Azərbaycanda yeni nazirlik yaradılır?

5-10-2023, 10:54           
Azərbaycanda yeni nazirlik yaradılır?
Azərbaycanda yeni nazirlik yaradılacağı ilə bağlı məlumatlar dolaşır.

Bizim.Media-ya bu barədə məlumat verən mənbənin sözlərinə görə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və bu qurumun nəzdində fəaliyyət göstərən TƏBİB vahid ad altında birləşərək, Səhiyyə və Sığorta Nazirliyinə çevriləcək.

Digər iddialara görə Azərbaycanda Tikinti Nazirliyi yaradılacaq. Əslində millət vəkili Zahid Oruc da Milli Məclisin beş komitəsinin və hökumət üzvlərinin iştirakı ilə 2015-ci il dövlət büdcəsi ilə bağlı aparılan müzakirələr zamanı belə bir nazirliyin yaradılması təklifi ilə çıxış etmişdi.

Deputatın fikrincə, hər nazirliyin tərkinində tikinti qurumu olmaqdansa, tender üzrə xüsusi bir qurum, ya da ayrıca Tikinti Nazirliyi yaradılsın. Eyni zamanda dövlət bunun şərtlərini müəyyən etsin.

Başqa bir iddiaya görə, yeni yaradılacaq nazirliyin rəhbəri qadın olacaq və istiqamət fəaliyyəti sosial problemlərin həllinə yönələcək. Hətta sosial yönümlü bir neçə nazirlik və qurumların yeni yaradılacaq nazirliyə birləşdiriləcəyi də bildirilir.

Maraqlısı budur ki, millət vəkili Fazil Mustafa da problemlərin həlli ilə bağlı yeni nazirliyin yaradılması təklifini irəli sürür.

Bu barədə Bizim.Media-ya açıqlamasında deputat bildirib ki, yeni nazirliyin yaradılması məsələsi mümkündür:

"Təbii ki, bu, hökumətin vəzifəsinə aid olan məsələdir. Onların səlahiyyəti var ki, zərurət olduğu halda bu istiqamətdə addımlar atılsın. Mənim isə təklifim ondan ibarətdir ki, Azərbaycanda problemlərin həlli nazirliyi yaradılmalıdır. 100 nazirliyə ehtiyac yoxdur. Problemləri həll etmək lazımdır.

Çünki biri o birinin üzərinə atır və problemlər həll edilməmiş qalır. Sonda isə məhkəmə hakimiyyəti tərəfindən də problemin həllinə şahid olmayanda, icrasının çətinliyi ortalığa çıxanda anlayırsan ki, əsas məsələ vətəndaşın problemini həll etməkdir.

Bizdə məhz problemlərin həlli üzrə nazirlik lazımdır. Hansı ki, o biri nazirliklərin həll edə bilmədiyi problemləri aidiyyəti nazirlik yoluna qoysun. Bəlkə, bu məsələdə bir qədər sarkazm da var.

Amma başqa yolumuz yoxdur. Həqiqətən də çox böyük sıxıntı var və insanlar öz problemlərini həll edə bilmirlər. Səbəb də odur ki, bir qurum digərinə problemi ötürür. Vətəndaş isə yalnız məhkəmə ümidi ilə yola çıxır. Bəzən arzuladığı qərarı ala bilmir. Yaxud da qərar qəbul olunur, amma icrasına nail ola bilmir. Bu isə problemlərin daha da şişməsinə gətirib çıxarır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.