Arayikin Öcalanla, İmralının Qobustanla BƏNZƏRLİYİ – Səxavət Məmməd yazır

5-10-2023, 07:05           
Arayikin Öcalanla, İmralının Qobustanla BƏNZƏRLİYİ –
Azərbaycan keçirdiyi antiterror əməliyyatı nəticəsində ərazilərini işğalçılardan təmizlədiyi kimi, bunun ardınca başlatdığı tədbirlər sayəsində separatçı rejimin sabiq rəhbərlərini bir-bir “təmizləməkdədir”.

Ermənilər xislətlərinə sadiq qalaraq, Azərbaycanın gerçəkləşdirdiyi bu tədbirləri “etnik təmizləmə” adlandırırlar. Düzdür, Azərbaycan təmizlik işləri aparır, ancaq bunun adı etnik yox, separatizmdən təmizlikdir. Azərbaycan bu çərçivədə Ruben Vardanyan, David Babayan, Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan və bəşəri cinayət törətmiş separatçıları artıq həbs edib.

Bu şəxslərin bəziləri siyasətçi kimi görünsə və təqdim edilsə də, əslində, onların hər birinin bioqrafiyasında “hərbi bölmə” var. Ona görə də, siyasətə hərbdən “transfer” olan o adamların həbsi gözlənilən idi.

Xüsusilə, separatçı rejimin keçmiş başçılarının həbsi ərəfəsində xeyli manipulyasiyanın şahidi olduq. İddia edildi ki, guya onlar Ermənistna keçiblər, yaxud da onların həbs olmaması üçün danışıqlar aparılır. Ancaq rəsmi Bakı bu dezinformasiyalara məhəl qoymayaraq işini davam etdirdi.

Ümumiyyətlə, 44 günlük müharibə zamanı və ondan sonrakı dövrlərə aid diqqət çəkən bir məqam var. Rəsmi Bakı rəqəmlərə və tarixlərə çox önəm verir. Bu barədə çox sayda misal çəkmək olar. Arayikin həbs edilərək Bakıya gətirilməsi Gəncəyə endirilən raket zərbəsi ilə eyni günə düşdü.

Başqa diqqət çəkən məqam isə Ermənistanla Rusiya arasında gərginliyin hər gün artması fonunda bu addım ermənilərə növbəti zərbə sayıla bilər. Sabiq üç “rəhbər”in həbsi də bu qəbildən sayılmalıdır. Şişirtmədən deyilməlidir ki, Arayikin həbsi keçirilən hərbi əməliyyatlar qədər önəmli hadisədir. Açığı, baş verənlərin fonunda Arayikin Azərbaycanın əlinə sağ keçəcəyini düşünmürdüm.

Çünki o qədər sirrlərə malik olan birinin Azərbaycanın əlinə keçməsinə nəinki Ermənistanın, elə Rusiya və Fransanın susqun qalması gözlənilən deyildi. Ancaq Rusiya ilə Azərbaycanın uzlaşması, maraqlarının bu dərəcədə üst-üstə düşməsi “olmaz” dediyimiz çox şeyi “oldurdu”.

İnsanları bəzi suallar düşündürür. Məsələn, indiki situasiyada Arayikə görə Azərbaycana hansısa təzyiqlər ola bilər? Olsa, Azərbaycan necə davranacaq? Çünki Bakıya qarşı təzyiqlər onsuz da həddindən artıq çoxdur.

Eyniləşdirmə nə qədər doğrudur, bilmirəm. Ancaq Türkiyə terrorçu PKK-nın lideri Abdullah Öcalanı həbs edəndə də analoji təzyiqlərə məruz qalmışdı. Lakin təzyiqlərə baxmayaraq, Öcalan 24 ildir ki, İmralıda saxlanılır. Arayik və digərlərini də eynilə Öcalanın taleyi gözləyir.

Ehtimal ki, Arayik və sələfləri öz həyatlarını Qobustanda başa vuracaqlar. Bu məsələnin yeganə “riskli” tərəfi Qobustanın tarixi ərazi olmasıdır. Yəni orada saxlanılacaq ermənilərin Qobustanı da “qədim erməni məskəni” adlandırmamaları mümkünsüdür…

“Erməni xəstəliyi” özünün hansısa formada təzahür etdirməlidir axı… \\Yenicag.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.