Müharibə 3 ildir bitib, amma...

5-10-2023, 08:34           
Müharibə 3 ildir bitib, amma...
Qazax rayon, Daş Salahlı kənd sakini, Vətən müharibəsi veteranı Vəliyev Orxan Oktay oğlu ona “Müharibə veteranı” adının və vəsiqəsinin hələ də verilməməsindən şikayətçidir. O.Vəliyev AYNA-ya göndərdiyi şikayət məktubunda bildirib ki, Vətən müharibəsinin ilk günündən cəbhəyə yollananlardandır.

“2020-ci ilin sentyabrında, İkinci Qarabağ müharibəsinin ilk günlərindən Vətənin müdafiəsi üçün döyüşlərə atıldım. Döyüşlərdə aktiv iştirak etmişəm. Murovdağ istiqamətində xidmət etdim, ərazilərimizin azadlığı uğrunda şərəflə xidmət göstərdim. Qələbə ilə bitən müharibədən sonra da xidmətim davam etdi, ta ki, 2020-ci ilin dekabrın sonlarınadək... Deməyim odur ki, savaşa ilk gedənlərdən, ən son gələnlərdən biriyəm. Şükür Allaha ki, 30 ildir işğalda olan Azərpaycan torpaqları azad edildi. Böyük zəfərin qazanılmasında pay sahibi olduğum üçün qürurluyam. Amma bu qüruru yaşamaqla yanaşı, haqqımın tapdanması məni incidir”, - deyə veteran şikayətində vurğulayıb.

Onun şikayəti isə üç ilə yaxındır ki, haqqı olan “Müharibə veteranı” adını və vəsiqəsini və ona verilmiş medalı ala bilməməsidir: “O aidiyyəti dövlət orqanı qalmayıb ki, müraciət etməyim. Hərbi biletimdə hansı hərbi hissənin tərkibində xidmət etdiyim, döyüşdüyüm barədə məlumatlar var, təsdiqlənib. “Kəlbəcərin azad olunması” medalı üçün hərbi hissədən mənim də adım siyahıda göndərilmişdi. Amma hələ də medaldan bir xəbər yoxdur. Eyni zamanda, “Müharibə veteranı” adımı, vəsiqəmi hələ də vermirlər. Qazax Rayon İcra Hakimiyyətinin müvafiq şöbəsinə müraciət etdim, dedilər ki, bu məsələyə onlar baxmır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət et. Nazirliyə müraciət edirəm, deyirlər ki, bu işə Nazirlər Kabineti baxır, ora müraciət et. Nazirlər Kabinetinə onlayn yazdığım məktublara cavab verilmir. Bir sözlə, haqqım olanı almaq üçün qalmışam dövlət qurumlarının qapılarında. İndi mən bilmək istəyirəm ki, niyə üç ilə yaxındır ki, mənim “Müharibə veteranı” adımı, vəsiqəmi və medalımı vermirlər?. Qismət elə gətirib ki, şəhidlik zirvəsinə ucala bilmədim. Gərək şəhid olaydım, qazi olaydım ki, diqqət göstəriləydi? Mən müharibə veteranıyam, bu adımın verilməsini istəyirəm”.

“Buradan cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş nazir Əli Əsədova, müdafiə naziri Zakir Həsənova, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə və digər səlahiyyətli şəxslərə müraciət edirəm, mənim problemimin həllində yardımçı olsunlar”, - deyə veteran fikrini tamamlayıb.

O.Vəliyev müharibə iştirakçısı olduğunu sübut etmək üçün Vətən müharibəsi zamanı çəkdirdiyi bir neçə fotonu da şikayət məktubuna əlavə edib.

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı AYNA-nın sorğusuna beş gündür ki, nə Müdafiə Nazirliyindən, nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, nə də ki, Nazirlər Kabinetindən cavab verilib. Məsələni diqqətdə saxlayacağıq,

Qeyd edək ki, Birinci Qarabağ müharibəsindən sonra Azərbaycanda veteran statusu ilə bağlı narazılıq və şikayətlər olub. İllərdir ki, müharibədə iştirak edib, müxtəlif bədən xəsarəti alan onlarla döyüşçü hələ də “Müharibə veteranı” statusu ala bilməməkdən şikayətlənirlər.

İkinci Qarabağ müharibəsindən sonra problem yenidən gündəmə gəlib. “Veteranlar haqqında” Qanunda göstərilir ki, 1994-cü il mayın 12-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edən bütün iştirakçılar və 1994-cü il 12 may tarixindən sonra döyüş ərazisində hərbi xidmət keçərkən, yaxud döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular müharibə veteranı hesab edilirlər.

Prezident İlham Əliyev 2021-ci ildə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncamda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi qeyd olunub.

Bundan başqa, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi də nəzərdə tutulub.

Qərar 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minib. Veteranlıq statusunu alanlara 80 manat müavinət verilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.