İki zərərçəkən jurnalistə qarşı hədə-qorxu ilə pul tələb etmə ittihamını alt-üst etdi
5-10-2023, 20:40
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində jurnalist Cəmil Məmmədli barəsindəki cinayət işi ilə üzrə növbəti məhkəmə iclası keiçirlib.
Qaynarinfo xəbər verir ki, Fəhmin Hümbətovun sədrliyi ilə baş tutan prosesdə iş üzrə zərərçəkən qismində tanınan Ağasalam Ağayev, Cavid Balaqadaşov, Aygün Abbasova və oğlu Coşqun ifadə verib.
Ağasalam Ağayev ifadəsində bildirib ki, Cəmil Məmmədli ondan pul tələb etməyib. Zərərçəkənin sözlərinə görə, ondan pul tələb edən Dəyanət Məmmədov adlı şəxs olub: "Yeni Azərbaycan Partiyasının Xaçmaz təşkilatının sədri Nazim Ağayev mənə zəng vuraraq bildirdi ki, bir jurnalist kürəkənin haqqında neqativ tonda yazı hazırlayır. Mən də cavabımda dedim ki, buyurub ofisə gəlsin, görüm nə məsələdir. Ofisə gələndə gördüm Cəmil Məmmədli bir nəfərlə gəlir. Cəmil məni həmin şəxsə göstərib dedi ki, Məhəmmədin, yəni kürəkənimin, qaynatası bu şəxsdir. Bunu deyib getdi. Məlum oldu ki, mənimlə görüşmək istəyən şəxsin adı Dəyanət Məmmədovdur. O özünü mənə jurnalist kimi təqdim etdi və bildirdi ki, kürəkənin yol təmirində qanunsuzluğa yol verib, bu barədə yazı hazırlayıram. Yazının yazılmaması üçün məndən 200 manat pul istədi. Dedim ki, mən 80 manat verə bilərəm. O da razılaşdı. Elə ofisdə ona 30 manat verib, yerdə qalan 50 manatı da sabah verəcəyimi dedim. Həmin vaxt Cəmil Məmmədli orada olmayıb. Dəyanət Babayev həmin günün səhəri yenə gəldi və ona 50 manat da verdim".
Dövlət ittihamçısı zərərçəkənə Dəyanət Məmmədovun həmin pulu Cəmil Məmmədli ilə bölməsi barədə məlumatlı olub-olmadığını soruşub. O isə bildirib ki, bu barədə heç bir məlumatı yoxdur.
Daha sonra məlum olub ki, Ağasalam Ağayevin istintaqa verdiyi ifadə ilə məhkəmədə söylədikləri ziddiyyət təşil edir. O, istintaqa ifadəsində həmin pulun Cəmil Məmmədli ilə bölündüyünü deyib və jurnalistin məsuliyyətə cəlb olunmasını xahiş edib.
Ağasalam Ağayev isə deyib ki, o istintaqa belə ifadə verməyib: "Mən elə ifadə verməmişəm. Çünki Cəmil məndən pul istəməyib, pulu Dəyanətə verəndə orada olmayıb".
Daha sonra Cəmil Məmmədli bildirib ki, yaşadığı ev Ağasalam Ağayevin ofisinin yaxınlığında yerləşir. O evə gedərkən Dəyanət Məımmədov da Ağasalam Ağayevin ofisinə gedirmiş. "Ofisi evimin yaxınlığında yerləşdiyinə görə təbii ki, orada Ağasalam Ağayevlə rastlaşdıq və mən Dəyanətə bildirdim ki, Məhəmmədin qayınatası bu kişidir. Bunu deyib çıxıb getmişəm. Ofisdə nə baş verib məlumatım olmayıb".
Zərərçəkən də Cəmil Məmmədlinin dediklərini təsdiqləyərək, onunla bağlı hər hansı şikayətinin olmadığını bildirib.
Cavid Balaqadaşov da təxminən eyni məzmunlu ifadə verib. O deyib ki, atası haqqında sosial şəbəkədə neqativ məlumat yerləşdirilib. O, bu məlumatı kimin yazdığını öyrənmək məqsədi ilə Cəmil Məmmədliyə zəng vurub: "Cəmili uzun illərdir tanıyıram. Aramızda dostluq münasibətləri var. Həm də bilirəm ki, jurnalistdir. Bu baxımdan, ona zəng vurdum. Açığı əvvəl elə bildim ki, Cəmil zarafatla belə bir şey edib. Amma o and-aman etdi, yayılan məlumatdan xəbərsiz olduğunu bildirdi və dedi ki, mənə kömək kimi məlumatın kim tərəfindən yazılmasını öyrənə bilər. 10-15 dəqiqədən sonra Cəmil zəng vurdu ki, məlumatı Dəyanət yazıb. Biz Dəyanətlə görüşdük. O səhv elədiyini dedi. Biz onunla bu məsələ barədə danışarkən Cəmilə zəng gəldi və o getdi. Bundan sonra Dəyanət maddi vəziyyətinin ağır olduğunu, maşınını təmirə verdiyi, amma pulu olmadığını dedi. Mən də kömək kimi ona 100 manat verdim. Yəni, bu pulu ona məlumatı silmək üçün verməmişəm”.
Cavid Balaqadaşov ifadəsinə davam edərək bildirib ki, sonradan ifadəsinin dəyişdirilməsindən xəbər tutub. "Müstəntiqə zəng vurub dedim ki, axı mən elə sözlər deməmişəm və yenidən ifadə verdim”, deyən zərərçəkən Cəmil Məmmədlidən heç bir şikayətinin olmadığını vurğulayıb. O, növbəti proseslərdə iştirak etmədiyini deyərək məhkəməyə barışıq ərizəsi yazıb.
Zərərçəkənlər Aygün Abbasova və oğlu Coşqun isə ifadələrində bildirib ki, 15 dekabr 2022-ci ildə xəstəxanaya gedərkən VAZ 2107 markalı avtomobili ötüblər. Həmin avtomobilin sürücüsü Anar Abizadə onların avtomobilini saxlatdıraraq oğlu ilə mübahisə edib. "Oğlumu hədələdi, təhqir etdi. Mən nə qədər xahiş etdimsə, mümkün olmadı. Daha sonra Vüsal adlı şəxs oğlumu qollarını tutdu, Cəmil isə onu vurdu. Cəmil həmin vaxt mənə də zərbə endirdi”, deyə Aygün Abbasova qeyd edib.
Cəmil Məmmədli isə bildirib ki, ona qarşı irəli sürülən ittihamlardan yalnız bu ittihamla qismən razıdır və ona görə də zərərçəkənlərə heç bir sualı yoxdur.
Daha sonra hadisənin videogörüntüsü yayımlanıb.
Proses noyabrın 2-nə təxirə salınıb.
Xatırladaq ki, jurnalist Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.
Jurnalist ittihamların qondarma olduğunu bildirir.
Seyid