundan artıq nə edə bilərik?

İnnən belə Azərbaycana yapışacaq heç bir iddianı qaldırmaq mümkün deyil. Qaldırılsa belə, bu, subyektiv mülahizələrdən, xristian təəssübkeşliyi və türkofobiyadan başqa bir şey olmayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.